Azərbaycan Premyer Liqasında XVIII turun “Neftçi” – “Səbail” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:
- Ağır oyun olacağını gözləyirdik. Düşündüyümüzdən də çətin oldu. İkinci hissədə bu qədər müdafiə olunacağımızı gözləmirdik. 2:0 önə keçəcəyimiz də gözlənilməz oldu. Ancaq ümumi planımız belə idi ki, rəqibi əks-hücumlara yaxalayaq. Bu, bizdə alınırdı. Koçukun qolu zamanı ustalığını qeyd etmək istərdim. “Neftçi”ni məğlub etmək 6 xal əldə etmək kimidi. Ən vacib 3 xalı qazandıq.
- Bordinlə mübahisənizə aydınlıq gətirərdiniz...
- Etirazı o oldu ki, mən onun oyunçusuna söz deyirdim. Amma mən də öz oyunçumuzu müdafiə edirdim. Futbolçunun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi. Anlaşılmazlıq idi. Zaman keçdikcə, səhvini başa düşə bilər. İnanmıram ki, Bordinə tərəf hansısa oyunçumuz tüpürsə, o, sakit dayanar.
- Oyundan əvvəl hansı psixologiyada idiz, belə üstünlük gözləyirdiz?
- Üstünlüyün biz tərəfdə olduğunu deməzdim. “Neftçi” favorit idi. Sadəcə, çox istəkli idik. Yaxşı hazırlaşmışdıq. Bəzi komponentlərdə üstünlük əldə etmək istəyirdik. “Neftçi”nin zəif nöqtələrini tapmışdıq. Bu gün alındı. Ancaq o demək deyil ki, “Neftçi”dən güclüyük. Bacardıqca xal toplayıb mövqeyimizi möhkəmləndirmək istəyirdik.
- Belə qələbəyə görə mükafat olacaqmı?
- Rəhbərlik hər zaman arxamızdadı. Təbii ki, mükafat olar. Səfərdə belə rəqibi məğlub edəndə mükafat olması normaldı.
- Bəzi əlavələr etməklə bu komanda ilə gələn ildən çempionluğa oynamaq mümkün olacaqmı?
- “Səbail” köklü klub deyil. Ona görə də bunu söyləsəm, yalançı olaram. Bəli, çempionluq qazanan belə nümunələr olub. Ancaq müəyyən bir zamana ehtiyac var. Və təbii ki, heyətdə dəyişikliklər olmalıdı.