Eyni taleyi yaşayan üç nəslin nümayəndəsini futbola kim qaytarıb?

11:17 - 21 Fevral 2019

"Keşlə"nin idman direktoru Ramiz Məmmədov, "Səbail" baş məşqçisi Aftandil Hacıyev və futbolçusu Ruslan Hacıyevi birləşdirən bir ortaq nöqtə var.

 

Sportal.az cumhuriyet.com.tr saytına istinadən xəbər verir ki, hər üç şəxs futbolda ciddi diz zədəsi alıb. Zədələri elə dərəcədə ciddi olub ki, onların yaşıl meydanlara geri dönməyəcəyi, karyeralarını başa vurmaq ehtimalları böyük olub.

 

Adlarıçəkilənlərin dadına türkiyəli Ortopediya və Travmatologiya həkimi Mehmet Binnət çatıb. Hər üç şəxsi müalicə edən həkim futbolçuların yaşıl meydanlara qayıtmasına böyük yardımçı olub.

 

Ramiz Məmmədov Binnətin sayəsində futbola qayıtdıqlarını və onun sayəsində çörək pulu qazanmağa davam etdiklərini vurğulayıb: "Onun oğlu kimi olduq. Mehmet həkimin sayəsində futbol sevgimizi davam etdirdik".

 

2009-cu ildə dizində ciddi zədəsi olan Aftandil Hacıyevin durumu ağır idi. Bu ağır hissləri daha öncə yaşayan Ramiz Məmmədov Mehmet Binnətlə əlaqə saxlayaraq, Hacıyevi onun yanına göndərir. Türkiyəli həkimin müalicəsindən sonra Aftandil Hacıyev yaşıl meydanlara geri dönmüşdü.

 

"Səbail"də gələcək vəd edən futbolçu hesab edilən Ruslan Hacıyev də dizindən ciddi zədə alıb. 16 yaşında olarkən artıq Ruslanın futbola davam edə bilməyəcəyi ehtimal edilirdi. Lakin Aftandil Hacıyev Ruslanı Mehmet Binnətin yanına göndərib. Gənc futbolçunu əməliyyat edən türkiyəli həkim onu yaşıl meydanlara qaytarıb. Hazırda "Səbail"in əsas komandasının üzvü olan Ruslan üç uşaqlı ailənin yeganə oğlan övladıdır. Ruslan futboldan qazandığı pulun bir çox hissəsini ailəsinə verdiyini söyləyib.

Xəbər xətti