"AFFA rəhbərliyi hələ də başa düşmür ki..." - Vidadi Rzayevdən sərt sözlər

16:01 - 29 İyul 2020

"Kəpəz"in əfsanəsi Vidadi Rzayev millimizə baş məşqçi təyinatı ilə bağlı münasibətini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, sabiq futbolçu De Byazinin də millimizdə uğur qazana bilməyəcəyini söyləyib:

 

"Bəziləri kimi yalan danışıb, insanların gözünə kül üfürməyi bacarmıram. Bizə indiki halda italyan, alman, ispan lazımdır? Vallah-billah, bizə bu gün kənardan gələn məşqçi lazım deyil. Əcnəbi dəvət etməklə nəyə nail olacağıq? Sizi əmin edirəm ki, futbol adına heç nə əldə etməyəcəyik. Sadəcə, kimlərsə bu müqavilədən qazanc əldə edəcək, maklerliyə görə pul qazanacaq.

 

Mən futbol oynamışam, ölkənin sayılıb-seçilən futbolçularından olmuşam. Ola bilsin ki, gənclər Vidadi Rzayevin kim olduğunu bilmir, ancaq orta və yaşlı nəslin nümayəndələri futbolçu kimi nəyə qadir olduğumu yaxşı xatırlayırlar.

 

Bu işin içində olan və gedən prosesləri yaxından izləyən biri kimi sizə əminliklə deyirəm ki, De Byazi olmasın, başqa birisi, dünyanın bir nömrəli məşqçisi dəvət olunsun, xeyri yoxdur. Karlos Alberto Torres gəldi, nə oldu? Adam dünya çempionu idi. Berti Foqstu unutmamışıq. Futbolçu kimi Almaniya millisində dünya çempionu olmuş, baş məşqçi kimi Avropa çempionu etmiş biri idi. Onun rəhbərliyi altda nə qazandıq?

 

Heç nə. Prosineçki, Yurçeviç, indi də De Byazi. Hələ də AFFA rəhbərliyi başa düşmür ki, Azərbaycan millisinin baş məşqçi postuna əcnəbi dəvət etməklə bizim futbolçular nə brazliyalı, nə alman, nə xorvat, nə də italiyan olacaq. Onların beyni azərbaycan kimi işləyəcək. Belə olan halda milyonları boş yerə sərf etmək nəyə lazımdır? Bizə dilimizi, dinimizi, futbol fəlsəfəmizi bilən məşqçi lazımdır" (Futbol+).

Xəbər xətti