Gürcüstan millisi, “İnter” (hazırkı “Keşlə”) və son olaraq “Neftçi”də işləmiş analitik məşqçi Ağakişi Mehdizadənin AFFA-nın təşkil etdiyi E-Milli liqada iştirakına icazə verilməyib.
2017-ci ildə oyun alğı-satqı olayında adı hallanan mütəxəssis AFFA-nın İntizam Komitəsisin qərarı ilə ömürlük futboldan uzaqlaşdırılmışdı.
Güman etmək olar ki, AFFA-nın və ya “yuxarılar”dan kiminsə təzyiqi ilə gənc mütəxəssis kiber yarışa buraxılmayıb. Bu səbəbdən Sportal.az Mehdizadənin fikirlərini öyrənib.
“E-milli liqanın keçirilməsinin tərəfdarıyam. Kiber sportun Azərbaycanda inkişafına böyük təkan olacaq. FIFA və PES oyunlarının ölkəmizdə kifayət qədər azarkeşləri var. Çoxdandır PES oynayıram və Ukrayna, Rusiya kimi ölkələrin təşkil etdiyi turnirlərdə iştirak etmişəm. Bu yarışlara qatılan ən yaxşı iştirakçıları Ukrayna və Rusiya klubları heyətlərinə götürür. Bizdə də bu yarışın keçirilməsini müsbət sayıram. Ancaq bu turnirdə iştirak etməməyim mənə məyusedici və qaranlıqdır.
2017-ci ildə “Neftçi”də işlədiyim vaxt “Keşlə”yə 3:1 hesabı ilə qalib gəldiyimz matçdan sonra futboldan ömürlük uzaqlaşdırılmışam. Hesabdan və oyunda nə baş verəcəyini bilib, heç kəsə demədiyim üçün barəmdə bu qərar verilib. Bu, çox absurd qərardır. Mən Avropada bir sıra adamlara danışmışam, hamısı deyir ki, ömürlük cəza qanuna uyğun deyil. Dünya futbolunda buna uyğun misallar çəkə bilərəm və hamısının cəzası 6-9 aylıq olub.
“Neftçi”də işləyirdim və komanda “Keşlə”ni 3:1 hesabı ilə məğlub etdi. Belə çıxır ki, mən bu oyunu almışam? Milyoner deyiləm ki, oyunu alım. Matçı almağım gülməli gəlir. Sadəcə, bilib kiməsə demədiyim üçün futboldan uzaqlaşdırılmışam. Kimdənsə pul almamışam və ya verməmişəm. Burada cinayətdən söhbət gedə bilməz. 2018-ci ildə prokurorluq günahsız olduğum üçün işimi bağladı.
Həmin vaxt Mirhseyn Seyidovla Nizami Hacıyev də futboldan ömürlük uzaqlaşdırılmışdı. Ancaq onlar həvəskarlar liqasında oynayırdılar. Səhv etmirəmsə, AFFA-nın təşkil etdiyi Alfa liqada oynamağa icazə var idi. Nizami isə Türkiyədə həvəskar liqada oynadı və transfer vərəqini də göndərmişdilər. Mən isə futboldan uzaq PES oyununda iştirak edə bilmirəm. Bu nə dərəcədə düzgündür?
Bu, kiber idmandır və burada bacarığımı göstərirəm. Hazırda yığma formalaşıb və E-Milli liqanın üzvləri məni tanıyırlar, gücümə bələddirlər və yığmaya kömək edə bilərəm. Bir neçə uğurlarım var. Bu yaxınlarda Rusiyanın “Lokomotiv” klubunun təşkil etdiyi turnirin qalibi oldum, rəsmi səhifədə bununla bağlı xəbər paylaşılmışdı. Ancaq məni öz çempionatımıza buraxmırlar. Sanki mən azərbaycanlı deyiləm, bunun açıqlamasını da vermirlər.
Neçə vaxtdır istəyirəm AFFA-ya gedim, bu barədə danışım. Öncə pandemiyaya görə gedə bilmədim, indi də qeyri-müəyyənlikdir. Artıq 3 il keçib və futboldan uzaq düşmüşəm və buna bir o qədər təəssüflənmirəm. Ancaq E-Milli liqanı AFFA təşkil etdiyi üçün mən qatıla bilmirəm. Buna çox üzülürəm. Bəlkə də ola bilər, kimsə bilməyərəkdən məni götürmür, istəyirəm bu məsələ aydınlaşsın. Mən də şans qazanıb, ölkəmi təmsil etmək istəyirəm. AFFA-nın təşkil etdiyi MFL liqasında oynamışam, amma kiber idman növlərinə məni yaxın buraxmırlar. Bu, mənə çox qaranlıqdır.
Futboldan uzaqlaşdırılan bir çox adamların yenidən işə qayıtdığını eşitmişəm. Mən AFFA-nın icraçı direktou Elxan Məmmədovla görüşə bilmirəm. Ancaq görürəm ki, belə olmaz. Mən bu işi yaxşı bacarıramsa, istəyirəm ki, özümü burada sübut edim. 2010-cu ildən “İnter”in (Bakı) əsas komandasında çalışmışam. Demək olar, ölkədə ən gənc analitik məşqçi mən idim. İnkişaf etmişəm, üzərimdə çalışmışam.
Gürcüstan millisinə gözəl gözlər gözlərimə görə götürülməmişdim. Orada da iş görmüşməm, sonra isə “Neftçi”də çalışdım. Bu söz-söhbətdən sonra isə hər şeyin üzərindən xətt çəkildi. Ortada gedən mən oldum, kimsə cəzasını çəkmədi, kitabı belə bağladılar. Hətta indi belə Premyer Liqanın baş məşqçilərindən zənglər olur, onlara kömək edirəm. Skaut, təhlil və məşqçi biliyim az deyil, bunu bacarıram. Gəncəm, 32 yaşım var, ailə sahibiyəm. Sevdiyim işdə çalışıb, ailəmə və futbolumuza kömək istəyirəm. Hamı səhv edir. Belə bir səhvə görə insanın üzərindən xətt çəkmək olmaz. İstəyirəm Elxan Məmmədovla görüşüm, onunla söhbət edim. Bu açıqlamanı şikayət kimi deyil, müraciət üçün verdim”, - mütəxəssis fikirlərini tamamlayıb.
saytlarin hazirlanmasi