U-16 Liqasında fevralın 6-da «Sumqayıt» - «Zirə» matçı ilə start götürən 17-ci tura dünən keçirilən 6 oyunla yekun vuruldu. Turun nəticəsi maraqla gözlənilən qarşılaşması əlbəttə «Şəfa»da oynanılan «Keşlə» - «Qəbələ» matçı idi. Qonaqların qələbəsi ilə başa çatan qarşılaşma haqqında bir qədər sonra ətraflı məlumat verəcəyik. İndi isə…
«Sumqayıt» - «Zirə» 0:1
Qol: Mahmud Ağayev, 70
«Zirə» oyunun favoriti sayılırdı. Buna turnir cədvəlinə nəzər salsaq da, görmək olar. Amma statistika çox vaxt aldadıcı xarakter daşıyır. Bu oyuna da eyni sözləri aid etmək olar. Hər 2 komandanın baxımlı futbol sərgilədiyi görüşdə cəmi 1 qol qeydə alındı. Halbuki komandalar əllərinə düşən fürsətlərin heç olmasa yarısını qola çevirə bilsəydilər, oyunda azı 4-5 qol görmək mümkün idi. Küləkli havada keçirilən oyunda yeganə qol matçın başa çatmasına 10 dəqiqə qalmış vuruldu. Mahmud Ağayev künc zərbəsindən qaldırılan topu başla qapıdan keçirərək komandasına qələbə qazandırdı.
Bu qələbədən sonra «Zirə» 3-cü pillədəki «Keşlə» ilə xal fərqini 2-ə endirdi. 18-ci turda «Zirə»nin «Keşlə»ni qəbul edəcəyini nəzərə alsaq, qarşılaşmanın nə dərəcədə əhəmiyyətli olduğunu deməyə söz yoxdur.
Oyunun yaxşılarına gəlincə, «Sumqayıt»dan müdafiəçi Sərvin İsmayılovla qapıçı Pünhan Canlarov, «Zirə»dən isə Elnur Mirzəyev, Vüsal Əliyev və Mahmud Ağayev komandalarının ən yaxşıları idi.
«Turan Tovuz» - «Neftçi» 0:7
Qollar: Tural Axverdiyev, 9; Yaşar Əhmədov, 29; Nihat Şirinov, 32, 51; Kənan Tağızadə, 37; Cavanşir Şahbazlı, 62; Rəvan Nağıyev, 74
Rəqiblərin səviyyə fərqi öz sözünü hesabda dedi. «Neftçi» «Turan Tovuz»u bütün komponentlərdə üstələdi. Komanda sanki məşqə çıxırmış kimi meydan sahiblərini 7 qolla cəzalandırdı. Üstəlik, yenə də qapısını toxunulmaz saxlamağı bacardı. Mirbağır İsayevin komandası 17 turda qapısından cəmi 8 qol buraxıb ki, bu nəticəni də əla hesab etmək olar. Bir sözlə, «Neftçi» nağılı» davam edir.
«Sabah» - İsgəndər Cavadov BFA 3:0
Qollar: Həsən Seyfullayev, 9; Kamil Musayev. 34; Bəhruz Tanrıverdiyev, 79
Düzü, bu oyunda hesabın 3:0 olması özü bir sensasiya idi. «Qəbələ» ilə 1-2-ci yerləri bölüşən «Sabah»ın İsgəndər Cavadov BFA-nı daha böyük hesabla məğlub edəcəyini gözləmək olardı. Amma İlqar Mənsimovun yetirmələri «qəddar» olmadılar. Ya da gücləri 3 qola çatdı. Yeri gəlmişkən, «Sabah»ı bu oyuna İlqar Mənsimov deyil, «2004»lərin baş məşqçisi Namiq Allahverdiyev çıxarmışdı.
Oyunda hesab erkən açıldı. Artıq, 9-cu dəqiqədə Firəddin Abdullayevin ötürməsindən sonra Həsən Seyfullayev fərqləndi. 34-cü dəqiqədə vurulan qol birinci qolun oxşarı idi. Sadəcə, bu dəfə fərqlənən Kamil Musayev oldu. Oyunboyu ərazi üstünlüyünə malik olan və xeyli qol epizodunu sağa-sola xərcləyən «Sabah» bir daha matçın başa çatmasına 1 dəqiqə qalmış qol sevinci yaşadı. Bəhruz Tanrıverdiyev oyunda «nöqtə»ni qoydu. Amma bu o demək deyildi ki, qonaqlar boş dayanmışdılar. Onların da qol vurmaq üçün bir neçə imkanı var idi. Xüsusilə Xəzər Ağalızadə və Məhəmməd Nəcəfov əllərinə düşən real qol epizodlarından yararlansaydılar…
Oyunun yaxşılarına gəlincə, Namiq Allahverdiyev qonaqlardan İbrahim Məmmədov və Məmməd Məmmədovun, İsgəndər Cavadov BFA-nın baş məşqçisi Qəhrəman Əliyev isə «Sabah»dan Bəhruz Tanrıverdiyev və qapıçı Hunus Hüseynovun adını çəkdi.
«Səbail» - «Viləş» 3:1
Qollar: Arif Məmmədov, 39, 75; Rauf Ağasənov, 46 – Bəhmən İbadov, 80+3 (pen.)
«Səbail»in diqtəsi ilə keçən oyunun ilk yarısında bərabər mübarizə getdi. Hər 2 komandanın qol vurmaq şansı var idi. Ələlxüsus da «Viləş»dən Orxan Quliyevin 2 epizodda 100 faizli qol şansını boşa verməsi Masallı təmsilçisinə baha başa gəldi. Hər halda 1-ci hissə qolsuz yekunlaşmadı. «Səbail»in «qol silahlarından» Arif Məmmədov komandasını fasiləyə hesabda öndə apardı.
Fasilədən sonra isə böyük ölçüdə ərazi üstünlüyünə malik olan meydan sahibləri bir daha digər qoleador Rauf Ağasənovla hesabı 2:0-a çatdırdılar. Bundan sonra «Viləş»dən Şahin Cavadovun zərbəsi dirəkdən döndü. «Səbail» matçın başa çatmasına 5 dəqiqə qalmış Arif Məmmədovla daha bir qol vurduqdan sonra xeyli rahatladı. Komanda yalnız hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə «boşaldı». Samir Əliyevin cinah ötürməsindən sonra top «Səbail»in futbolçusunun əlinə dəydi və penalti… Bəhmən İbadov Emil Hüseynovla mübarizədə «Viləş»i «suxoy»dan çıxardı.
«Səbail»in məşqçisi Yaşar Abuzərov qonaqların heyətində ən çox Ramiz Qasımovun oyununu bəyəndiyini söylədi. Onun həmkarı Kənan Seyfullayev isə Vəliəhd Səmədovla Elməddin Qurbanlının adını çəkdi.
«Qarabağ» - ROİL 9:1
Qollar: Mirmövsüm Caniyev, 26, 31 (pen.), 49; Rəvan Əvəzov, 39; Süleyman Süleymanov, 63, 68, 69; Elnar Əkbərov, 80+2; Bəhram Köçərli, 80+5 – Sehran Abbasov, 13
9:1-lik oyun haqqında nə yazmaq olar ki? «Qarabağ» autsayderi darmadağın etdi. Maraqlı olacaq yeganə məqam matçda ilk qolu ROİL-in qol vurması idi. Ötən tur «Keşlə» ilə oyunda fərqlənən ROİL bu dəfə də qol sevinci yaşamaqla başqa bir ilkə imza atdı – ardıcıl 2 oyunda qol vurmaq ilkinə. İnsaf naminə qeyd edək ki, ROİL ilk qolu buraxana, yəni, hesab bərabərləşənə kimi rəqiblə başa-baş mübarizə apardı. 36-cı dəqiqədə Səyyad Xantəmirovun meydandan qovulması ilə komanda 10 nəfərlə qalmasaydı, kim bilir qalan vaxtda nələr baş verəcəkdi?
«Neftçi» İK İB – Gəncə TİM 2:3
Qollar: İlkin Əliyev, 12; İlqar Kazımov, 33 – Rəşid Zeynalov, 25; Sərxan Rüstəmov, 72; Ümid Səmədov, 80+1
Turun ən dramatik qarşılaşması Lökbatan OİK-nin meydanında baş tutdu. Hesabda 2 dəfə önə keçməsinə baxmayaraq «Neftçi» İK İB yekunda meydanı xalsız tərk edən tərəf oldu.
Bərabər səviyyəli komandaların mübarizəsində hesabı meydan sahibləri açdılar. 12-ci dəqiqədə rəqibi əks-hücumda yaxalayan «Neftçi» İK İB-dən İlkin Əliyev fərqləndi. Bir qədər sonra Rəşid Zeynalov uzaq məsafədən effektli zərbə ilə tarazlığı bərpa etdi. Topun tirə dəyərək qapıdan keçməsi qolu daha baxımlı etdi. Fasiləyə az qalmış Ramin Babayevin yetirmələri yenidən hesabda önə çıxdılar. Bu dəfə İlqar Kazımov Gəncə TİM-nin qapıçısı Elmir Bayramovun inamsız oyunundan maksimum yararlandı.
Fasilədən sonra da meydanda bərabər mübarizə gedirdi. Hər 2 tərəfin qol vurmaq şansaları var idi. Amma həmin şanslardan yalnız qonaqlar istifadə etdilər. Matçın başa çatmasına 8 dəqiqə qalmış Rəşid Zeynalovdan ötürmə alan Sərxan Rüstəmov tarazlığı bərpa etdi. Oyunun heç-heçə başa çatacağı gözlənilən bir vaxtda gəncəlilər qələbə topunu vurdular. Oyuna sonradan qoşulan Röyal Əhmədovun asmasından sonra Ümid Səmədov 3 xalı Gəncəyə «apardı».
Meydan sahiblərinin baş məşqçisi Ramin Babayevin fikrincə, qalib komandanın heyətində Rəşid Zeynalovla Ümid Səmədov, Gəncə TİM-nin baş məşqçisi İlham Səmədovun sözlərinə görə isə meydan sahiblərindən İlqar Kazımovla Fuad Səlimov matçın ən yaxşıları idi.
«Keşlə» - «Qəbələ» 2:4
Qollar: Elşən Məmmədov, 53; Vaqif Həsənov, 76 – Xəyal Səmədov, 5, 12; Mehrac Baxşəliyev, 26, 35
«Qəbələ»nin qalib gələcəyini gözləmək olardı. Amma qonaqların hələ 1-ci hissədə «Keşlə»nin qapısından 4 cavabsız top keçirəcəyini kimsə ağlına belə gətirə bilməzdi. Cümə axşamı «Keşlə» üçün əsl «cümə axşamı» oldu.
«Keşlə» bu oyuna ciddi itkilərlə çıxmışdı. Əsas heyətdən 2 futbolçunun zədə səbəbindən matçı buraxacağı əvvəldən məlum idi. Bu azmış kimi stopper Rəşad Həsənovun da zədələnməsi baş məşqçi Xəyal Mustafayevin planlarını pozdu. Məcburiyyətdən «üçlü» müdafiə ilə oynayan komanda ciddi səhvlərlə yadda qaldı. Amma hesabın faciəvi həddə çatmasında təkcə müdafiə xətti günahkar deyildi.
Oyun qarşılıqlı hücumlarla başladı. Hesab isə 5-ci dəqiqədə açıldı. Xəyal Səmədov küləyin gücünü nəzərə alaraq künc zərbəsindən sonra topu birbaşa qapıya göndərdi. Top «Keşlə»nin qapıçısı Azər Fərmanovun inamsız çıxışından sonra onun başı üzərindən «doqquzluğ»a daxil oldu. Cəmi 7 dəqiqə sonra meydan sahibləri daha bir şok yaşadılar. Yenə künc zərbəsi, yenə Xəyal Səmədovun ifası, yenə Azərin inamsız oyunu və qol.
Buraxılan 2-ci qoldan sonra Azər Cavid Qurbanovla əvəzləndi. Amma Cavid də qapısında 2 qol gördü. Hər 2 halda onu çempionatın bombardirlərindən olan Mehrac Baxşəliyev məyus etdi. Və hər 2 halda bu dəfə müdafiənin kobud səhvi qolların buraxılmasında həlledici rol oynadı. Yeri gəlmişkən, Mehracın qol ötürmələri Taleh Qarayev və Gülağa Əsədovdan gəldi.
«Keşlə»nin 4 qolun əvəzini çıxacağı inandırıcı deyildi. Amma mümkünsüz də görünmürdü. Hələ hesab 0:2 olanda Əbil Əbilov, 0:3 olanda isə Kamal Kazımov real qol şanslarını boşa vermişdilər. Amma 1-ci hissədə fərqlənən 1 tərəf oldu – «Qəbələ».
Fasilədən sonra böyük ölçüdə ərazə üstünlüyünə sahib olan meydan sahibləri çox istəkli görünürdülər və 53-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxdılar. Əbil Əbilovdan ötürmə alan Elşən Məmmədov qapıçı Kamil Nəzərli ilə üz-üzə qaldığı epizodda bir toxunuşla topu qapıdan keçirdi. Daha çox müdafiəyə fikir verən «Qəbələ» bir daha matçın başa çatmasına 4 dəqiqə qalmış qapısında qol gördü. Rəqibin hücumunu qarşılayan Məhəmməd Tağıyev topu ələ keçirib bir qədər irəliləyərək onu Qurban Səfərova ötürdü. Qurban isə öz növbəsində Vaqif Həsənovu Kamillə üz-üzə qoydu. Bu dueldən Vaqif qalib ayrıldı.
Qalan vaxtda təhlüəli həmlələrə rəğmən «Keşlə» qol vura bilmədi və «Qəbələ» çətin rəqiblə oyundan qalib ayrılmağı bacardı. Son 3 oyunda 2 dəfə məğlub olan «Keşlə» çempionluq yarışında ciddi zərbə aldı. Növbəti turda «Zirə» ilə səfər matçında da qələbə olmasa, «Keşlə» çempionluq haqqında indidən düşünməyə bilər.
«Keşlə»nin baş məşqçisi Xəyal Mustafayev rəqibin xeyətində ən yaxşıların Mehrac Baxşəliyevlə qapıçı Kamil Nəzərlinin olduğunu bildirdi. «Qəbələ»nin çalışdırıcısı Xaqani Məmmədov isə meydan sahiblərindən Əbil Əbilov, Seymur Məmmədov, Hüseyn Quliyevin adını çəkdi.
Bombardirlər: Rauf Ağasənov («Səbail»), Mehrac Baxşəliyev («Qəbələ») – 20 qol.
U-16 Liqasında 18-ci turun oyunları fevralın 14-də keçiriləcək: «Zirə» - «Keşlə», «Qəbələ» - «Qarabağ», ROİL – «Turan Tovuz», «Neftçi» - «Səbail», «Viləş» - «Sabah», İsgəndər Cavadov BFA – «Neftçi» İK İB, Gəncə TİM – «Sumqayıt».
«Het-trik news» qəzeti
saytlarin hazirlanmasi