Aftandil Hacıyev: “Mən gələndə “Səbail”dən milliyə futbolçu çağırılmırdı” - MÜSAHİBƏ

16:42 - 24 Sentyabr 2019

“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin futbolpress.az-a müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Yay transfer pəncərəsində ən hərəkətsiz  klub “Səbail” oldu. Hətta dağılmaq təhlükəsi haqda xəbərlər çıxdı. Mövsümün 5 turundan sonra 10 xalla 2-ci pilldəsiniz. Olanlardan sonra nəticələri belə gözləyirdiniz?
 - Açığı, gözləmirdim. Lakin bu, hələ başlanğıcdır. Qarşıda ardıcıl iki səfər matçımız var. İndiyədək olan nəticələr hələ ciddi nəsə demək deyil. Hazırlıq prosesində özümüz hiss edirdik ki, komanda kimi oyunumuz pis olmayacaq.
 
- Zəifləmənin, yaxud ən yaxşı halda, güclənməmənin fonunda klub rəhbərliyinin komandadan gözləntiləri nə idi?
- Mövsümöncəsi söhbətlərdə baş verənlər nəzərə alınaraq, qarşımızda qoyulan hədəflər də uyğun seçildi. Yəni “Səbail”in qarşısında  mükafatlıq yerlər, avrokuboklar hədəfi qoyulmayıb. Lakin bu o demək deyil ki, arxayınlaşmalıyıq. Döyüşkən heyətimiz var və bu da imkan verir ki, qarşımıza ciddi hədəflər qoyaq.
 
- Mövzunun davamında prosesin “Səbail”in fəlsəfəsinə təsirini öyrənmək istərdim. Klub yaradılanda açıqlanmışdı ki, əsas məqsəd milli komandalarçün futbolçu hazırlamaq/yetişdirməkdir. Maddi imkanların zəifləməsinin bu  fəlsəfəyə pis təsiri hiss edilirmi?
- Təvazökarlıqdan uzaq çıxmasın, mən təyin olunanda “Səbail”dən milliyə futbolçu çağırılmırdı. Heyətə qatdıqlarımız da köhnə klublarında dəvət alanlardan deyildi. Lakin indi əsas yığmaya da, digər yaş qruplarına da kifayət qədər futbolçu göndəririk. Hələ namizəd adlar da var. Bu da onu göstərir ki, iş doğru qurulub və belə də olmalıdır. Maddi çətinliklərin isə bu prosesə ciddi təsir etməyəcəyini düşünürəm. Çünki komandanın hazırlıqları və digər detallarçün şərait istənilən səviyyədə qurulur. Əsas problem daha böyük iddialarda yarana bilər.
 
- Problemin haçanadək davam edəcəyi haqda nəsə deyə bilərsiniz?
- Təbii ki, dəqiq nəsə demək çətindir, lakin inanmıram uzun müdət belə olsun. Qış fasiləsinədək çox məsələlərə aydınlıq gələcək yəqin.
 
- Rəhbərliklə söhbətiniz olubmu bu haqda?
- Mənə bildirilən budur ki, müxtəlif sponsorlarımız var, onlardan gələn gəlirlərdə azalma mövcuddur və bu, məcburi haldır. Lakin daimi deyil.
 
- İddialar var ki, ötənilki büdcədən heyətin gücləndirilməsi üçün həddən çox məsrəf edilib deyə, bu il çətinlik yaranıb...
- Doğru məlumat deyil. Klubumuz ötən mövsüm 3 ən az büdcəsi olanlardan biri idi. Lakin etdiyimiz transferlər uğurlu oldu və nəticədə Avropa Liqasına vəsiqə qazandıq. Normalda belə klubda büdcə daha da artırılır ki, heyət güclənsin, hədəflər daha da böyüsün. Təəssüf ki, belə olmadı. Lakin büdcənin azaldılmasına səbəb qətiyyən bunlar deyil.
 
- Bəlkə başqa məşqçi olsa, bu sualı verməzdim, sizin mədəni səviyyəniz və səmimiyyətinizə bələdəm deyə, istəyirəm maraqlananlarçün ən vacib məqama aydınlıq gətirəsiniz. Klubdaxili ikitirəlik var?
- Vallah, klub idarəçiliyində, yəni daha yuxarılarda nə necədir – dəqiq deyə bilmərəm, ancaq mənə və komandaya qarşı münasibətdə hər hansı ikitirəlik hiss etməmişəm.
 
- Çünki klub ətrafında uzun müdətdir ki, ən çox müzakirə edilən mövzu budur, detallı aydınlaşdırılmasına ciddi ehtiyac vardı...
- Həqiqətən, klubdaxili hər hansı gərginlik, xoşagəlməz hal və ya münasibətlər mövcud deyil. Hər kəs rahat işini görə bilir. Münasibətlərdə anlayış səviyyəsi yüksəkdir.
 
- Daha iki məsələ var ki, sıx müzakirə olunanlar arasındadır. 1. Nəticələr pisləşən kimi uzaqlaşdırılacaqsınız, 2. Qış transfer dönəmində komanda gücləndirilməsə, istefa verəcəksiniz...
- Bu tipli mövzular səmimi söhbətlə rəhbərliklə müzakirə edilib. Və hazırda bu haqda deyilənlər həqiqəti əks etdirmir. Sponsorlardan formalaşan büdcənin azalması və ya çoxalması təbii prosesdir. Burda hansısa süni əngəllərdən söhbət gedə bilməz, ən azı, mən bunu hiss etmirəm. Qaldı ki, uzaqlaşdırılmaq və ya istefa vermək məsələləri və onların göstərilən səbəbləri – belə deyil. Biz uğurlu nəticələrin davamı üçün çalışırıq və burada hər kəs bununçün səfərbər olub.
 
- Essyen gələndən bu yana getdikcə daha az olur meydanda. Hazırlığından qaynaqlanır bu, yoxsa...
- Essyen haqda çox suallar olur və demək olar, hər məsələyə adınlıq gəlib. Getdikcə az oynamasına bəzi səbəblər var. Bilirik ki, bizə gələnədək ilyarım böyük futbol oynamamışdı və bu, ciddi məqamdır. Getdikcə formasını yaxşılaşdıra bilər. Bizim qarşıda onu start heyətində oynatmaq planımız da var. Bilirsiniz ki, hazırda Milandadır. Bu tip kommersik və digər yaradıcılıq tədbirlərində çox iştirak edir və təbii ki, bunlar da onun yaxşı hazırlaşmasına mane olur. Sabah gələcək və hazırlıqlara qoşulacaq. Qeyd etdiyim kimi, qarşıdakı bəzi oyunlarda hətta startda meydana buraxmaq fikrimiz var.
 
- Onun təcrübəsindən faydalanmaq..?
- Essyenin futbolda necə məşhur ad olduğu məlumdur. Təbii ki, bu barədə onunla söhbətlərimiz çox olur, fikir mübadiləsi edirik. Onun məqsədi gələcəkdə iddialı komandalarda məşqçi olmaqdır. Azərbaycanda bu istiqamətdə təcrübə toplaması üçün də şərait yaradılıb. U-19 komandasında proseslərlə sıx maraqlanır. Lakin bu, azdır. Daha çox məşğul olmaq gərəkdir.
 
- Bəs o sizə oynayan məşqçi, yaxud köməkçiniz olmağı təklif etsə?
- Məmnuniyyətlə hər bir dəstəyə hazırıq. Özü hələ oynamaq, futbolçu karyerasını davam etdirmək istəyir. Lakin məşqçilik istiqamətində hər hansı təcrübədən fayalanmaq niyyəti olsa, buna hazırıq.
 
- Son sualım. Esyenlə Eltunun meydanda olma müddətləri təxminən yaxındır. Hansı daha yaxşı hazırlıqlıdır?
- Biri komandanın kapitanıdır, biri ən nüfuzlu ad. Hər ikisi bizimçün bu mənada çox lazımlıdır. İkisinin də təcrübəsindən, imkanlarından fayda görürük və görəcəyik. Hər ikisinin təcrübəsinə qarşıdakı oyunlarda start heyətində meydana buraxacaq dərəcədə inanırıq.

Xəbər xətti