Martın 7-də U-16 Liqasında 21-ci turun oyunları keçirildi. Oyun həftəsi çempionluq baxımından çox əhəmiyyətli idi. Qızıl medallar uğrunda mübarizə aparan «Sabah»la «Qəbələ» məhz bu tur qarşılaşırdı. Səfərdə oynamasına rəğmən əyalət təmsilçisi əsas rəqibini məğlub edərək onunla xal fərqini 5-ə yüksəltdi və 1-ci yeri demək olar ki, birinciliyin başa çatmasına 5 tur qalmış özünə təmin etdi. Qalan oyunlarda liderin 2 dəfə məğlub olacağı və eyni zamanda «Sabah»ın bütün oyunlarda qalib gələcəyi heç inandırıcı deyil.
Bu tur medallar uğrunda mübarizə aparan «Zirə»də ağır zərbə aldı. «Səbail»lə vacib oyunda məğlub olan qəsəbəlilər 6-cı pilləyə endi. Tur haqqında məlumata da elə «Səbail» - «Zirə» matçı ilə başlayırıq.
«Səbail» - «Zirə» 1:0
Qol: Rauf Ağasənov, 65
Qarşılıqlı hücumlar və gərginliyi ilə yadda qalan matç olduqca maraqlı keçdi. Hər 2 komandanın oyunboyu fərqlənmək üçün xeyli şansı oldu. «Səbail»dən Arif Məmmədov və Nicat Quliyev, «Zirə»dən isə Mirzəbəy Şahbazov, Vüsal Əliyev, Məhəmməd Səfərov, Mahmud Ağayev hesabı açan futbolçu ola bilərdi. Amma adıçəkilənlərdən heç biri komandasını hesabda irəli çıxara bilmədi. Əvəzində səhnəyə çempionatın bombardiri Rauf Ağasənov çıxdı. Matçın başa çatmasına 15 dəqiqə qalmış Rauf fərdi ustalığı sayəsində rəqibin 3-4 futbolçusundan sıyrılaraq cərimə meydançasının başından yaxın küncü dəqiq nişan aldı. Uğur İbrahimov qapısının təhlükəsizliyini qoruya bilmədi.
Matçın qalan dəqiqələrində məğlubiyyətdən xilas olmağa çalışan «Zirə» nə qədər cəhd göstərsə də, istəyinə çata bilmədi. Bununla da «Zirə» vacib xallar itirərək 6-cı pilləyə düşdü. Doğrudur, «Zirə»nin 3-cü yerdəki «Keşlə» ilə arasındakı xal fərqi cəmi 3-dür. Amma nəzərə alaq ki, bürünc uğrunda pusquda 4-5-ci yerlərdə qərarlaşan «Neftçi» və «Səbail» də var.
«Səbail»in baş məşqçisi Yaşar Abuzərov qonaqlardan Məhəmməd Səfərovla Mirzəbəy Şahbazovu, «Zirə»nin baş məşqçisi Cəfər Hüseynov isə meydan sahiblərindən qapıçı Emil Hüseynovu rəqibin ən yaxşı futbolçusu seçdi.
«Neftçi» İK İB – ROİL 3:1
Qollar: İlkin Əliyev, 36 (pen.); İlqar Kazımov, 49; Əli Səmədov, 56 - Sərxan Abbasov, 69 (pen.)
«Neftçi» İK İB-nin üstünlüyü ilə keçən oyunda gözləndiynin əksinə olaraq hesab gec açıldı. Buna həm ROİL-in müdafiə xəttinin inamlı oyunu, həm də güclü külək mane oldu. Ciddi ərazi üstünlüyünə malik olan meydan sahibləri qola kimi İbrahim Məmmədov, Anar Həsənov, İlqar Kazımov və İlkin Əliyevlə real qol şansları yaxalasalar da, bundan istifadə edə bilmədilər. Qonaqlar da əllərini yanlarına salıb dayanmamışdılar. Onlar da zaman-zaman thlükəli həmlələrlə yadda qalırdılar. Amma real qol epizodu yaratmağa «Neftçi» İK İB-nin müdafiəçiləri imkan vermirdilər. Lökbatanlılar istəklərinə yalnız birinci hissənin başa çatmasına 4 dəqiqə qalmış çatdılar. İlkin Əliyevin qapıya doğru zərbəsindən sonra top cərimə meydançası daxilində Səyyad Xantəmirovun əlinə dəydi və hakim penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan penaltinin səbəbkarı ROİL-in qapıçısı Afiq Musayevlə dueldən qalib ayrıldı.
Fasilədən sonra da üstün tərəf olan Neftçi İK İB 49-cu dəqiqədə İlqar Kazımovun fərdi reydi, 56-cı dəqiqədə isə Elşən Şirinovdan ötürmə alan Əli Səmədovun dəqiq zərbəsi hesabı 3:0-a çatdırdı. Qonaqların gücü yalnız bu toplardan birinin əvəzini çıxmağa çatdı. Matçın sonuna doğru Elxan Əliyevə qarşı kobud oyuna görə təyin olunmuş penaltini Sehran Abbasov dəqiq yerinə yetirdi.
«Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev ROİL-dən Elxan Əliyevlə Sehran Abbasovun, onun həmkarı Samir Əliyev isə meydan sahiblərindən İlkin Əliyevin oyununu daha çox bəyəndiyini söylədi.
«Sabah» - «Qəbələ» 1:2
Qollar: Mehrac Baxşəliyev, 15; Ümid Həmzəyev, 40 (pen.) – Kamil Musayev, 46
Turun mərkəzi oyununda qızıl medalların taleyi böyük ölçüdə həll olunurdu. Gərgin mübarizə və bol qol epizodları ilə yadda qalan oyunda hesabı açan tərəf qonaqlar oldu. 15-ci dəqiqədə çempionatın bombardirlərindən olan Mehrac Baxşəliyev komandasını hesabda irəli çıxardı. Fasiləyə saniyələr qalmış «Qəbələ» «1»i «2»ə çevirdi. Fərrux Fərzəliyevin Mehraca qarşı kobudluğuna görə hakim «Sabah»ın qapısına penalti təyin etdi. Topa yaxınlaşan Ümid Həmzəyev «Sabah»ın qapıçısı Kamran Şabıyevə şans vermədi.
İkinci hissədə hücumlarının kəsərini artıran meydan sahibləri 46-cı dəqiqədə buraxdıqları toplardan birinin əvəzini çıxdılar. Künc zərbəsindən sonra qapı önünə ötürülən topu Kamil Musayev qapıdan keçirdi. Bundan sonra da «Sabah»ın qol vurmaq şansları oldu. Amma Vüsal Qənbərov və Bəhruz Tanrıverdiyevdə dəqiqlik çatışmadı.
«Sabah»ın baş məşqçisi İlqar Mənsimov «Qəbələ»dən Mehrac Baxşəliyevi, «Qəbələ»nin baş məşqçisi Xaqani Məmmədov isə «Sabah»dan Vüsal Vəliyevlə Vüsal Qənbərovu rəqibin ən yaxşı futbolçusu seçdi.
İsgəndər Cavadov – «Neftçi» 3:2
Qollar: Rəvan İbrahimov, 6; Xəzər Ağalızadə, 37 – Dünyamalı Dünyamalıyev, 32; Altay Abdulkərimov, 56; Cavanşir Şahbazlı, 62
Bu matç gərginliyi və maraqlı mübarizəsi ilə mərkəzi oyundan zərrə qədər də geri qalmadı. İlk baxışdan yüksəlişdə olan və çempionatda ən az qol buraxan «Neftçi»nin autsayderlərdən biri üzərində asan qələbə qazanacağı gözlənilirdi. Amma hər şey fərqli oldu. «Neftçi» 3 xalı rəqibdən zülmlə qopardı.
Matçda erkən qol qeydə alındı. 6-cı dəqiqədə Məhəmməd Nəcəfovun ötürməsindən sonra Rəvan İbrahimov başla topu qapıdan keçirdi. «Neftçi» buraxılan qolun əvəzini bir xeyli sonra çıxdı. 32-ci dəqiqədə rəqib müdafiəçisi və qapıçısının bir-birilərini anlamamasından istifadə edən Dünyamalı Dünyamalıyev fürsətdən maksimum yararlandı.
Fasiləyə yaxın meydan sahibləri hesabda yenidən önə keçdilər. Əmər Əhmədlinin künc zərbəsindən qapı önünə göndərdiyi topu müdafiəçilər geri qaytarsalar da, Xəzər Ağalızadə «duqa»nın üstündən qapını dəqiq nişan aldı.
İkinci hissə bütünlüklə «Neftçi»nin üstünlüyü şəraitində keçdi. 56-cı dəqiqədə Altay Abdulkərimov hesabda tarazlıq yaratdı. Matçın sonuna yaxın isə Cavanşir Şahbazlı qələbə topunu vura bildi.
İsgəndər Cavadov BFA-nın baş məşqçisi Qəhrəman Əliyev «Neftçi»dən Cavanşir Şahbazlının daha çox seçildiyini bildirdi. «Neftçi»nin baş məşqçisi Mirbağır İsayev isə meydan sahiblərindən Məmməd Məmmədovun oyununu bəyəndiyini söyləməklə yanaşı həmkarı Qəhrəman Əliyevə təşəkkürünü də bildirdi. Yaxşı, döyüşkən komanda yaratdığına görə.
«Qarabağ» - «Keşlə» 1:1
Qollar: Nihad Kərimli, 11 - Vaqif Həsənov, 16
İkinci dövrə özünə oxşamayan «Keşlə» çətin rəqiblə oyunda da xal itirdi. Matçdan əvvəl matçın favoriti qonaqlar hesab olunurdu. Amma oyun göstərdi ki, «Qarabağ»ı özü də «Sərhədçi»də məğlub etmək çox çətindi. Belə də oldu.
Qarşılıqlı hücumlar şəraitində keçən ilk 10 dəqiqədə qapılar qarşısında elə də ciddi təhlükə yaranmadı. 11-ci dəqiqədə isə hesab açıldı. Cərimə meydançasının həndəvərində cərimə zərbəsi vurmaq hüququ qazanan «Qarabağ» ev tapşırığını məharətlə yerinə yetirdi. Belə ki, qapı önünə asma əvəzinə «duqa»nın üzərinə göndərilən topu Elnur Əliyev qapıya doğru vursa da, Azər Fərmanov «mərmi»ni geri qaytardı. Hamıdan tez özünü topa çatdıran Nihad Kərimli boş qapını nişan almaqda çətinlik çəkmədi.
«Keşlə»nin cavabı özünü çox gözlətmədi. 5 dəqiqə sonra Kamal Kazımovdan baş ötürməsi alan Vaqif Həsənov qapıçı meydançasının daxilində bir toxunuşla topu Cavidan İzzətlinin qoruduğu qapıdan keçirdi – 1:1.
Birinci hissənin qalan vaxtında hər iki komanda təhlükəli həmlələr etsə də, qapılar qarşısında real qol epizodları yaranmadı. Fasilədən sonra da komandalar hesabı dəyişə bilmədilər. Halbuki «Qarabağ»dan Nihad Kərimov, «Keşlə»dənsə Vaqif Həsənov buna çox yaxın idilər. Matçın sonuna doğru hər 2 komanda avtoqolla yadda qala bilərdi. Əvvəlcə qapı önünə edilən sərt ötürmə «Keşlə»li Rəşad Həsənovun ayağına dəyərək qapıya səmtləndi. Amma Azər Fərmanov inanılmaz reaksiya ilə topun xətti keçməsinə imkan vermədi. 1 dəqiqə sonra Elnur Əliyevin ayağından çıxan topu «Qarabağ»ın qapıçısı Cavidan ustalıqla dəf edə bildi.
«Qarabağ»ın baş məşqçisi Asif Əlizadə «Keşlə»dən Kamal Kazımovla Rəşad Həsənovun oyununu daha çox bəyəndiyini söylədi. Onun «Keşlə»li həmkarı Xəyal Mustafayev isə qapıçı Cavidan İzzətli ilə yanaşı Elnur Əliyevin adını çəkdi.
«Viləş» - Gəncə TİM 1:2
Qollar: Vaqif İbrahimov, 47 (avtoqol) – Radil Tanrıverdiyev, 39; Cavad Kərimov, 54
Masallı şəhərindəki Anatoli Banişevski adına stadionun bərbad meydanında keçirilən oyunda 500 km-dən çox məsafə qət edərək yorğun halda mübarizə aparan qonaqlar qalib gəldilər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda, daha dəqiq tennisbolda bütün qolları gəncəlilər vurdu.
Hesab fasiləyə 1 dəqiqə qalmış açıldı. Ümid Səmədovdan ötürmə alan Radil Tanrıverdiyev Məhəmməd Mehtiyevlə üz-üzə qaldı və topu qapıçının sağından tora göndərdi.
Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. Bir qədər aktivləşən meydan sahibləri 47-ci dəqiqədə sevindilər. Cinah ötürməsindən sonra Gəncə TİM-in futbolçusu Vaqif İbrahimova dəyən top səmtini dəyişərək qapıdan keçdi. Bu epizodda gəncəli qapıçı Elmir Bayramov komandasını qoldan xilas edə bilmədi.
Bundan 7 dəqiqə sonra Gəncə TİM yenidən hesabı xeyrinə dəyişdə. Röyal Əhmədovdan ötürmə alan Cavad Kərimov iki həmlədə qələbə topunu vura bildi.
Oyunun yaxşılarına gəlincə, «Viləş»in baş məşqçisi Kənan Seyfullayev qonaqların heyətində Radil Tanrıverdiyevlə Ümid Səmədovun, Gəncə TİM-nin baş məşqçisi İlham Səmədov isə meydan sahiblərindən Samir Əliyevlə Tosif İbişovun adını çəkdi.
Yeri gəlmişkən, «Viləş»in bu oyunun protokoluna cəmi 13 futbolçunun adını saldığını da qeyd etmək yerinə düşər. Həmin futbolçulardan 3-ü 2004-cü il təvəllüdlü uşaqlar idi.
«Turan Tovuz» - «Sumqayıt» 0:3
Təəssüf ki, bu oyunun protokolunu və qarşılaşmanın gedişi barədə məlumat əldə edə bilmədik. Bu üzdən yalnız hesabı qeyd etməklə kifayətlənmək məcburiyyətindəyik.
Bombardirlər: Rauf Ağasənov («Səbail») – 26 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol, Vaqif Həsənov («Keşlə») – 19 qol, Arif Məmmədov («Səbail») – hər ikisi 18 qol.
U-16 Liqasında 21-ci turun oyunları martın 14-də keçiriləcək: «Keşlə» - «Turan Tovuz», «Sumqayıt» - «Səbail», «Zirə» - «Sabah», «Qəbələ» - «Neftçi» İK İB, ROİL - İsgəndər Cavadov BFA, «Neftçi» - «Viləş», Gəncə TİM – «Qarabağ».
«Het-trik news» qəzeti
saytlarin hazirlanmasi