Həftəsonu U-15 Liqasında 16-cı turun oyunları keçirildi. Təqvim üzrə nəzərdə tutulan 7 oyundan yalnız biri baş tutmadı. Gəncə TİM – «Səbail» matçı qonaq komandanın Türkiyədə təlim-məşq toplanışında olması üzündən ertələndi.
Uzun müddətdir ki, davam edən üçhakimiyyətliyə 16-cı turda son qoyuldu. Eyni xalla turnir cədvəlinin zirvəsində olan «Sabah», «Qəbələ» və «Neftçi» triosundan adı sonuncu çəkiləni məhz bu tur büdrədi.
İsgəndər Cavadov BFA – «Mil-Muğan» 3:2
«Protokol problemi» U-16 Liqasında olduğu kimi U-15 Liqasında da özünü göstərdi. Bəzi hakimlərinin klub və media nümayəndələrinə oyunların protokolunun surətini götürməyə imkan verməməsi matçlar haqqında təfsilatlı məlumat əldə edə bilməməyimiz ilə nəticələnir. Cümə günü baş tutan İsgəndər Cavadov BFA – «Mil-Muğan» matçı da istisna deyildi.
Autsayderlərin duelində meydan sahibləri qalib gəldilər. Bu, eyni zamanda İsgəncər Cavadof BFA-nın cari birincilikdə ilk qələbəsi idi. Sözügedən komandaların ilk dövrədə İmişlidə keçirilən görüşündə «Mil-Muğan» 4:1 hesabı ilə qalib gəlmişdi. Bakılılar keçən ilki məğlubiyyətin əvəzinə artıqlaması ilə olmasa da, çıxa bildilər. Qazanılan 3 xala rəğmən İsgəndər Cavadov BFA yenə də sonuncu pillədə qərarlaşıb. Komandanın aktivində «Mil-Muğan»la eyni – 4 xal olsa da, şəxsi görüşlərdə qeydə alınan nəticələr, həmçinin, top fərqinə görə 14-cü yerdə qalır.
Bir qədər oyun haqqında. Qarşılışlı hücumlar şəraitində keçən görüşdə hesab 30-cu dəqiqədə açıldı. Rüfət Zamanov komandasının ilk qələbəsinin təməlini qoydu. 3 dəqiqə sonra Rüfətin komanda yoldaşı Fərid İbrahimzadə hesabı 2:0-a çatdırdı. İlk yarı elə bu hesabla başa çatdı.
Fasilədən sonra arxayınlaşan meydan sahibləri qapılarında ard-arda 2 qol gördülər. Təəssüf ki, fərqlənən futbolçuların adlarını öyrənə bilmədik.
Buna baxmayaraq, hücumlarını davam etdirən İsgəndər Cavadov BFA Fərid İbrahimzadənin ifasında qələbə topunu vura bildi. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə Fərid uzaq məsafədən vurduğu zərbə ilə qələbəni gətirən qola imza atdı.
Bu oyunda dubl müəllifi Fərid İbrahimzadəni meydan sahiblərindən, Əli Fətəliyevi isə qonaqlardan matçın ən yaxşısı hesab etmək olardı.
«Neftçi» - «Sabah» 0:1
Qol: Murad Fərəcov, 1
Çempionluğa əsas namizədlərdən olan və 15 tur ərzində hərəyə 39 xal toplayan 3 komandadan ikisi 16-cı turda turda üz-üzə gəlirdi. Bu qarşılaşma eyni zamanda turun mərkəzi oyunu idi. «Neftçi» ilə «Sabah»ın ilk dövrədəki görüşü bərabərliklə başa çatmışdı – 1:1. Bu dəfə isə…
Oyunun taleyini cəmi 1 qol həll etdi. Həmin qol isə matçın lap əvvəlində, daha dəqiq, ilk hücumda vuruldu. Firəddin Abdullayevin cinah ötürməsindən sonra Murad Fərəcəov topa hamıdan tez çatdı və bir toxunuşla onu qapıdan keçirdi. Matçın qalan dəqiqələrində hər iki tərəfin səylərinə baxmayaraq, hesab dəyişmədi və «Sabah» əsas rəqiblərindən birini büdrətməyi bacardı.
«Neftçi»nin baş məşqçisi Eldəniz Məmmədov «Sabah»ın heyətində Firəddin Abdullayevin, onun «Sabah»lı həmkarı Namiq Allahverdiyev isə «Neftçi»dən Fariz Xeyrullayevin oyunun daha çox bəyəndiyini söylədi.
«Qəbələ» - «Zirə» 2:1
Qollar: İxtiyar Məmiyev, 22; Sərxan Mirzəzadə, 66 – Asəf Əliyev, 69 (pen.)
«Quğalı» «Dalğa Arena»da, gözü Qəbələdə olan «Qəbələ» də bu tur çətinliklə qələbə qazandı. Çempionluğa oynayan qəbələliləri qələbə ilə yanaşı «Neftçi» - «Sabah» oyunun nəticəsi də maraqlandırırdı. Həmin oyunda bərabərlik qeydə alınsaydı, «Qəbələ» şəriksiz liderə çevriləcəkdi. Amma məlum olduğu kimi, «Sabah» qalib gəldi və indi «Qəbələ» ilə 1-2-ci yerləri bölüşürlər.
Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçsə də, qonaqlar da xoş təsir bağışladılar. Hesab 22-ci dəqiqədə açıldı. «Qəbələ» nin sol cinahdan qurduğu hucumlardan növbətisi məhsuldar alındı. Sənan Ağalarovun ötürməsindən sonra İxtiyar Məmiyev baxımlı qola imza atdı. Bundan sonra tempi bir qədər artıran «Zirə» Mahmud Ağayev və Orxan Hüseynovla 2 dəfə 100 faizli qol epizodundan yararlana bilmədilər. Meydan sahibləri də təhlükəli hücumlarla yadda qalırdılar. Hətta onların sayı daha çox idi. Amma bütün hallarda qonaqların qapıçısı Kamran İsmayılov keçilməz idi. Ta ki matçın başa çatmasına 4 dəqiqə qalanadək. 66-cı dəqiqədə «Qəbələ» 2-ci qola sevindi. Bu dəfə Sərxan Mirzəzadə fərqləndi. Yeri gəlmişkən, Sənan Ağalarov bu dəfə də məhsuldar ötürmə ilə yadda qaldı. Qonaqlar hakimin final fitinə 1 dəqiqə qalmış buraxılan qollardan birinin əvəzini çıxa bildilər. Mahmud Ağayevə qarşı kobudluğa görə təyin olunan penaltini Asəf Əliyev səhvsiz yerinə yetirdi.
«Qəbələ»nin baş məşqçisi Ülfət Mədətov «Zirə»dən qapıçı Kamran İsmayılovla Mahmud Ağayevin, «Zirə»nin baş məşqçisi Niyazi Rzayev isə «Qəbələ»dən Fuad Əhmədovla Sənan Ağalarovun oyunlarının xüsusilə seçildiyini söylədi.
«Neftçi» İK İB – «Qarabağ» 0:3
Qollar: Cəfər Həsənov, 9; Nəriman Axundzadə, 22; Orxan Şahverdiyev, 26 (avtoqol)
İddialı «Qarabağ» Lökbatan səfərindən 3 xalla dönməyi bacardı. İkinci dövrədə keçirdiyi 3 oyunun hamısında qalib gələn Xəyal Həsənovun komandası hələki qapısını toxunulmaz saxlamağı da bacarır. «Qarabağ» asan rəqiblə mübarizədə matçın taleyini birinci hissədə həll etdi. Cəfər Həsənov və Nəriman Axundzadənin timsalında 2 qol vuran komandaya 3-cü qol meydan saihblərinin özündən hədiyyə gəldi. Orxan Şahverdiyev avtoqol müəllifi oldu.
«Neftçi» İK İB-dən Səid Əlicanov, «Qarabağ»dan ən isə Zeynal Axundzadə bu görüşün ən yaxşıları idi.
«Zaqatala» - «Keşlə» 1:4
Qollar: Aqil Nəzirli, 57 – Əziz Mikayılov, 3; Tural Əmirhüseynov, 22, 70+3; Qurban Səfərov, 67
Oxşar matç Zaqatalada baş tutdu. Çempionatın digər iddialısı «Keşlə» də səfərdən 3 xalla qayıtdı.
«Qarabağ» kimi «Keşlə» də oyunun taleyini böyük ölçüdə birinci 35 dəqiqədə həll etdi. 3-cü dəqiqədə Əziz Mikayılov, 22-ci dəqiqədə isə Tural Əmirhüseynov fasiləyə kimi 2 qol vurdular. Fasilədən sonra bir qədər arxayınlaşan «Keşlə» qapısında qol gördü. «Zaqatala»nın ən yaxşılarından olan Xəyal Əmirovun ötürməsindən sonra Aqil Nəzirli buraxılan qollardan birinin əvəzini çıxdı. Lakin «Zaqatala»nın bundan artığına gücü çatmadı. «Keşlə» matçın sonuna doğru Qurban Səfərov və Turalla daha 2 qol vuraraq çətin Zaqatala səfərindən gülərüzlə qayıtdı.
«Zaqatala»nın baş məşqçisi İslam Şabanov qonaqlardan ən çox «10 nömrə» Hüseyn Quliyevin oyununu bəyəndiyini bildirdi. Onun bakılı həmkarı Nurəddin Məmmədov isə xoş sözləri zaqatalalı Xəyal Əmirov haqqında söylədi.
«Xilə» - «Sumqayıt» 1:1
Bərabər səviyyəli rəqiblərin mübarizəsində bərabərlik qeydə alındı. Bu oyunun da protokolunu əldə etmək müşkülə çevrildi. Öyrəndiyimiz məqamlar bunlardı. «Xilə»nin üstünlüyü ilə keçən qarşılaşmada meydan sahibləri hələ birinci hissədə 5-6 epizodda qola yaxın olublar. Amma qol səsi çıxmayıb. Hər iki qol fasilədən sonra, matçın sonuna doğru vurulub. Hesabı açan tərəf «Xilə»dən olub. 65-ci dəqiqədə Elnur Adıgözəlova qarşı kobudluğa görə təyin olunan penaltini Yaqub Qazıyev dəqiq yerinə yetirib. Matçın başa çatmasına 1 dəqiqə qalmış isə qonaqlar künc zərbəsindən sonra hesabdakı tarazlığı bərpa ediblər.
Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 27 qol, Şahmar Aşurov («Sabah») – 25 qol.
U-15 Liqasında 16-cı turun oyunları fevralın 23-24-də keçiriləcək: «Zirə» - İsgəndər Cavadov BFA, «Mil-Muğan» - «Xilə», «Sumqayıt» - «Neftçi» İK İB, «Qarabağ» - «Zaqatala», «Keşlə» -«Neftçi» PFK, «Sabah» - «Səbail», «Qəbələ» - Gəncə TİM.
«Het-trik news» qəzeti
saytlarin hazirlanmasi