Pep Qvardiolanın Münhen "Bayern"ini çalışdırdığı vaxtda komandanın qapıçısı Manuel Noyerlə bağlı maraqlı planı olub.
Sportal.az xəbər verir ki, münhenlilərin idarə heyətinin sədri Karl Hayns Rummeniqe bildirib ki, ispan mütəxəssis alman qolkiperin ayaqla oyun qurmasından olduqca razı olduğu üçün onu yarımmüdafiədə oynatmaq fikrində olub.
Rummeniqe çempionluğu rəsmiləşdirdikləri oyundan sonra Qvardiolanın Noyeri meydanın mərkəzində sınamaq üçün ona müraciət etdiyini deyib. 64 yaşlı funksioner bununla razılaşmayıb və rəqibə hörmətsizlik olacağını baş məşqçinin diqqətinə çatdırıb.
"Manuel bir qapıçı kimi meydan oyunçusu olmağı da kəşf etdi. O, bu mövqeydə inqilab edib. Pep Qvardiolanın Manuel Noyeri çempionluğumuzu rəsmiləşdirdiyimiz oyundan sonra meydan oyunçusu kimi meydana buraxmaq istəməsi hələ də yadımdadır. Onu bu fikrindən rəqiblərə hörmətsizlik olacağı üçün çətinliklə daşındırdıq. Ancaq əminəm ki, Noyer meydanın mərkəzində də yaxşı işlər görəcəkdi", - deyə klub rəsmisi bildirib.
33 yaşlı qapıçı 2011-ci ildən "Bayern"də çıxış edir. O, keçirdiyi 365 matçın 220-də qapısını toxunulmaz saxlayıb.
saytlarin hazirlanmasi