Mövsümün sonunda peşəkar karyerasını başa vuran Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov həvəskarlar Liqasında debüt edib.
Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu "Znamya" klubunun heyətində ilk oyununa çıxıb. Moskva çempionatı çərçivəsində keçirilən matça maraq böyük olub. Səmədovu izləmək üçün 4000 azarkeş stadiona gəlib.
Noqonsk bölgəsini təmsil edən komandada həmyerlimizlə yanaşı tanınmış rusiyalı futbolçular Roman Pavlyuçenko, Renat Yanbayev və Aleksandr Şeşukov da çıxış edir.
"Spartak"la Rusiya çempionu olan Səmədov "Znamya"nın heyətində "Vityaz" klubu ilə oyunda debüt edib. Onun debütü uğurlu alınıb. Belə ki, 35 yaşlı futbolçunun komandası bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb. Qollardan birini Rusiya millisinin sabiq üzvü Roman Pavlyuçenko vurub.
"Znamya" Moskva A Liqasında 16-cı qələbəsini qazanıb və turnir cədvəlində ikinci yerdədir.
Aleksandr Səmədov peşəkar karyerası ərzində "Spartak", "Lokomotiv", "Moskva", "Dinamo", "Krılya Sovetov" klublarında oynayıb. O, Rusiya millisinin heyətində 53 oyunda 7 qol vurub.
saytlarin hazirlanmasi