Ramin Musayev: "Nə qədər ki, bu problem davam edir, stadiona gəlmək olmaz"

16:45 - 12 Avqust 2020

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb. Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib:

 

“Bütün futbol ailəsinə gözaydınlığı verirəm. Yeni mövsümün püşkatma mərasiminə başlayırıq. Ümid edirəm ki, bu dəfə çempionatımız ötən mövsümdən fərqli olaraq axıra qədər davam edəcək. Son mövsümün problemlə başa çatması nə sizdən, nə də bizdən asılı idi.

 

Builki çempionatda bəzi dəyişikliklər olacaq. Belə bir qərar qəbul etmişdik ki, futbol bərpa olunduqdan sonra komandalara 5 əvəzetməyə icazə verəcək. Amma yeni mövsüm üçün ayın 3 olmasını məqsədəuyğun hesab edirik. Limitlə bağlı heç bir dəyişiklik olmayacaq. Komandalar yenə start heyətdə 6 legioner, 4 yerli oyunçudan istifadə edə biləcəklər, 1 nəfər isə 1998-ci il və ya daha gənc azərbaycanlı olmalıdı. Bütün klublardan xahiş edirik ki, koronavirusla mübarizəni unutmasınlar, çempionatımzda heç bir problem yaranmasın deyə, qaydalara diqqət etsinlər. İstər məşq, istərsə də oyun zamanı heç nəyi nəzərdən qaçırmaq olmaz. Stadionlar oyuna 3 saat qalmış bağlanmalıdı. Ora gələn klub nümayəndələri mütləq maskadan istifadə etməlidi. Yalnız baş məşqçi, meydanda olan futbolçular, hakimlər və əvəzetmədən oyuna qoşulacaq futbolçulara maskadan istifadə etməmək icazəsi verilir. Oyundan öncə komandalarən birlikdə şəkil çəkdirməsi, futbolçu və hakimlərin görüşməsi qadağan olunur. Qadağa bir az sərt çıxır, ancaq unutmamalıyıq ki, hər birinizin təhlükəsizliyi üçündü. Bunu heç birimiz kefdən eləmirik.

 

Yeni mövsümdə bütün klublara uğurlar arzulayırıq. Artıq komandalarımızın avrokubokdakı rəqibləri də bəllidi. Deyirlər ki, uğurlu püşkdü. Mən də deyərdim, düşərli olsun. Amma bir komanda bura düşübsə, deməli, zəif deyil. Komandalarımız avrokubokda tək özlərini yox, həm də Azərbaycan adını təmsil edirlər. Arxayın olmasınlar ki, bizə zəif komanda düşüb. İndi zəif komanda yoxdu. Hər birinə uğur arzulayırıq.

 

Azarkeşlərə səslənib demək istəyirəm ki, onların stadiona girişinə icazə verilmədiyi üçün bizdən inciməsinlər. Bizi anlamaq lazımdı. Azarkeşlərimiz üçün bütün oyunlar canlı yayımlanacaq, televiziyadan izləyə bilərsiz. Nə qədər ki, bu problem davam edir, stadiona gəlməyə ehtiyac yoxdu. Bu durumla barışmalıyıq, incimək olmaz. Mətbuat işçilərindən də qayda və tövsiyələrə diqqət etmələri xahiş olunur”.

 

Daha sonra o, püşkatmanın aparıcısı olan “CBC Sport”un əməkdaşı Pərviz Musayevin suallarını cavablandırıb.

 

- Komandalardan birində yoluxma halı baş verərsə, hansı addımlar atılacaq?
- Elə bir anı yaşamaq istəməzdik. Əgər bu, baş verərsə, bizdən üst qurumların qərar və tövsiyələrinə əməl edəcəyik. Son qərar bizdən asılı olmayacaq.

 

- Mövsüm avqustun 21-də başlayacaq, 28-dən isə yığmanın toplanışı və daha sonra Millətlər Liqasında oyunları olacaq. Belə çıxır ki, br turdan sonra yenidən fasilə veriləcək?
- Düz buyurursuz. Millinin yeni baş məşqçisi avqustun 28-də yığmanı bir yerə toplamaq istəyir. Onun istəyinə hörmətlə yanaşaraq belə qərara gəldik ki, 21-də çempionatı başlayaq, 28-dən isə millinin toplanışı başlasın və tur keçirməyəcək. Ancaq elə də ola bilər ki, 4 matçı da eyni gündə etməklə 2-ci turu təşkil edək.

 

- Çempionat üçün sponsor olacaq?
- Olmayacağını deməzdim. Pandemiya hamıya ziyan vurub. Bir şirkətlə danışıq gedirdi. Mart-apreldə uzunmüddətli müqavilə gözləyirdik. Ola bilər ki, həmin şirkətlə sövdələşmə baş tutsun. Ehtimal var ki, sponsor olsun.

Xəbər xətti