Azərbaycan Premyer Liqasında VII turun “Neftçi” – “Səbail” (2:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Komandamın oyunundan razı qaldım. İlk hissədə standart vəziyyətdən iki qol buraxdıq. Rəqibin bunda üstün olduğunu bilirdik. Futbolçulara diqqətli olmağı tapşırsaq da, alınmadı, Fasilədən sonra daha çox hücm etməyə çalışdıq. Qol bir qədər gec gəldi. Bərabərliyə vaxt çatmadı. Ümumən, oyunumuzdan razı qaldım. Xal qazanmadığımıza görə məyusam. İlk dövrənin nəticələrini qənaətbəxş saymaq olar. Daha yaxşı və pis ola bilərdi. Fasilədən səmərəli istifadə etməyə çalışacağıq.
- Ardıcıl iki məğlubiyyətdən sonra nəyi dəyişmək lazımdı ki, komanda özünə gəlsin?
- Biz məğlubiyyətlər yox, oyunumuzu yaxşılaşdırmaq üçün çalışırıq. Mövsümdən əvvəl başqa heyət idi, indi fərqli. Belədə turdan-tura artırmalısan. Komandada inkişaf hiss edilir. Maraqlı oyun oldu. Hər bir azarkeş həzz aldı matçdan. Xüsusi dəyişikliyə ehtiyac yoxdu, yeni futbolçular ala bilsəydik, daha rəqabətcil komandamız olardı.
- Fəhmin Muradbəylinin ehtiyatda qalması nə ilə bağlı idi?
- Zədəli idi. 6 gün məşq edə bilməmişdi. Onu meydana buraxmağımız risk idi. Amma dedi ki, oynamağa hazıram. Hücumameylli futbolçulardan istifadə etmək istəyirdik ki, onu sonradan meydana buraxmaq lazım gəldi.
- Demişdiz ki, “Qarabağ” digər klublardan 5 baş üstündü. Bu gün “Neftçi”ni də daha yaxından gördüz. Fikrinizdə qalırsız?
- Fərqli komandalardı. “Qarabağ” daha çox topa sahib olma keyfiyyətli oyunçulara sahibdi, amma “Neftçi” əsasən atletik futbol oynayır. “Qarabağ” topla oynamağa imkan vermir, amma “Neftçi”də belə fərq o qədər də olmur, sənə də oynamaq imkanı verirlər. Bu, o demək deyil ki, “Neftçi” “Qarabağ”dan zəifdi və mübarizə apara bilməz. Hər ikisi güclü komandalardı.