Tovuzda danışılmış oyunlarla bağlı iclas: "Onları lənətləyirik"

15:50 - 16 Dekabr 2019

AFFA İntizam Komitəsi I Divizion təmsilçisi “Turan Tovuz”un 7 oyunçusunu futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoymuşdu.

 

Sportal.az xəbər verir ki, Tovuz təmsilçisində iclas keçirilib. 2 saatdan çox davam edən iclasda “Turan Tovuz” İB-nin Müşahidə Şurasının sədri Oqtay Abdullayev, icraçı direktor Nadir Nəbiyev, Müşahidə Şurasının üzvü Rəşid Məhərrəmov, Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, məşqçi, futbolçu və işçi heyəti və fəal azarkeşlər iştirak edib. Toplantıda “danışılmış oyunlar”ın zərərindən geniş söhbət açılıb. Azərbaycan futbolunda xüsusi yerə malik olan Tovuz futbolunda belə neqativ halın yaşanmasının yolverilməz olduğu, bu “virus”un təmizlənməsi üçün birlikdə mübarizə aparmalı olması xüsusi vurğulanıb.

 

Qeyd edilib ki, klub dəfələrlə AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyaya rəsmi olaraq müraciət edərək, belə neqativ halların üstünün açılmasında köməklik göstərmələrini xahiş edib:

 

“Turan Tovuz” olaraq ölkə futbolumuzdan bu “virus”un təmizlənməsi üçün istər AFFA, istərsə də təhlükəsizlik orqanları ilə birlikdə mübarizə aparacağımızı bildirir, bu kimi neqativ hala əl atanların əməllərini qətiyyətlə pisləyir və lənətləyirik. Ümid edirik ki, bu mübarizə davamlı olacaq və futbolumuza daha çox ziyan vurmadan bu çirkin əməllə məşğul olanların hamısı layiqli cəzalarını alacaqlar!"

Xəbər xətti