U-16 Liqası: "Keşlə" "Gəncə döyüşü"ndən sağ çıxdı

11:03 - 2 Mart 2019

Həftəsonu U-16 Liqasında 20-ci tura yekun vuruldu. «Zirə» - «Turan Tovuz» matçı hələ cümə günü keçirilmişdi və həmin oyunun hesabı barədə məlumat vermişdik. Bu oyun və şənbə-bazar günü keçirilən digər 5 qarşılaşmanın gedişi haqqında bir qədər ətraflı.

 

Qeyd edək ki, keçirilməsi nəzərdə tutulan «Viləş» - İsgəndər Cavadov görüşü hər 2 komandanın heyətində bir neçə futbolçunun xəstələnməsi səbəbindən qarşılıqlı razılaşmaya əsasən qeyri-müəyyən vaxta təxirə salınıb. 

 

«Zirə» - «Turan Tovuz» 4:0
Qollar
: Cəlal Hüseynov, 36; Alı Alı, 40; Mahmud Ağayev, 47; Fərid Nəsirov, 73

 

«Zirə»nin Tovuz təmsilçisini daha böyük hesabla udacağı gözlənilirdi. Amma qəsəbəlilər qonaqları cəmi 4 dəfə cəzalandırmağı bacardılar. Üstəlik, ilk qol 1-ci hissənin başa çatmasına cəmi 4 dəqiqə qalmış gəldi. Komandanın kapitanı Cəlal Hüseynov Vüsal Əliyevin ötürməsindən və rəqib qapıçı Turan Sadıqovun səhvindən sonra hesabı açdı.

 

Əslində, Cəlal 23-cü dəqiqədə hesabı açmağa borclu idi. Nurəli Nurəliyevin boş qapıya göndərdiyi topu rəqib müdafiəçi əli ilə çıxardığı üçün hakim qonaqların qapısına penalti təyin etmiş, üstəlik, adını dəqiqləşdirə bilmədiyimiz futbolçunu meydandan qovmuşdu. Həmin penaltini yerinə yetirən Cəlal «səliqəsiz» olmuşdu. Daha dəqiq, «Turan Tovuz»un qapıçısı Turan fantastik reaksiya ilə topun qapıdan keçməsinə imkan verməmişdi. Bundan əvvəl isə «Zirə» daha 4-5 epizodda qol vurmağa çox yaxın olmuşdu. Bu epizodların 2-də qolun qarşısını qapı tiri və dirəyi almışdı. 

 

Hissənin son dəqiqəsində «Zirə» daha bir qol vurdu. Məhəmməd Səfərova qarşı təyin olunmuş cərimə zərbəsini yerinə yetirən Alı Alı effektli zərbə ilə topu yaxın eüncə göndərdi.

 

Fasilədən sonra da üstünlük tam olaraq «Zirə»nin tərəfində idi. Meydan sahibləri bu üstünlüyü yalnız 2 qola çevirə bildilər. Əvvəlcə Mirzəbəy Şahbazovun asmasından sonra Mahmud Ağayev başla 3-cü qolu vurdu. Yekun hesabı müəyyənləşdirən qolun müəllifi isə komandaya yeni qoşulmuş Fərid Nəsirov oldu.

 

Qarşılaşmanı izləyərkən bütün rəqiblərin «3 xallıq komanda» gözü ilə baxdığı əyalət təmsilçisinin halına yalnız acımaq qalırdı. Bir də «Zirə»nin tribunadakı tamaşaçılardan fərlənməyən qapıçılarına. Əgər Cəfər Hüseynov yağışlı havada bekar qalan zavallı Uğur İbrahimovu fasilədə Cavid Rəhimovla əvəzləməsəydi…

 

«Zirə»nin baş məşqçisi Cəfər Hüseynov qonaqların heyətində qapıçı Turan Sadıqovun duruşunu bəyəndiyini söylədi. Onun bu sözləri deməyə əsası var idi. Axı, Turan olmasaydı, hesab ikirəqəmli ola bilərdi. Qalib komandanın heyətində isə daha çox 3 futbolçu oyunu ilə digərlərindən seçildi. Bunlar Elnur Mirzəyev, Məhəmməd Səfərov və Mahmud Ağayev idi.

 

ROİL – «Sabah» 0:4
Qollar:
Kamil Musayev, 35; Şahmar Aşurov, 39; Fərid Abdurəhmanov, 73; Şahin Kərimli, 76; Ayxan Allahverdiyev, 80

 

Oxşar statuslu rəqiblərin bir gün sonra eyni məkanda baş tutan qarşılaşmasında da eyni ssenari və bənzər hesab qeydə alındı. «Sabah» autsayder ROİL-i məğlub etdi. Bu oyunda da ilk qol taymın sonuna doğru vuruldu. Matçlar arasında yeganə fərq «Sabah»ın «Zirə»dən 1 qol çox vurması oldu. 

 

Maraq üçün qeyd edək ki, baş məşqçi İlqar Mənsimov gələn həftə «Qəbələ» ilə ağır oyunu nəzərə alaraq bu matçda əsas heyət üzvlərinin əksəriyyətinə istirahət vermişdi. ROİL-dən İlqar müəllimin yeniləşmiş heyətinə daha çox mane olan 2 futbolçu var idi – Səyyad Xantəmirov və Elxan Əliyev. Meydan sahiblərinin baş məşqçisi Samir Əliyevin fikrincə isə, qonaqların heyətində özünü hamıdan «pis aparan» Şahin Cəfərli oldu.

 

«Neftçi» - «Neftçi» İK İB 2:0
Qollar:
Rəvan Nağıyev, 3; Turan Namazov, 70

 

«Neftçi»nin qurduğu uğurlu qrafikə, sərgilədiyi oyuna çempionatın əksər komandaları həsəd apara bilər. Yeniləşmiş heyətlə birinciliyə başlayan Mirbağır İsayevin komandası artıq 5-ci pilləyə yüksəlib. Təsadüfi deyil ki, aşağı yaş millilərin koordinatoru Miloş Velebit bu gün start götürəcək U-17 millisinin toplanışına «flaqman»dan 7 futbolçu dəvət edib. Ard-arda qələbələr çempionatda ən az qol buraxan «Neftçi»nin adaşı üzərində qələbə qazanacağını gözlənilən edirdi. Belə də oldu. 

 

Amma bu qələbə «Neftçi»yə o qədər də asan başa gəlmədi. Doğrudur, oyunda erkən qol qeydə alındı. Artıq, 3-cü dəqiqədə Rəvan Nağıyev hesabı açdı. İkinci qolu görmək üçünsə 67 dəqiqə gözləmək lazım gəldi. Matçın başa çatmasına 10 dəqiqə qalmış Turan Namazov «Neftçi»ni rahatlaşdıran qolu vurdu.

 

Qalib komandanın baş məşqçisi Mirbağır İsayev qələbəyə rəğmən komandasının çıxışından razı qalmadığını söylədi. O, futbolçuların çempionatdakı fasilədən sonra ən bərbad oyunlarını keçirdiklərini bildirməklə yanaşı, rəqib komanda haqqında da xoş sözlər söylədi. «Neftçi» İK İB-nin heyətində ən yaxşılara gəlincə, Mirbağır müəllim konkret ad çəkməyərək rəqibin bütün futbolçularının çıxışını bəyəndiyini dedi. Onun həmkarı Ramin Babayev isə oyunun gedişindən və futbolçularından razı qaldığını, sadəcə, bəxtlərinin gətirmədiyini bildirdi. «Neftçi»nin heyətində seçilənlərə gəlincə, Babayev də İsayevin fikrini təkrarladı. Yəni, bütün futbolçular «ən yaxşı» adına layiq idilər.
 
14:00 «Qəbələ» - «Səbail» 4:1
Qollar
: Mehrac Baxşəliyev, 7, 37; Gülağa Əsədov, 66; Orxan Səlimov, 80+2 – Nicat Quliyev, 17

 

Turun mərkəzi oyununda meydan sahibləri çətin rəqibdən 3 xalı almağı bacardılar. Bu qələbə «Qəbələ» üçün vacib idi. Xal itkisinin olacağı təqdirdə komanda vahid liderlikdən mərhum olacaqdı. «Səbail» də meydana qələbə üçün çıxmışdı. 19-cu turda 3-cü pilləyə yüksələn bakılılar məğlubiyyət halında həmin pilləni tərk etməli olacaqdılar. Qarlı meydanda keçirilən «Qəbələ» - «Səbail» matçında məqsədinə çatan «Qəbələ» oldu. Əsasən «Qəbələ»nin üstünlüyü ilə keçən görüşdə erkən qol qeydə alındı. 7-ci dəqiqədə Mehrac Baxşəliyev Fərrux Əzizovla üz-üzə qaldığı epizodda komandasını hesabda irəli çıxardı. Bundan 10 dəqiqə sonra müdafiəçilərin sayıqsızlığından istifadə edən Nicat Quliyev Fərid Bağırovun uzun ötürməsini bir toxunuşla Kamil Nəzərlinin qapısından keçirdi – 1:1. Hər halda fasiləyə kimi «Qəbələ» hesabı xeyirinə dəyişə bildi. Yenə də Mehrac fərqləndi. O, bu dəfə Gülağa Əsədovun künc asmasını qola çevirdi.

 

Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. Topa daha çox nəzarət edən «Qəbələ» idi. Amma hesab meydan kimi sürüşkən idi. 66-cı dəqiqədə Gülağa Əsədov vurduğu qolla komandasını bir qədər rahatlaşdırdı. Matçın yekun nəticəsini müəyyənləşdirən qol isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə gəldi. Tofiq Vahabovun künc zərbəsindən qapı önünə gördərdiyi topu Orxan Səlimov qapıdan keçirdi.

 

«Qəbələ»nin baş məşqçisi Xaqani Məmmədov «Səbail»in heyətində Nicat Quliyevlə Arif Məmmədovun oyununu bəyəndiyini söylədi. «Səbail»in çalışdırıcısı Yaşar Abuzərov isə «Qəbələ»dən qələbənin əsas memarlarından olan Mehrac Baxşəliyevin adını çəkdi.

 

Mehracdan söz düşmüşkən, bu matçda vurduğu 2 qolla o, çempionatın bombardiri, «Səbail»li Rauf Ağasənovu haqladı və hazırda ondan 1 dəfə az fərqlənməklə 2-ci pillədə qərarlaşıb. 

 

«Sumqayıt» - «Qarabağ» 0:1
Qol
: Mirmövsün Caniyev, 25

 

Bərabər səviyyəli rəqiblərin oyununda sevinən tərəf qonaqlar oldular. 3 xalın taleyini cəmi 1 qol həll etdi. 25-ci dəqiqədə «Sumqayıt»ın qapıçısı Pünhan Canlarov ardıcıl olaraq Bəhram Köçərli və Musa Musazadənin zərbələrinin qarşısını alsa da, 3-cü cəhddə Mirmövsün Caniyevin fərqlənməsinə mane ola bilmədi. Oyunun qalan dəqiqələrində hər iki komanda zaman-zaman sevinməyə yaxın oldular. Amma qarşılaşmada başqa qol qeydə alınmayınca, 3 xal «Qarabağ»a qismət oldu.

 

Matçın yaxşıları «Qarabağ»dan Musa Musazadə, «Sumqayıt»dan Sərvin İsmayılov seçildilər. Əlbəttə, «Sumqayıt»ın baş məşqçisi Vaqif Paşayev və onun gənc həmkarı Asif Əlizadə tərəfindən.

 

Gəncə TİM – «Keşlə» 1:4
Qollar
: Vaqif Həsənov, 24, 69 (pen.); Fərid İmamquliyev, 45; Qurban Səfərov, 60 – Radil Tanrıverdiyev, 75

 

Bu oyuna futbol matçı deməyə adamın dili gəlmir. Daha çox döyüşü xatırladan qarşılaşma hər 2 komanda üçün olduqca ağır keçdi. Səbəb meydanın bərbad durumda olması idi. Qazonun oyunun gedişində hansı durumda olmasını şəkildən də sezmək mümkündü. Palçıqlı meydanda hamını qələbədən çox bəlkə də futbolçuların ağır zədə almaması maraqlandırırdı. Yaxşı ki, bu mənada hər şey yaxşı qurtardı. Buna baxmayaraq, əksər futbolçular «döyüş»ü xırda «yaralar»la başa vurdular. Əksəriyyət qasıq nayihələrində baş qaldıran ağrılardan şikayətlənirdilər. Hə, bir də döyüşdən sonra futbolçular meydandan azı 1 kilo «hədiyyə» ilə çıxdılar. «Hədiyyə»nin adı palçıqdı.

 

Oyun barədə… Son turlar uğursuz çıxış edən «Keşlə» nəhayət «qara zolaq»dan çıxdı. Daha çox tennisbolu xatırladan oyunda üstün tərəf qonaqlar idilər. İlk qola kimi onlar Hüseyn Quliyevlə 2 dəfə, Vaqif Həsənovla isə 1 dəfə qol vurmağa yaxın olsalar da, bütün hallarda gəncəlilərin bəstəboy qapıçısı Elmir Bayramov inamlı oynadı. Hər halda «Keşlə» 24-cü dəqiqədə istəyinə çatdı. Kamal Kazımovun cinahdan yerlə qapı önünə etdiyi ötürməni komandanın əsas qol silahı Vaqif Həsənov bir toxunuşla qapıdan keçirdi. 

 

Gəncə TİM matçın sonuna doğru bir qədər aktivləşdi. Bunun nəticəsidir ki, fasiləyə 2 dəqiqə qalmış hesab bərabərləşə bilərdi. Sərxan Rüstəmovun «duqa»nın üstündən vurduğu zərbəni qapıçı Azər Fərmanov çətinliklə dəf edə bildi. Bu hücumun davamı olaraq meydan sahibləri ardıcıl 2 təhlükəli həmlə ilə də yadda qaldılar. Amma müdafiəçilər inamlı oyunları ilə təhlükələrin böyüməsinə imkan vermədilər.

 

Fasilədən sonra havanın «ssenarisi» dəyişməsə də (yağış yağırdı – red.), oyunun gedişi dəyişdi. Qonaqları öz yarımmeydanlarına sıxışdıran meydan sahibləri ilk 5 dəqiqədə rəqibə həyəcanlı anlar yaşatmağı bacardılar. Lakin 45-ci dəqiqədə «Keşlə»nin heyətində ilk oyununa çıxan Fərid İmamquliyevin qolu onların planlarını pozdu. Elgünün inamsız çıxışından istifadə edən Fərid topu ondan oğurlayaraq boş qapıdan keçirdi. 
15 dəqiqə sonra isə «Keşlə» artıq, qələbəyə tam olaraq inanmağa başladı. Meydanın özlərinə aid hissəsində Rəşad Həsənovdan ötürmə alan Qurban Səfərov cinahla 45-50 metrlik reyd edərək qapıya zərbə vurdu. Elgünün toxunuşu topun qapıdan keçməməsinə bəs etmədi. 

 

«Keşlə» 4-cü qolu penaltidən vurdu. Orxan Rüstəmov cərimə meydanında Xəyal İbrahimova qarşı kobud oynadı və Tovuzdan olan hakim Kərim Kərimov penalti təyin etdi. Topa yaxınlaşan Vaqif Həsənov oyunda ikinci, çempionatda isə 18-ci qolunu vurdu.

 

Gəncə TİM-nin gücü prestij qola çatdı. Matçın bitməsinə 5 dəqiqə qalmış Ümid Səmədovun uzaq məsafədən qapıya göndərdiyi top qapı çatına dəyərək xəttin üzərinə düşdü. Özünü hamıdan tez topa çatdıran Radil Tanrıverdiyevin qol vurmasına sadə toxunuş bəs etdi.

 

Gəncə TİM-nin baş məşqçisi İlham Səmədov «Keşlə»nin heyətində Seymur Məmmədov, Vaqif Həsənov və Nihat Abasovun oyununu daha çox bəyəndiyini söylədi. «Keşlə»nin baş məşqçisi Xəyal Mustafayev isə 2 gəncəlinin adını çəkdi – Ümid Səmədov və Rəşid Zeynalov.

 

Bombardirlər: Rauf Ağasənov («Səbail») – 25 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 24 qol, Vaqif Həsənov («Keşlə»), Arif Məmmədov («Səbail») – hər ikisi 18 qol.

 

U-16 Liqasında 21-ci turun oyunları martın 7-də keçiriləcək: İsgəndər Cavadov BFA- «Neftçi», «Neftçi» İK İB – ROİL, «Sabah» - «Qəbələ», «Səbail» - «Zirə», «Turan Tovuz» - «Sumqayıt», «Qarabağ» - «Keşlə», «Viləş» - Gəncə TİM.

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti