Azərbaycanın daha 2 boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb

10:22 - 8 Sentyabr 2025

İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, mundialın 4-cü günündə Azərbaycan millisinin daha 2 idmançısı mərhələ adlayıb.

55 kq-da Nicat Hüseynov kubalı Rolando Martines Pereslə qarşılaşıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Hüseynov rəqibini 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Bilguunsayxan Xarxuya (Monqolustan) qarşı keçirəcək.

Murad Allahverdiyev (80 kq) də adını 1/8 finala yazdırıb. Boksçumuz Amar Koçini (Albaniya) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 29:28, 28:29, 30:27). O, ikinci qarşılaşmasında Filip Akilovla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.

Hər iki boksçumuz 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq.

Qeyd edək ki, daha öncə Sübhan Mamedov (50 kq) və Səidcəmşid Cəfərov (75 kq) da 1/8 finala yüksəlib. Alfonso Dominqes (90 kq) isə reytinqinə görə bu mərhələdən yarışa qoşulacaq.

Xəbər xətti