21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzan Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç ikirlərini bildirib.
Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis məğlubiyyəti gözləmədiyini deyib:
"Rəqibin bizə qarşı necə oynayacağını bilirdik. Gözlədiyimiz kimi 10 nəfərlə müdafiə olunurdular. Təəssüf ki, oyun ərzində buraxdığımız bir səhvə görə məğlub olduq. Cinahlardan oyun quraraq rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Ustalıq səviyyəsinin çatışmaması özünü göstərdi. Yəqin ki, bu da futbolçuların qələbə qazanmaq istəklərinin çox olması ilə əlaqədardır. Təbii ki, bu cür nəticə gözləmirdim".
41 yaşlı çalışdırıcı düzgün yolda olduqlarını bildirib:
"Futbolçulara deyəcək sözüm yoxdur. Onlar bütün bacarıqlarının maksimum yerinə yetirdilər. Futbol elə bir oyun odur ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdır. Bilirəm ki, biz düzgün yoldayıq. Çox yaxşı təlim-məşq toplanışı keçirdik. Futbolçura görə çox təəssüflənirəm. Oyun ərzində bir neçə qol imkanı yaratdıq, ancaq istifadə edə bilmədik. Bu oyun bizim üçün bir dərs olacaq".
Obradoviç məğlubiyyəti üzərinə götürüb:
"Bu məğlubiyyətin məsuliyyəti mənim üzərimdədir. Komanda uduzanda günahkar mənəm. Komanda qalib gələndə bu, futbolçuların qələbəsidir. İstərdim ki, komanda olaraq – həm biz məşqçilər, həm də futbolçular bu məğlubiyyətdən nəticə çıxaraq. Növbəti oyunlara daha çox çalışmalıyıq, daha yaxşı hazırlaşmalıyıq".