"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov

22:56 - 9 Sentyabr 2025

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ikinci matçına çıxıb. D qrupunda yer alan millimiz Ukrayna ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Azərbaycan yığmasının məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

"Belə oyundan sonra danışmaq çətindir. Amma futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki bir gün vaxtımız var idi. Ancaq psixoloji durum, xarakter, mübarizə aparmaq haqda bacardığımızı etməli olduğumuzu dedim. Hesab necə olur olsun, onlara təşəkkür edəcəkdim. Çoxdandır ki, millidə bu ruh görünmürdü. Bəlkə də futbolçular da təzyiq altında idi. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Çətin anda bizə dəstək oldular. Bəlkə o dəstəkdi ki, Elvin Cəfərquliyev yorulmuşdu, dəyişiklik istədi. Amma Xaybullayev zədələndi deyə, onu meydanda saxladıq. Ona olan dəstək, gümrah olduğu vaxtda etmədiyi sprintləri etdi. Sizin də əməyiniz var. Hamımız mübarizə aparırıq. Bəlkə bu istək qazanılan xallar futbolumuza ruh gətirəcək. Rəqib güclü idi. Onlar Fransa səfərindən gəlmişdi. Bunu başa düşürdük. Biz də ağır səfərdən gəlmişdik. Böyükhesablı məğlubiyyətdən sonra psixolji durum var idi. Bəzi dəyişikliklər etdik. Rüstəm və Xaybullayevin gəlişi ruh verdi. Emini təbrik edirəm, istədiyi qolu vurdu. Seviniriksə, gülüş varsa, deməli edə bilərik. Arzu edirəm ki, futbolumuz inkişaf edər".

- Santuşun uzun müddət bərbad günə qoyduğu millidə bir gündə nəyi dəyişdiz?

- Bir gündə çox şeyi dəyişə bilmərik. Vaxtımız da yox idi məşq etməyə. Hadisələr baş verəndə komanda məşq etmişdi. Səhər taktiki məşq etdik. Bir gündə maksimum nəyisə vermək istəyirdiksə, onu da verdik. Rəqibi də təhlil etmək lazım idi. Hamımız birlikdə istədik.

- U-21 yığmamız da heç-heçə oynadı. Bir gözünüz yəqin ki, orda idi? Bir əldə iki qarpız tutmaq mümkün oldu...

- U-21 yığmamıza görə sevinirəm. Portuqaliyada hesab böyük oldu. Danışsaq ki, yaxşı oynadıq, düz olmaz. Amma inanın ki, futbolçular orada gözəl mübarizə apardılar. U-21 yığmamızın inkişafı göz önündədir. Dörd aydır birlikdəyik. Bolqarıstanla görüşün 65-ci dəqiqəyə qədər izləyirdim oyunu. Şahin və Xəyalın U-21 yığmasına gedib kömək etməsi, onların beynəlxalq oyunlarının sayı, təcrübəsi artır. Desəm ki, 2 gündür yatmamışam...Burada Azərbaycan adı varsa, hər bir şeyə dözməliyik. 

- Fransa ilə matç gəlir. Nələri dəyişmək istəyirsiz?

- İndi U-21 yığmasının baş məşqçisiyəm. Bizi gələn ay iki çətin səfər oyunu gözləyir. Fransa haqda danışmağım düz olmazdı. Qərarlar nə olacaq bilmirəm. Mübarizə aparmaq lazımdır. Bilirik ki, Fransa top komandadır. Ukrayna da onlarla yaxşı mübarizə apardı. Görünür ki, oynamaq olar. Öz gücümüzü tapmalıyıq. Biz çox şey istəyirik. Böyük ölkələrlə özümüzü müqayisə edirik. Vaxt lazımdır. Mübarizə aparsaq, hər şey ola bilər. 

- İslandiyaya 0:5 hesablı məğlubiyyəti izləmisiz? Sınmış komandanı belə formalaşdırıb meydana çıxarmaq nə dərəcədə çətindir? Bu komanda ilə nə etmək olar?

- Bazaya girəndə, görünürdü ki, futbolçular məyus idilər. Təcrübəli oyunçularla və ümumi görüşümüz oldu. Bu yöndə hazırlaşdıq. Daha yaxşısını edə bilərik.

- Renat və Mahirin zəif oyunu nə ilə əlaqədardır?

- Mahirlə Renat taktiki baxımından pis oynamadılar. Mahir keçən oyunda meydanda olmuşdu. Renat sonradan daxil olmuşdu. Oyuna baxmadım, epizodlara baxdım. Biz Portuqaliya səfərindəydik. Bolqarıstanı təhlil edirdik. Ani hadisə baş verdi. Futbolçuları da İslandiya oyununa qaytarmaq istəmədik. Mahir, Renat və digər oyunçuların potensialı var.

- Oyundan əvvəl qərar verilmişdi ki, penaltini Emin vursun, yoxsa Toral?

- Toral oyuna sonradan daxil oldu. Penaltini Eminə vermişdik. Toral ona uğurlar arzuladı. Çünki komandada çox istəyirdilər ki, Emin qol vursun. Zarafatla dedilər ki, canımız qutardı, bu qolu vurdu(gülür). Oyunu dəyişmə anı Toralın meydana girməsi oldu. Çox fikirləşdik ki, Toralla yoxsa, Rüstəmlə başlayaq. Toral iki mövqedə oynaya bilir. 

- Anatoli Nuriyevin son dəqiqələrdə qol epizodunu heçə endirməsini nə ilə əlaqələndirirsiz?

- Bu gün bu mübarizədən sonra hansısa futbolçudan incimək olmaz. Qələbə daha möhtəşəm olardı. O epizoda baxsaq, ora necə getdik, necə mübarizə apardıq. 100 faizlik qol epizodu da deyildi. Anatoli də bu gün oyuna girib, oyunumuzu gücləndirənlərdən oldu.

- AFFA rəhbərliyi ilə dünən görüşünüz olub? Müvəqqəti olacaq işiniz, yoxsa necə?

- Oyundan sonra da rəhbərlik təbrik etdi. Görüşümüz oldu. Bir oyunluq kömək edib, bu durumdan çıxmaq..Peşəkar yanaşsaq, kənardan hansısa məşqçinin 1 gündə gəlməsi düzgün olmazdı. U-21 yığması əvəzedici kimi gedir. Federasiya məşqçiləriyik, kömək lazımdırsa, borcumuzdur. Gələcək haqda söhbət etmək tezdir. Zaman göstərər.

- 3 yerdə işləmək çətin deyilki?

- Dünəndən yaxşı mövzuya çevrilib(gülür). Məcburidir. Üç yer olmur. U-21 yığmasının oyununda köməkçilər var idi. Üç yerdə çətindir, iki yer problem deyil.

- Millidə heç vaxt oynamamısız. Hansı hissləri keçirdiz? 

- U-21-də uşaqlarla söhbət edəndə qarşımıza məqsəd qoymuşduq ki, ən yaxşı xalı yığaq. Heç vaxt milliyə dəvət almamışam. Başqa hissdir. 

- Abdulla Xaybullayev debüt etdi. Onun indiyə qədər millidə olmaması sizə təəccüblü idi?

- Bunu çox müzakirə edirdim. Xaybullayev Azərbaycan çempionatında dayaq yarımmüdafiəsində ən yaxşıdır. "Turan Tovuz"da və "Şamaxı"da onu dəvət etmək istəmişdik. Böyük potensialı var.

- Hər zaman deyirdik ki, gah problem futbolçulardadır, gah xarici məşqçilərdə. Sizcə həqiqətən biz xarici məşqçilərlə vaxt itirmişik?

- Bu dəqiqə bu suallara cavab versəm, tam başqa cür başa düşülər. Deyərlər ki, bir xal qazandı, hər şeyi danışır. Bu, başqa mövzudur. Bu suallara başqa vaxtı geniş cavab vermək olar. Əcnəbi məşqçi də lazımdır. Amma əlbəttə ki, yerli məşqçi ilə futbolçulara daha rahat olardı. O demək deyil ki, əcnəbi çalışmamalıdır. Çətin mövzudur. Allah qoysa, ən düzgün qərar verilər.

Mirbağırağa

Xəbər xətti