«Milliyə çağırılan futbolçuların adlarını eşidəndə çox təəccübləndim».
Sportal.az xəbər verir ki, bu sözləri «Xəzər Lənkəran»ın və yığmanın sabiq hücumçusu Zaur Ramazanov deyib.
Azərbaycanın UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Canni De Byazi avqustun 27-dən başlanacaq hazırlıq prosesinə 26 futbolçu çağırıb. Daha 8 nəfər isə ehtiyat oyunçu qismində nəzərdə tutulub.
Lüksemburqla görüş sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Azərbaycan millisi Kiprlə bundan 3 gün sonra Nikosiyada GSP stadionunda qarşılaşacaq.
Z.Ramazanov yeni baş məşqçinin açıqladığı və heç də birmənalı qarşılanmayan siyahının doğru tərtib olunmadığını bildirib:
«Orada elə futbolçular var ki, çoxdandır oynamır. Öz klublarında forma geyinməyənlərin milliyə çağırılmasıını başa düşmürəm. Bu, çox qəribədir. Belə çıxır ki, ya De Byazi oyunları izləməyib, ya da qarşısına hazır siyahı qoyulub. Ağlıma başqa fikir gəlmir. Ya da ki, futbolçularla bağlı yekun fikrini sonraya saxlayıb.
Qardaşım olduğu üçün demirəm, Ağabala son vaxtlar yaxşı formadadır. O, bunu Premyer Liqanın ilk turunda da göstərdi, «Qəbələ»yə qol da vurdu. Namiq Ələskərovun da adını çəkə bilərəm. Bu futbolçular kənarda qalmamalıdır. Onlar öz mövqelərində milliyə çağırılan digər futbolçulardan bu dəqiqə beş dəfə güclüdür və formadadır» (sportinfo.az).
saytlarin hazirlanmasi