"Səbail" "Levski"nin sabiq futbolçusundan imtina etdi

12:26 - 3 İyul 2019

"Səbail" baxışa dəvət etdiyi konqolu hücumçu Junior Mapuku ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Aftand Hacıyev Bolqarıstanın "Beroe" klubu ilə yoxlama görüşündən sonra istənilən səviyyədə olmayan hücumçudan imtina edib.

 

Avropa Liqasında mübarizə aparacaq "dənizçilər" hazır vəziyyətdə olan hücumçu axtarır. Buna görə də, "Səbail" 29 yaşlı futbolçu ilə müqavilə imzalamayıb.

 

Son olaraq Rumıniyanın “Dunarea Kalarasi” klubunda çıxış edən Mapuku peşəkar karyerasına Fransa “Monako”sunda başlayıb. “Knyazılıq klubu”nun əsas komandasında debüt şansı qazanmayan forvard B komandasında çıxış edib.

 

Mapuku ən məhsuldar dönəmini 2014/15 mövsümündə Bolqarıstan klubu "Beroe"da yaşayıb. O, 43 oyuna 16 qol vurmuşdu. 2016/17 mövsümündə "Beroe"yə qayıdan hücumçu 25 oyuna 12 qolla yadda qalıb. Sofiya "Levski"sində 19 oyuna 6 qol vuran Junior 2018-ci ildən enişdədir.

 

O, “Dunarea”nın heyətində ötən mövsüm Rumıniya II Liqasında cəmi 73 dəqiqə meydanda olub və qol vura bilməyib.

 

Xəbər xətti