Ramil Şeydayevə daha bir rəqib - 20 milyonluq transfer

01:16 - 6 Avqust 2019

Rusiyanın "Dinamo" klubu hücumçu transferi həll edib.

 

Sportal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Moskva təmsilçisi Almaniyanın "Borussiya" klubunun hücumçusu Maksimilian Filippin transferində razılıq əldə edib. Bu keçid paytaxt klubu dortmundlulara 20 milyon avro təzminat ödəyəcək.

 

Almaniyalı futbolçu tibbi müayinədən keçib, müqavilə imzalamaq üçün Moskvaya gələcək.

 

Bu keçid "Dinamo" tarixinin ən bahalı transferi olacaq. Premyer Liqa təmsilçisi 20 milyon avronu taksitlə ödəyəcək. "Mavi-ağlar" bu yolla büdcə üzərindəki yükü azaldıb. Bundan əlavə, UEFA Maliyyə Feyr-Pley qaydalarına da riayət etmək lazım gəlib.

 

"Dinamo" daha öncə Fransanın "Marsel" klubunun 25 yaşlı hücumçusu Klinton Njeni 5,5 milyon avroya transfer etmişdi.

 

"Borussiya" Maksimilian Filippi 2017-ci ildə "Frayburq"dan 20 milyon avroya transfer edib. 25 yaşlı hücumçu 2017/18 mövsümündə Bundesliqada 20 oyuna 9 qol vurmağı bacarmışdı. Lakin ötən mövsüm çempionatda 18 oyuna çıxan futbolçu cəmi 1 qola imza atıb.

 

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir. 23 yaşlı hücumçu Rusiya Premyer Liqasının ilk 4 turundan sonra 1 assist edib.

Xəbər xətti