Emin Quliyev: "Klubların çoxunda futbolu düşünən yox idi, qazanmağı fikirləşirdilər" MÜSAHİBƏ

10:47 - 20 Fevral 2019

Milli komandamızın sabiq üzvü və "Rəvan" klubunda baş məşqçi olmuş Emin Quliyev Sportal.az saytına müsahibə verib.

- Neçə müddətdir ki, işsiz qalmısınız?
- İki ildir. Sonuncu dəfə Bakıda fəaliyyət göstərmiş “Mançester Yunayted” məktəbində çalışmışam. Baş məşqçi kimi isə “Rəvan”da işlədim.
 
- “Rəvan”dan ayrıldıqdan sonra niyə işsiz qaldınız? I Divizion klublarından da təklif olmadı?
- Heç bir dəvət olmadı. “Mançester Yunayted” məktəbindən təklif aldım. Bir ilə yaxın işlədim, sonra da bağlandı.
 
- Niyə aşağı liqa klublarından təklif olmadı? Qarşınızı alan var idi?
- Bilmirəm. Qarşımı alan? Özüm də məəttəl qalmışam. Bilmirəm ki, nə məsələdir. Kim məndən yanıqlı qalıb, başqasına nə sözlər çatdırırlar, bilmirəm.
 
- Ötən ilin dekabrında milli komandalarda çalışan yerli məşqçilərlə yollar ayrıldı. Sizcə, AFFA Qurban Qurbanov və onunla birgə gələn məşqçiləri bir il tamam olan kimi göndərməsi nə dərəcədə doğru qərar oldu?
- Qurban Qurbanovun millidə işləməsinə razı idim. AFFA indi belə bir qərar verib. Bu işlərin içində olmadığım üçün xəbərdar deyiləm. Daxildə hansı söhbətlərin getdiyini bilmirik.
 
- AFFA strategiyanı dəyişdi və aşağı yaş qruplarına iki serb mütəxəssis gətirdi. Miloş Velebit U-15 və U-16 millilərini çalışdırmaqla yanaşı, yığmaların koordinatoru olacaq. U-21 millisi isə Milan Obradoviçə həvalə edildi. Bu təyinatlara münasibətiniz necədir?
- Mən hər zaman istəmişəm ki, futbolumuz qabağa getsin, baxanda ürəyimiz ağrımasın. Bura gəliblərsə, nəsə etsinlər, ortaya iş qoysunlar. Gəlib boş yerə 6 ay, 1 il işləyib getməsinlər. İstərdim ki, ağaşağı yaş milliləri düzəlsin.
 
- Bundan əlavə, əsas milli xorvatiyalı Nikola Yurçeviçə həvalə edildi. Sizcə, Yurçeviçin uğurlu təyinat olacaq?
- Bunu indidən demək düz olmaz. Hər şeyi zaman göstərəcək. Nə iş görəcəyi zamanla məlum olacaq. Nəticələr hər şeyi deyəcək. İstərdim ki, faydalı olsun. Gəlibsə, burda yaxşı iş qursun. Millimizin yaxşı olması üçün güclü legionər həyatı yaşayan futbolçularımız olmalıdır. Bizim çempionatımız zəifdir. 8 komanda var və heç azarkeş də gəlmir. Əvvəlki illərlərlə müqayisə etsək, vəziyyət yaxşı deyil. Futbolçularımız gedib normal klublarda oynasa, milliyə də kömək edə bilərlər. 
 
- Nikola Yurçeviç açıqlamasında bildirdi ki, AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağa çalışacağıq. Bu, real görünür?
- Onsuz da hamı gələndə nəsə deyir də. Ancaq ortalığda bir şey yoxdur. Təki belə olsun. Kim istəməz ki? Bunu işlə göstərmək lazımdır. Hamı söz verir, ancaq nəsə yoxdur. Vaxt çatanda da çemodanlarını götürüb gedirlər. Əsas material olmalıdır. Lap Joze Mourinyonu gətir, futbolçu olmaydan sonra nə edəcək? Gərək, seçimlərimiz çox olsun. Əvvəlcədən nəsə demək olmaz.
 
- Çempionatın oyunlarını izləyirsiz?
- Hərdən gedib oyunlara baxıram. Həmişə stadiona getmirəm. Çempionatda səviyyə çox aşağı düşüb. Legionerlər əvvəlkilərdən zəifdirlər. Eşitdiyimə görə, heç əcnəbilər Azərbaycana gəlmək də istəmirlər. Baxırlar ki, 8 komanda, tribunalar boş və buna görə də rədd edirlər.
 
- Mütəxəssislər çempionatın səviyyəsinin qalxması üçün futbolun bölgələrə daşınmalı olduğunu bildirirlər.
- Yaxşı fikirdir. 2006-2007-ci illərdə 16-18 komanda var idi və ən azı 6-7 komanda çempionluq üçün yarışırdı. Gərgin mübarizə var gedirdi, matçlara azarkeş gəlirdi. Əvvəlki sponsorlar indi yoxdur. “Xəzər Lənkəran” çempionata rəng qatan komandalardan biri idi. İstərdim ki, “Xəzər Lənkəran” bərpa olsun, adamaın ürəyi ağrıyır. Çempionatımız maraqlı olsun, yaxşı klublarımızın sayı artsın. “Neftçi”, “Qarabağ” və “Qəbələ” əvvəlki vəziyyətdə deyil. İnanaq ki, bundan sonra yaxşı olar. Klubların sayı çox olar, biz sabiq futbolçular da işsiz qalmarıq. Arzum odur ki, futbolda əziyyəti olan oyunçularımızın işi olsun.
 
- Çempionatın rəqabətli vaxtlarında klublarımız avrokuboklarda uğurlu çıxış etmirdilər. Ancaq son illər klublarımız Avropa səhnəsində uğurlar qazandılar.
- O vaxt klub rəsmiləri ancaq çempionatı düşünürdülər. Deyirdilər ki, ölkə çempionatını qazanaq, bu, bizim üçün addır. Avrokubokları düşünən yox idi. Həm də o zaman klubların daxilində işlər düz getmirdi. Sonradan “Qarabağ”da işlər düz yolda getdi və son illər yaxşı nəticə verdilər. “Neftçi”də də bir ara yaxşı işlər təşkil olundu və bir dəfə qrupa düşdülər. “Qəbələ” də düzgün planla hərəkət etdi. 2006-2007-ci illərdə belə düşünən yox idi. O vaxt klublarda hamı çempionatı düşünürdü. Həm də açığı, o zaman klubların çoxunda futbolu düşünən yox idi, başqa şey fikirləşirdilər. Mənafeylərini güdüb, qazanmağı düşünürdülər. Birinci futbolu düşünmək lazım idi ki, bəlkə avrokuboklarda da nəsə olsun. İndi deyirik ki, 16-18 komanda olsun çempionatda. Ancaq elə adamları klublara götürmək lazımdır ki, düzgün iş qura bilsinlər.
 
- Bu gün Azərbaycan Premyer Liqasında hansı komandanın oyunundan zövq alırsınız?
- İndi heç bir komandanın. Ötən il də daxil olmaqla “Qarabağ”ın oyunlarına baxanda adam həzz alırdı. Keçən il olan oyun indi “Qarabağ”da yoxdur. Ötən həftələrdə “Qarabağ” – “Neftçi” matçına tribunadan baxdım. İldən-ilə daha da gedirik.
 
- Sponsorların gəlişi ilə problemlər çözüləcək?
- Yaxşı sponsorlar gəlsə, əlbəttə, düzələcək. “Qarabağ”ın sponsorunu çox bəyənirəm. Bildiyim qədər məşqçinin işinə qarışmırlar. Məşqçinin istəklərini yerinə yetirirlər. Belə sponsorlar çox olsa, yaxşı klublarımız da olacaq.
 
- I Divizionda bu mövsümdən yeni limit qoyuldu. Divizionla əvəzedicilər də biləşdirildi. Bu qərara münasibətiniz necədir?
- Fikrimcə, aşağı liqa ilə əvəzedicilərin birləşdirilməsi yaxşı deyil. Limit qoymaq da düz deyil. Limiti elə əvəzedicilərə qoyardılar da. Futbolsuz qalanlar çox oldu. Buna görə də limit lazım deyil. Bu, şəxsi fikrimdir. Divizionda klubların sayı artmalı idi. Bir az futbolçu seçimi də çox olacaqdı. İndi futbolçular az oynayırlar. Divizionda limitə görə Region Liqasına gedənlər çox oldu. Onlar həvəskar yarışda necə artıracaqlar? Bunları da düşünmək lazım idi.
 
- Növbəti mövsüm Premyer Liqada neçə komanda olsa, maraqlı olar?
- Nə qədər çox olsa, bir o qədər maraqlı olacaq. 14 klub olsa, yaxşı olar. Get-gedə artırmaq lazımdır. Uzun müddət dayaq olacaq sponsorlar olmalıdır.
 
- Sizin dövrünüzdəki milli komanda ilə indiki arasında hansı fərqləri görürsünüz?
- Bizim vaxtımızda şərait belə super deyildi. Yaxşı toplanışlarımız olmurdu. Şəraitli otellərdə qalmırdıq, yeməklərimiz güclü deyildi. Ancaq meydana çıxanda bizdə ürək var idi. Mən özüm vətənpərvər insan idim. Bu bayraq üçün canımı da qoyardım. İndiki futbolçulara baxırsan, şərait də var, toplanış da keçirlər, ancaq oyuna baxırsan keyfiyyət yoxdur. 
 
- Əcnəbilərin milliləşdirilməsinə necə baxırsız?
- Mən buna yaxşı baxmıram. Bundansa, elə öz vətənimizin övladı oynasın. Elə əcnəbi oynayır, uduzur da. Qoy, azərbaycanlılar oynayıb, məğlub olsunlar. Milləşdirib nəsə uğur olacaqsa, başqa məsələ. Ancaq bir faydası yoxdursa, nə üçün milliləşdirilirlər? Öz futbolçularımıza bir az dəstək olmaq daha yaxşı olardı.
 
Mehman Əşrəfov

Xəbər xətti