“Komandamızın hədəfi daha yuxarı pillələrdə yer almaqdı. Rəqiblərlə xal fərqi elə də çox deyil. Bunu aradan qaldırmaq olar. Bu kollektivlə çempion ola bilərik”.
Sportal.az xəbər verir ki, bu sözlər “Kəpəz”in futbolçusu Tural Qürbətova məxsusdur. Klubun mətbuat xidmətinə açıqlama verən hücumçu “sarı-göylər”in çempionatın ikinci dövrəsinə uğurlu start verməsindən danışıb:
“Fasilədən sonra keçirilən ilk oyunda MOİK ilə qarşılaşdıq. Meydança və çətin hava şəraitinə baxmayaraq qələbə qazandıq. Start həmişə ağır olur. Çempionata qələbə ilə başlamağımız komandanın əhval-ruhiyyəsini daha da yüksəltdi. Bakıdan 3 xalla dönəcəyimizi gözləyirdim. Yaxşı komandamız var. Uşaqlar bütün oyunlara səylə hazırlaşıb özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar”.
MOİK-ə qarşı matçda Gəncə klubunun minimal hesablı qələbəsi qeydə alınıb. Oyunda yeganə qolun müəllifi də Qürbətov olub: “Komandaya qış fasiləsində qoşulmuşam. Təlim-məşq toplanışında məşqçilərin bütün tapşırıqlarını yerinə yetirməyə çalışmışam. MOİK ilə görüşə tam hazır idim. Hiss edirdim ki, meydana çıxacağam. İlk qarşılaşmada qol vurmaq çox sevindiricidir. İnşallah, yenə şans versələr, çıxıb qollara davam etməyə çalışacağam”.
Tural heyətdəki rəqabət haqda da danışıb: “Qış transfer dövründə komandaya yeni futbolçular qoşulub, “Kəpəz” güclənib. Yeni gələnlər rəqabəti artırıblar. Hamı start heyətində yer almağa və oynamağa çox səy göstərir. Uşaqlar əllərindən gələnin artığını da edirlər. Bu da komanda üçün müsbət haldır. Nəticə qazanmaqla yanaşı, komandamız baxımlı futbol oynamağa da çalışır”.
saytlarin hazirlanmasi