İspaniyanın "Valensiya" klubunun futbolçuları rəhbərliyin komandanın baş məşqçisi Marselino Qarsiya Toralı vəzifəsindən kənarlaşdırmasına etiraz etməyə başlayıb.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, sentyabrın 11-i Marselino Qarsiya Toralı istefaya göndərib, əvəzinə Albert Seladesi gətirən klub rəhbərliyinin qərarına futbolçular susmaqla etiraz edir.
La Liqanın IV turunda səfərdə "Barselona"ya 2:5 hesabı ilə uduzan "yarasalar"ın üzvləri oyundan sonra jurnalistlərə açıqlama verməyib.
Futbolçular etirazlarını Çempionlar Liqasında da davam etdirib. H qrupunda "Çelsi" ilə oyun öncəsi baş tutan mətbuat konfransına heç bir futbolçu gəlməyib. Yeni baş məşqçi Albert Selades media mənsublarının qarşısına tək çıxmalı olub.
43 yaşlı mütəxəssis futbolçuların qərarı barədə qısaca danışıb: "İdeal vəziyyət deyil. Belə qərar veriblər. Söyləyəcəyim başqa fikir yoxdur".
UEFA-nın qaydalarına əsasən, qrup mərhələsinin görüşlərindən öncə mətbuat konfransında baş məşqçi və bir futbolçunun iştirakı mütləqdir. "Valensiya"nın heç bir oyunçusu konfransa qatılmadığı üçün pul cəzası alacaq.
Komanda ötən mövsüm Marselino Qarsiya Toralın başçılığı altında Kral Kubokunu qazanıb və La Liqada 4-cü olub. Klubun sinqapurlu sahibi Peter Limlə fikir ayrılığı yaşayan 54 yaşlı mütəxəssis postundan göndərilib.
"Valensiya" klubunun azarkeşləri də rəhbərliyin bu qərarına etiraz edir.
Marselino Qarsiya Toral istefaya göndərilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında bu fikirləri səsləndirmişdi:
İyulun 19-u Sinqapura gedəndə Peter Lim məni Kral Kubokunu qazandığımz üçün deyil, Çempionlar Liqasında vəsiqə qazandığımız üçün təbrik elədi. Necə çaş-baş qaldığımı təxmin edə bilərsiniz. Komandadan göndərilməyim liqadakı nəticələrə görə deyil. Kral Kubokunu qazanmağımızın buna səbəb olduğundan əminəm. Mövsüm ərzində bu kubokdan imtina etmək məcburiyyətində olmağımızla bağlı birbaşa və dolayısı ilə mesajlar aldıq".
saytlarin hazirlanmasi