Azərbaycanın qadınlardan ibarət milli komandamızın üzvü Sevinc Cəfərzadə Sportal.az saytına açıqlama verib.
"Krasnodar"dan ayrılaraq "Yüksekova" klubuna keçmiş Cəfərzadə Türkiyədəki hədəflərindən bəhs edib:
"Səkkiz il idi ki, Rusiya Superliqasında oynayırdım. Son 5 ili “Krasnodar”da oynayırdım. Bu ilin sonunda artıq sözləşməmdə klubumla sona çatacaqdı. Klubumla söhbətlərim olmuşdu, hətta rəhbərlik mənə klub strukturunda işləməyi təklif etdilər. Amma mən futbolçu kimi karyeramı davam etdirmək istədiyimi bildirdim və onlara təşəkkür etdim. Bu təklif məni sevindirmişdi. Çünki mən böyük klubun 5 illik oyunçusu idim ki, bunun da sonunda yenə də dəyərləndirildim. Mən ilin sonunda klubumu dəyişməyi düşünsəm də, keçid indi baş tutdu".
Millimizin vingeri Türkiyə çempionatında yeni olmasına baxmayaraq, komanda üçün tez bir zamanda ən yaxşısını edəcəyinə inandığını bildirib:
"Təkcə təklifim hazırkı komandamdan deyildi. Türkiyə liqasına keçməyi qərar verdim. Sırf bu komandaya keçməyim təklif olunduqdan sonra mənə sərf edən sözləşməyə görədir. Bəzən klubların nə təklif etdiyinə baxıb, qərar verirsən. Təbii ki, burada maddi və mənəvi durumda rol oynayır. Sözün düzü, bu liqada yeniyəm, harada olmağımdan asılı olmayaraq, peşəkar futbolçu kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Yeni planlarım yerə və komandaya görə dəyişmir. Həmişə 100 faiz etməyə can atıram və bunun üçün çalışıram. Bir neçə klubla danışıqlar gedirdi ki, bura keçidim alındı. Gələcək üçün planlarım var. Amma hadisələri qabaqlamaq istəmirəm. Öncə, bu klubda və liqada özümü sübut etməliyəm. Sonra isə daha fərqli təkliflərin məni gözlədiyini düşünürəm. Amma hər şeyi zaman göstəcək. Daha çox öz üzərimdə çalışmalıyam və çalışıram".
Mirbağırağa