AFFA maddi problemlərlə üzləşən "Qəbələ" klubuna dəstək olacaq.
Sportal.az xəbər verir ki, bu barədə "Report"a klub prezidenti Fariz Nəcəfov məlumat verib. Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar aparılır. Nəcəfov hər cür infrastruktura malik region komandasının köməksiz qalmamalı olduğunu bildirib:
"Klubumuzun sərəncamında standart ölçülü 6 təbii və 2 süni örtüklü futbol meydanı var. Bundan əlavə, qapalısı da daxil olmaqla, müxtəlif ölçülü daha 3 süni örtüklü meydanımız mövcuddur. Böyük Əmili qəsəbə stadionu da kulubumuzun balansındadır. Hazırda Azərbaycan Premyer Liqasındakı bütün klublar burada təlim-məşq toplanışı keçir. Gizlətmirəm, bu, kommersiya baxımından da bizə sərfəlidir. Amma heç bir ayrıseçkiliyə yol vermədən meydanlarımızı məşq və yoxlama oyunları üçün təqdim etmişik. Xüsusən regionlarımızda ölkə futboluna xidmət edən ikinci belə baza yoxdur. Bu cür imkanlara malik komandaya dəstək verilməlidir".
Klub prezidenti AFFA ilə aparılan danışıqların müsbət nəticələnəcəyinə inandığını bildirib: "Hələ mövsümün ilk yarısında çətinliklərlə üzləşdiyimiz vaxt milli assosiasiyadan bizə köməklik göstərə bilməyəcəklərini demişdilər. Səbəb kimi mövsümün ortasında büdcədə bunun üçün vəsaitin olmaması göstərilmişdi. Amma artıq mövsümlərarası fasilə dövrüdür və konkret addımlar üçün kifayət qədər vaxt var. Ümid edirəm ki, tezliklə məsələ müsbət həllini tapacaq".
"Qəbələ"nin qarşıdakı mövsüm üçün büdcəsi hələ təsdiqlənməyib. Bu, baş sponsorun kluba yüksək səviyyədə dəstək vermək üçün lazımi imkanlara malik olmaması ilə əlaqələndirilib.
saytlarin hazirlanmasi