"Dmitri Kramarenkonun Azərbaycan millisində işləməsi ÇSKA üçün problem olmayacaq" - Valeri Qazzayev

17:17 - 17 Yanvar 2021

Rusiyalı baş məşqçi Valeri Qazzayev Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun Moskvanın ÇSKA klubuna keçidi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 66 yaşlı mütəxəssis təyinatı müsbət qiymətləndirib:

 

"Dmitri Kramarenkonu əla qapıçı kimi çox yaxşı tanıyıram. Onun atası Sergey Kramarenko da dahi qapıçı olub. "Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medallarını qazanıb. Həmin vaxt Bakıda mükəmməl komanda var idi. Dmitri Kramarenko ÇSKA-nın qapıçısı İqor Akinfeyevlə yaxşı tanışdır. Hesab edirəm ki, onları uğurlu fəaliyyət gözləyir. Aralarında əlaqənin olması vacibdir. Düşünürəm ki, bu birlik komandanın xeyrinə olacaq. Qonçarenko ilə işləyə biləcəkmi? Kramarenkonu kluba dəvət ediblərsə, şübhəsiz ki, burada baş məşqçinin də rəyi olub. Axı, o da komandaya yaxşı mütəxəssisin gəlişində maraqlıdır".

 

Təcrübəli mütəxəssis Kramarenkonun həm Azərbaycan millisi, həm də Moskva klubunda işləməsinin mümkünlüyü barədə bunları deyib:

 

"Necə qərar verəcəklər, elə də olacaq. Amma fikrimcə, məsələn, Kramarenko 1 həftəlik millinin düşərgəsinə yollansa, bu, problem olmayacaq. Həmin vaxt ÇSKA-nın futbolçuları da öz yığmalarında olacaqlar. Məncə, həlledilməz problem olmayacaq".

 

Kramarenko ÇSKA ilə bu ilin mayınadək müqavilə imzalayıb.

Xəbər xətti