“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında bu postda 50-ci oyununu keçirib.
Sportal.az xəbər verir ki, 2018-ci ilin yayında paytaxt təmsilçisinin “sükanı arxası”na keçən mütəxəssis komandanı 2018/19 mövsümünün 28, 2019/20 mövsümünün 20 matçına çıxarıb.
Cari çempionatın ikinci görüşü çalışdırıcı üçün yubileylə əlamətdar olub. “Zirə” ilə görüşdəki bu yubiley 1:2 hesablı məğlubiyyətlə nəticələnib. Baş məşqçi kimi komandasını 23-cü dəfə uduzan görən Hacıyevin aktivində 17 qələbə və 10 bərabərlik var.
“ASCO Arena”dakı məğlubiyyət “Səbail” üçün uğursuz yubileylərlə də diqqət çəkib. Bakılılar evdə 20-ci, ümumilikdə 40-cı dəfə Premyer Liqa məğlubiyyəti alıb. “Zirə”nin vurduğu ilk top isə komandanın öz meydanında qapısında gördüyü 50-ci top olub.
saytlarin hazirlanmasi