Sənan Qurbanov: "4-cü dəfə finalda uduzmaq fikrimiz yoxdur"

19:30 - 1 May 2019

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” (2:1, ilk oyun – 0:1) matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın çalışdırıcısı Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı çalışdırıcı əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Ağır oyun olacağını bilirdik. Çünki rəqibimiz son illərin dəyişilməz çempionu idi. Evdə qalib gəlmişdik. Bunun üstünlüyü olsa da, rəqib prinsipial və güclü komanda idi. Neçə il bu komandaya çempionluğu uduzmuşuq. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq böyük xarakter tələb edirdi, bir an belə konsentrasiyanı əldən vermək olmazdı. Kubokdan dördəlli yapışacağıq. Dördüncə dəfə finalda uduzmaq fikrimiz yoxdu. Kuboku qazanıb, klubun tarixinə düşmək istəyirik.

 

- 2:0-dan sonra ümidləriniz tükənməmişdi ki?
- Bilirdik ki, rəqib qol vura bilən komandadı. Futbolçulara aşılamağa çalışırdıq ki, son dəqiqəyə qədər inanmalıyıq. Özümüz də inanırdıq. “Qarabağ” üstün futbol oynadı, bizim də imkanlarımız oldu. Finala çıxacağımıza çox inanırdıq.

 

- Finalda “Zirə”, yoxsa “Sumqayıt”ı rəqib görmək istəyirsiz?
- Doğrudan da, indi buna cavab vermək çətindi. Final 1 oyundu. Bəzən gözlənilməz nəticələr olur. Belə matçlarda səviyyə fərqi görünməyə bilər. Oturub gözləyəcəyik.

 

- 1-ci qolda Anar Nəzirovun səhvi var idimi?
- Miçel yaxşı zərbə vurdu. Qapıçının gözünə gün düşürdü, ona görə də topu görmürdü. Onu günahlandıra bilmərik.

 

- Naxçıvana gedəcəksiz? Nəzərə alsaq ki, bu gün qırmızı vərəqə aldız və texniki zonada olmayacaqsız...
- Əlbəttə, gedəcəm. Tribunada öz yerimi alıb, rahat baxacam.

 

- Hakimin sizi texniki zonadan uzaqlaşdırması doğru qərar idi?
- Bəzən məşqçi o hərəkətləri etməlidi. Mənə elə gəldi ki, futbolçumuza qarşı kobudluq oldu. Həm də komandanı oyatmaq istəyirdim.

 

- Bu gün texniki zonadan göndərildiniz və komanda qol vurdu. Naxçıvanda texniki zonada olmağınız komandaya necə təsir edəcək?
- Bütün məşq proseslərini keçəcəyik. Məcburam ki, kənardan baxım. Əsası finala qədər düzgün köklənməkdi.

 

- Finala vəsiqəyə görə mükafatın məbləği nə qədər olacaq?
- Mükafatın məbləği deyilməyib. Uşaqların məqsədi finala çıxıb, kobuku qazanmaq idi. Futbolçularda bu istək görünürdü. Kuboku istefa vermiş Tale Heydərova ərmağan etmək istəyirik.

 

Xəbər xətti