"Təəssüf ki, Qara Qarayev "Şerif"də deyil" - Zoran Zekiç

19:26 - 25 Avqust 2020

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şerif” matçından öncə Moldova klubunun baş məşqçisi Zoran Zekiçin mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

- “Şerif” artıq 3-cü dəfə “Qarabağ”la üz-üzə gələcək...
- Oyundan əvvəl bunun müsbət, yoxsa mənfi hal olduğunu demək çətindi. İstənilən halda, Bakıda olmaqdan məmnunam. “Qarabağ” favoritdi. Komanda uzun illərdi Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələsində oynayır. “Qarabağ”ı Zaqreb “Dinamo”su ilə müqayisə edə bilərəm. Hər iki klub böyük hörmətə malikdi. Rəqibin baş məşqçisi uzun illərdi bu komandanı çalışdırır. Ümid edirəm ki, 3-cü dəfə bizim üçün uğurlu olacaq.

 

- “Sileks”lə oyundan sonra Şimali Makedoniya klubunun baş məşqçisi “Qarabağ”ın əvvələ nisbətən daha zəif görüb. Həmin matçı izləmisizmi? “Qarabağ”ın hansı güclü və zəif cəhətlərini qeyd edə bilərsiz?
- Təbi ki, həmin matçı izləmişəm. Uzun müddət futbolsuz qalmasına baxmayaraq, “Qarabağ” yaxşı oyun göstərdi. Yaxşı baş məşqçi və heyətə malik komandadı. Rəqibin zəif və güclü tərəfləri barədə futbolçularımıza məlumat vermişik. Sabah bunu meydanda görəcəyik.

 

- Azarkeşsiz olsa da, rəqib meydanında oynamağın psixoloji və ya başqa aspektdən hansı təsirləri var?
- Azarkeşsiz oynamaq təsir edir. Futbol onlar üçündü. Çempionlar Liqasının finalında da başqa effekt olduğunu gördük. Komandamız 9 aydı bağlı şəraitdə məşq edir. Bu da futbolçulara təsir edir. “Qarabağ” evdə oynayır. Ancaq matçın azarkeşsiz keçirilməsi mebelsiz qonaq qəbul etmək kimidi. Meydançanın vəziyyəti ilə tanış olacağıq. İlkin təəssürat belədi ki, əvvəlki illərdə olduğu kimi deyil və Çempionlar Liqasının səviyyəsinə uyğun gəlmir.

 

- “Qarabağ”ın heyətində ən çəkindiyiniz futbolçu kimdi?
- “Qarabağ” hərtərəfli güclü komandadı. Əsas məqamlardan biri komandaya uzun illər rəhbərlik edən məşqçinin olmasıdı. “Qarabağ” oturuşmuş heyətə malikdi. Filip Ozobiç, Uroş Matiç və sol cinah müdafiəçisi Donald Geryeni qeyd edə bilərəm. Ən çox Qara Qarayevin oyununu bəyənirəm. Xorvatiya ilə Azrbaycanın oyununu izləmişəm. Təəssüf ki, o, bizdə deyil.

 

- Mərhələnin bir oyundan olmasının hansı təsirləri var?
- İki komanda mübarizə aparır. Hər şey bizim əlimizdə deyil. Mediada “Qarabağ” haqda o qədər yazıblar ki, bəlkə də, meydana çıxmağa ehtiyac qalmır. Mərhələnin tək oyundan ibarət olmasının müsbət tərəfləri ola bilər.

 

- Sərəncamınızda “Qarabağ”ı yaxşı tanıyan Riçard Qadze var. Onun xidmətlərindnən nə dərəcədə istifadə etməyi düşünürsüz?
- Bu, oyunun gedişindən asılıdı. Bir neçə planımız var. Matçın gedişində dəyişikliklər edib, onun xidmətindən yararlana bilərik.

Xəbər xətti