Elnur Məmmədli: “Formada qalmaq üçün mütləq həftədə bir oyun şərh etməlisən” - MÜSAHİBƏ

23:23 - 27 Mart 2020

Dünyanı bürüyən koronavirus pandemiyasına görə idman yarışları dayandırıldığından futbol şərhçiləri də müvəqqəti olaraq sevimli peşələrindən uzaq düşüblər.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın tanınmış idman şərhçisi, “CBC Sport” telekanalının əməkdaşı Elnur Məmmədli mövzu ilə bağlı müsahibə verib.

 

- Şərhçilərimizin futbolsuz günləri necə keçir?

- Hamı necədirsə, biz də eləyik. Səhər saat 11-dən tez yuxudan oyanmaq olmur. Bir otaqdan o biri otağa keçirik.  Amma təbii ki, bütün bunlar vacib olan addımlardır. Hər kəs evdə qalmalıdır ki, koronavirus pandemiyası daha da yayılmasın və təhlükə daha da böyüməsin. Evdə edə biləcəyimiz kitab oxumaq, filmə baxmaq, xəbər saytlarını izləməkdir. Günümüz belə keçir. Arabir yaxınlıqdakı marketə gedirik. Demək olar ki, onda hava ala bilirik. Təbii ki, belə vəziyyət adamı darıxdırır, sıxır. Amma dözmək lazımdır. Məcburi  bir addımdır. Mənə elə gəlir ki, bütün bunlar insanların iradəsini möhkəmləndirir. Çünki həmişə komfort yaşamaq, hər zaman istədiyini etmək olmaz. Hərdən çətinliklərə də sinə gərməli olursan.

 

- Futbolsuz və idmansız günlərin yaradıcı insan olaraq sizə nə dərəcədə mənfi təsiri olub?

- Belə vəziyyətdə şərhçini də futbolçuya bənzətmək olar. O baxımdan ki, futbolçular formada qalmaq üçün mütləq həftədə 1 dəfə oyuna çıxmalıdırlar. Fikir verirsinizsə, milli komandaların matçları vaxtı yaranan fasilə müddətində klublar yoxlama oyunları keçirirlər.  Şərhçilikdə də belədir. Mütləq həftədə 1 oyun şərh etməlisən. Bəzən kimsə xəstələnir  və ya hansısa problem olur, həmin vaxt 2-3 həftə oyun şərh etmir. Sonra qayıdanda sanki formada olmur. Ona görə də şərhçiliyi də futbolçuların durumuna bənzədərdim. Sanki biz də formada deyilik. Qayıdandan sonra necə olacaq, hansı müddətdə uyğunlaşacağıq, bu da sual doğurur. Hazırda real olan vəziyyət budur.

 

- Yaranmış yaradıcı boşluğu necə doldurursunuz?

- Boşluğun müsbət tərəfi odur ki, mütaliə etmək üçün kifayət qədər vaxtın olur. Məsələn, nəyisə izləmək istəyirdin, oxumaq istəyirdin, amma vaxt tapa bilmirdin. Yalnız indi bu boşluğu doldurmaq üçün kifayət qədər vaxtın olur. Əsasən bəddi ədəbiyyat oxumaq baxımından yaxşı imkan əldə edirsən. Vaxtilə izləyə bilmədiyin filmlərə baxmaq imkanın olur.

 

- Belə durumlarda idman mediası necə görünür?

- Artıq sanki bu günlərdə idman ikinci plana düşüb. Məsələn, özümdən nümunə göstərim. Əvvəllər ilk növbədə idman saytlarını açıb, idman xəbərlərinə baxırdım. İndi isə səhər olan kimi ictimai-siyasi saytlara baxıram ki, koronavirusla bağlı dünyada, ölkədə vəziyyət necədir, azalma gedir, ya getmir, son 24 saatda Azərbaycanda yoluxanların sayı nə qədərdir? Yəni, idman artıq ikinci plana keçib. Yalnız o tipli idman xəbərlərinə baxırıq ki, hansı futbolçu koronavirusa yoluxub. Çünki idmanda başqa bir hadisə də baş vermir. Hər şey donub. Yalnız şahmat üzrə İddiaçılar turniri vardı, o da yarımçıq dayandırıldı. Futbol isə artıq xeyli vaxtdır dayanıb.  Bir çox futbol adamlarının da dediyi kimi, indi əsas olan insanların can sağlığıdır. Futbol bu günlərdə o qədər də yada düşmür.

 

- Dünyada əksər liqalar dayansa da, Belarus və Nikaraqua çempionatı davam edir. Heç həmin liqaları izləmək imkanınız olub?

- Düzdür, Belarus çempionatında 1 oyuna baxdım. Avstraliya çempionatından da "Nyukasl" - "Melburn" oyunu gedirdi, ona da baxdım. Sonra iş elə gətirdi ki, həmin oyunun səhəri günü Avstraliya çempionatı da dayandırıldı. Belarus çempionatı da bir növ bizim çempionata oxşayır. Boş tribunalar, kiçik stadion, oyunçuların ustalıq səviyyəsi və digər cəhətdən demək olar ki, fərqlənmir. Heç olmayan yerdə təbii ki, ona da baxanlar olacaq. Çünki başqa seçim, alternativ variant yoxdur. Avstraliya çempionatı nisbətən ustalıq səviyyəsi baxımından Belarus çempiomatından daha yaxşı idi. Amma iş ondadır ki, orada da matç azarkeşsiz keçirilirdi. Azarkeşsiz futbol izləmək isə heç zövq vermir. Azarkeşsiz oyuna baxmaqdansa, başqa işlə məşğul olmaq daha məqsədəuyğundur. Belarus çempionatı da ümumi götürsək, Azərbaycan çempiomatından yüksək səviyyədə deyil. Sadəcə, indi futbol yada düşmür. Türkiyə çempionatı da dayandırıldı. Əslində, Türkiyə Futbol Federasiyası çox çalışdı ki, çempionat davam etsin. Amma bu da yalnış qərar idi. Yaşxı ki, Azərbaycan çempionatı vaxtında dayandırıldı. Çünki indi də görürük ki, Türkiyədə bunun fəsadlarını yaşayırlar. Artıq neçə  futbol adamı, məşqçilər bu virusa yoluxublar. Bu təhlükəni eşidib, bilən kimi çempionat dayandırılmalı idi. Bu baxımdan məncə, Türkiyə Futbol Federasiyası gec addım atdı (qol.az).

Xəbər xətti