U-16 Liqası: mərkəzi oyunda sülh

15:53 - 6 Aprel 2019

Dünən U-16 Liqasında «Neftçi» - ROİL matçı ilə 24-cü tura yekun vuruldu. Çərşənbə axşamı start götürən turun ilk oyun günündə cəmi 1 matç keçirildi. Daha 5 qarşılaşma isə cümə axşamı baş tutdu. Nəticəsi daha çox maraqla gözlənilən 2 oyun da məhz həmin günə təyin olunmuşdu.

 

Gəncə TİM – «Turan Tovuz» 4:1
Qollar
: Röyal Əhmədov, 4; Sənan Əliyev, 17; Əbdüləli Qasımov, 33, Ümid Səmədov, 60 – Sənan Aslanov, 25

 

Turun açılış matçı Gəncədə baş tutdu. Kiçik «qərb derbisi»ndə sevinən tərəf gəncəlilər oldular. Bundan əvvəlki tur Tovuzda «Qarabağ»ı gözlənilməz şəkildə minimal hesabla məğlub edən «Turan Tovuz»un Gəncə TİM-lə oyunda sensasiya etməyə gücü çatmadı. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda qapı toru 5 dəfə silkələndi ki, toplardan 4-ü qonaqların qapısından keçdi.

 

Gəncə TİM-nin baş məşqçisi İlham Səmədov tovuzlulardan Rüfan Tomuyevlə Sənan Aslanovu, «Turan Tovuz»un baş məşqçisi Nizami Ocaqverdiyev isə gəncəlilərdən Raul Əlizadə ilə Ümid Səmədovu rəqibin ən yaxşı futbolçusu hesab etdi.

 

«Zirə» - İsgəndər Cavadov BFA 5:0
Qollar
: Məhəmməd Səfərov, 3; İdris Xanbiyev, 19 (avtoqol); Fərda Qurbanov, 23; Alı Alı, 55; Vüsal Əliyev, 74

 

«Zirə» autsayderlər mövqeyində qərarlaşan İsgəndər Cavadov BFA-nı məğlub etməkdə hər hansı çətinlik çəkmədi. Rəqibi 5 qolla yenən qəsəbəlilər «Keşlə»nin heç-heç etməsi ilə  yenidən medal qazanmaq şansı yaxaladılar. Əgər «Keşlə» qalan 2 turda 1 dəfə məğlub olsa, «Zirə» isə hər 2 oyunda qalib gəlsə, o halda komanda «Keşlə» ilə xallarını bərabərləşdirəcək. Bu halda şəxsi görüşlərdəki göstəricilərə görə (3:3, 0:0) «Zirə» rəqib meydanında vurduğu qollara görə bürünc medallara sahib çıxacaq. 

 

«Qəbələ» - «Viləş» 3:0
Qollar
: Ümid Həmzəyev, 22, 27; Xəyal Səmədov, 64

 

Ötən tur çempionluğunu rəsmiləşdirən «Qəbələ» də qələbəni asanlıqla qazandı. Oyunboyu ərazi üstünlüyünə malik olan şimallılar hesabı 22-ci dəqiqədə açdılar. Anar Tağıyevin cinah ötürməsindən sonra Ümid Həmzəyev fərqləndi. 5 dəqiqə sonra Ümid dublunu rəsmiləşdirdi. İlk hissə bu hesabla başa çatdı.

 

Fasilədən sonra «Qəbələ» yalnız 1 dəfə fərqləndi. Xəyal Səmədov yekun nəticəni müəyyənləşdirən qolu vurdu. 

 

«Qəbələ»nin baş məşqçisi Xaqani Məmmədov «Viləş»dən Bəhmən İbadov ilə Tosif İbişovun daha çox xoş təsir bağışladığını söylədi. Qonaqların baş məşqçisi Kənan Seyfullayev isə rəqibdən daha çox Ümid Həmzəyevin seçildiyni bildirdi.

 

«Keşlə» - «Sabah» 2:2
Qollar
: Vaqif Həsənov, 49, 62 - Vüsal Vəliyev, 22; Kamil Musayev, 79

 

Turun mərkəzi oyununa «Gümüş oyun» adı da vermək olardı. «Keşlə» qalib gələcəyi təqdirdə rəqibini 1 xal geridə qoyacaqdı. Meydan sahibləri hələ oyun başlamamış hesabda 0:1 geri düşdülər. Məsələ burasındadır ki, komandanın əsas müdafiəçilərindən biri Rəşad Həsənov oyunöncəsi məşq zamanı zədələndi və meydana çıxa bilmədi. Oyun başlamamış məburi əvəzetmə oldu və Rəşadın yerinə Qurban Səfərovun adı ilk «11-liy»ə salındı.

 

Birinci 40 dəqiqə sakit tempdə keçdi. «Keşlə» daha çox cinahlardan hücum qurmağa, qonaqlar isə uzun ötürmələrlə rəqibin müdafiə xəttinin arxasına düşməyə cəhd göstərirdilər. 22-ci dəqiqədə cəhdlərdən biri uğurlu alındı. «Keşlə» müdafiəçilərinin sayıqlığı itirməsi və qapıçı Azər Fərmanovun inamsız çıxışı hesabın açılmasına səbəb oldu. Fərrux Fərzəliyevdən uzun ötürmə alan Vüsal Vəliyev tək toxunuşla topu qapıçının başı üzərindən qapıya göndərdi.

 

Əsas hadisələr fasilədən sonra baş verdi. 49-cü dəqiqədə Əbil Əbilovun qapı önünə etdiyi asmanı Vaqif Həsənov yıxılaraq başla küncə göndərdi. Bundan ruhlanan keşləlilər hücumlarının kəsərini artırdılar və 13 dəqiqə sonra hesabda irəli çıxdılar. Hücuma qoşulan müdafiəçi Məhəmməd Tağıyevin qapı önünə etdiyi sərt ötürməni Vaqif Həsənov sürüşmə fəndi ilə Kamran Şabıyevin qoruduğu qapıdan keçirdi. 

 

Oyunun başa çatmasına 20 dəqiqəyə yaxın vaxt qalırdı və «Keşlə»ni maraqlandıran əsas məsələ hesabı qorumaq idi. Buna görə əsasən top saxlamağa və rəqibi əks-hücumda yaxalamağa üstünlük verən «Keşlə» 2-3 epizodda təhlükəli həmlə yadda qaldı. Əsas da oyunun başa çatmasına 5 dəqiqə qalmış Əbil Əbilovun əlinə düşən epizodu vurğulamaq olar. Kamranla üz-üzə qalan Əbil zərbə vurmaqdansa Vaqifə ötürmə etməyə üstünlük verdi. «Keşlə»nin qol silahı həm ofsayddda idi, həm də topa çatmadı.

 

«Vurmayana vurarlar» məsəli özünü yenə göstərdi. Matçın başa çatmasına 1 dəqiqə qalmış «Keşlə»nin müdafiə xətti topu təhlükəli mövqedən inamsız çıxardı və özünü hamıdan tez topa çatdıran Kamil Musayev hesabı bərabərləşdirdi.

 

Heç-heçə «Keşlə» üçün məğlubiyyətə bərabər idi. Qalan 3-4 dəqiqədə «Sabah» ruhdan düşən meydan sahiblərini 2 dəfə cəzalandıra bilərdi. Amma Vüsal Vəliyevin uzaqdan zərbəsini və Həsən Seyfullayevin künc nöqtəsindən birbaşa qapıya göndərdiyi topu Azər Fərmanov inanılmaz reaksiya ilə zərərsizləşdirə bildi.
«Keşlə»nin baş məşqçisi Xəyal Mustafayev «Sabah»dan Vusal Vəliyevlə Həsən Seyfullayevin oyununu bəyəndiyini söylədi. «Sabah»ın baş məşqçisi İlqar Mənsimov isə meydan sahiblərindən Əbil Əbilovla Kamal Kazımovun daha çox xoş təsir bağışladığını dedi.

 

«Sumqayıt» - «Neftçi» İK İB 0:3
Qollar
: İlkin Əliyev, 40, 80+3; Əli Səmədov, 60

 

Bərabər gücdə olan rəqiblərin mübarizəsindəki hesab gözlənilməz alındı. Qonaqların qalib gəlməsini gözləmək olardı. Amma bu hesabla yox. Zaman-zaman komandalardan birinin üstünlüyü ilə keçən matçda hesabı baxımlı qolla İlkin Əliyev açdı. 25-ci dəqiqədə əvəzetmədən oyuna qoşulmuş İlkin 1-ci hissənin sonuncu dəqiqəsində fərqləndi. Ona məhsuldar ötürməni İlqar Kazımov etdi.

 

Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. Hər iki komandanın kifayət qədər qol şansı oldu. Amma fərqlənən tərəf qonaqlar idi. 60-cı dəqiqədə yenə də İlqarın cinah ötürməsindən sonra bu dəfə Əli Səmədov toru silkələdi. 

 

Sumqayıtlılar buraxılan qoldan birinin əvəzini matçın sonlarına doğru çıxa bildilər. Təəssüf ki, matçın protokolunu əldə edə bilmədiyimiz üçün fərqlənən futbolçunun adını dəqiqləşdirə bilmədik. Hər halda son söz qonaqların idi. Hakimin əsas vaxta əlavə etdiyi 4-cü dəqiqənin 3-cüsündə İlqar Kazımovun ara ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan İlkin dublunu rəsmiləşdirdi. 

 

Qalib komandanın heyətində ən yaxşı futbolçu sözsüz ki, 3 məhsuldar ötürməylə «het-trik» edən İlqar Kazımov idi. «Sumqayıtdan isə…  «Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayevin sözlərinə görə, Elnur İsmayılov bu matçda meydan sahiblərinin ən yaxşısı idi.

 

«Qarabağ» - «Səbail» 3:1
Qollar
: Musa Musazadə, 7 (pen.); Nihad Kazımlı, 12; Mirmövsün Caniyev, 17 – Arif Məmmədov, 15

 

Ötən tur «Keşlə»yə 0:1 hesabı ilə məğlub olan «Səbail»in medalçılar sırasına düşmək şansı xeyli azalmışdı. Bu oyundakı məğlubiyyət isə bu şansı sıfıra endirdi. Rəqib çempionatın ən qeyri-stabil komandası olan «Qarabağ» idi. Bunu deməyə əsasımız var. Ötən həftə Tovuzda autsayderlərdən biri olan «Turan Tovuz»a minimal hesabla məğlub olan «Qarabağ» bu həftə «Turan Tovuz»dan qat-qat güclü olan «Səbail»i məğlub etməyi bacardı.

 

Oyun gərgin mübarizə və qeyri-adi ssenari ilə yadda qaldı. Gedişatın qeyri-adiliyi onda idi ki, artıq, 17-ci dəqiqədə qapılara 4 qol vurulmuşdu.

 

Matçda hesab daha erkən açıla bilərdi. Əgər Mirmövsün Caniyev dirəyi deyil, boş qapını nişan alsaydı. Hər halda az sonra «Qarabağ» istəyinə çatdı. Bəhram Köçərlinin sayəsində rəqib cərimə meydançası daxilində qaydalara zidd oynadı və təyin olunan penaltini Musa Musazadə qola çevirdi. Cəmi 5 dəqiqə sonra «Qarabağ» 2-ci qolu vurdu. Künc zərbəsindən qapı önünə göndərilən topu Nihad Kazımlı başla tora qovuşdurdu. «Səbail» buraxılan 2 qoldan sonra özünü itirmədi və dərhal bu toplardan birinin əvəzini çıxdı. Elnur Əliyevin ayağından qaçan topu ələ keçirən Arif Məmmədov Cavidan İzzətli ilə mübarizədən qalib ayrıldı.
«Qarabağ»ın da cavabı özünü çox gözlətmədi. 17-ci dəqiqədə Elnur Əliyevin cərimə zərbəsindən etdiyi asmanı Mirmövsün Caniyev başla tamamladı. O, bu dəfə dirəyi deyil, qapını dəqiq nişan ala bildi.
Matçın qalan dəqiqələrində daha çox ərazi üstünlüyünə malik olan «Səbail» nə qədər çalışsa da, qol vura bilmədi. Əslində, qonaqlar Arif Məmmədovun timsalında 3 dəfə rəqib qapısına yol tapa bildilər. Amma hakimlərin fikrincə, bütün hallarda qayda pozuntusu var idi.

 

«Qarabağ»ın baş məşqçisi Asif Əlizadənin fikrincə, «Səbail»dən Rauf Ağasənovla Rauf Nağıyev komandasının əh yaxşıları idi. «Səbail»in məşqçisi Yaşar Abuzərov isə «Qarabağ»dan qapıçı Cavidan İzzətlinin adını çəkdi.

 

ROİL – «Neftçi» 0:7
Qollar
: Nihad Şirinov, 18, 33; Cavanşir Şahbazlı, 41; Nihad Cəfərov, 48; Dünyamalı Sevdimalıyev, 56; Kənan Tağızadə, 70; Turan Namazov, 74

 

«Neftçi»nin turnir cədvəlinin son pilləsinin sakinini devirəcəyi gün kimi aydın idi. Mirbağır İsayevin komandası istəyinə asanlıqla çatdı. Vurulan 7 qol dediyimizə sübutdur. Üstəlik, qapısını toxunulmaz saxlamağı bacaran «Neftçi» çempionatın ən az qol buraxan komandası kimi qalmaqdadır. Komanda 24 turda cəmi 11 dəfə məcburən mərkəzdən başlayıb.

 

1-ci dövrənin ortalarından etibarən əla qrafik cızmağa başlayan «Neftçi» 3-cü yeri tutmaq şansını saxlayır. Əgər əsas rəqib olan «Keşlə» son 2 turun 1-də xal itirsə və «Neftçi» «Qəbələ»ylə «Zirə»ni məğlub etsə… Ehtimalın reallığa çevrilib-çevrilməyəcəyini çempionat başa çatanda biləcəyik.

 

Bombardirlər: Mehraç Baxışəliyev («Qəbələ») – 28 qol, Rauf Ağasənov («Səbail») – 26 qol, Vaqif Həsənov («Keşlə») – 21 qol.

 

U-16 Liqasında 25-ci turun aprelin 11-də, 26-cı tur isə aprelin 18-də başa çatacaq və bununla da çempionat başa çatacaq.

 

25-ci tur: «Neftçi» - «Qəbələ», «Viləş» - «Zirə», İsgəndər Cavadov BFA – «Sumqayıt», «Neftçi» İK İB – «Keşlə», «Sabah» - «Qarabağ», «Səbail» - «Turan Tovuz», ROİL - Gəncə TİM.

 

26-cı tur: «Turan Tovuz» - «Sabah», «Qarabağ» - «Neftçi» İK İB, «Keşlə» - İsgəndər Cavadov BFA, «Sumqayıt» - «Viləş», «Zirə» - «Neftçi», «Qəbələ» - ROİL, Gəncə TİM – «Səbail».

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti