Bakının küləyi "Neftçi"yə kömək olmasa da, avrokubok yayı davam eləyir QEYD

01:40 - 29 İyul 2021

Tək Pireydəki minimal hesablı məğlubiyyət yox, həm də Yunanıstandakı oyunun gedişatı “Neftçi” azarkeşlərini xeyli ümidləndirmişdi cavab matçı ərəfəsində. Əslində, azarkeşin sevimli klubuna olan inamını valideynin övladına bəslədiyi ümidlərə də bənzətmək olar. Azarkeş də, valideyn də həmişə inanır, özünü ən yaxşıya kökləyir. Hərçənd, fanatların “Olimpiakos”la cavab oyununda yaxşı nəticəyə ümid eləməsi kor sevgi yox, həm də ilk oyunda gördükləri müsbət məqamlara söykənən məntiqdən doğan hisslər idi. “Neftçi” həqiqətən də səfərdə yaxşı oynamışdı. Boşa verilən fürsətlər, qapısında gördüyü bir qədər kuryoz qolu yada salsaq, Yunanıstanda ədalətli nəticənin heç-heçə olmalı gərəkdiyini iddia edə bilərik. 


Hava yay girəndən bəlkə də bugünki qədər küləkli olmamışdı. Bunun bizim üçün düşərli ola biləcəyinə dair ehtimalı CBC Sport-da efirə gedən “Matça doğru”da Rüstəm Əfsərli irəli sürdü, açığı, mənim də ağlıma batdı. Axı, küləklər şəhərində yaşayan biz küləyə daha alışqanıq, nəinki qonaqlarımız. Xeyli müddətdi məlum səbəblərdən futbola ac olan fanatların coşğusu isə sərin havaya mənəvi istilik qatmışdı. 5 minə yaxın azarkeşin “Bakcell Arena”da yaratdığı aura da uğurlu nəticəyə ümid verirdi. 


Bakıya ciddi itkillərlə gələn “Olimpiakos”u məğlub eləyib ÇL-də mərhələ keçmək çox real görünürdü. Təlaşa səbəb olan yeganə məqam Namik Ələskərovun yoxluğu idi. Ötən mövsüm Premyer Liqanın bombardiri olan, Tbilisi “Dinamo”su ilə oyunlarda vacib rol oynayan Namikin yoxluğunu doldurmağın çətinliyini hamı dərk eləyirdi. Ümumiyyətlə “Olimpiakos”la oyunlar göstərdi ki, azarkeşlərin transfer çalışmalarındakı ləngliyə görə “Neftçi” rəhbərliyinə olan iradları əsassız deyilmiş. 


İlk oyunla müqayisədə müdafiədə daha diqqətli oynayan qonaqlar orta sahədə də “Neftçi”yə oynamağa imkan verməməyə çalışırdılar. Ona görə də, meydana hücumçu kimi çıxan Harramizin “dişsizliyi” fonunda nə Sezar Meza Kolli, nə də Sabir Buqrin nəsə eləyə bildi. Heç sonradan daxil olan Mirabdulla Abbasov da ciddi heç nəylə yadda qalmadı. Son dəqiqələrdə Fəhmin Muradbəylinin zərbəsindən savayı “Neftçi” rəqib qapısı önündə ciddi təhlükə yarada bilmədi. Oyunun sonlarına qədər qolsuz bərbarliyi daşıyıb, axırda nəsə eləmək ümidlərinin üstündən isə elə matçın əvvəllərində müdafiə xətti yağlı xətt çəkdi. Oyun başlayandan “öz qabında” olmayan Ömər Buludovun top itkisindən sonra qapıçı Aqil Məmmədov vəziyyəti hər nə qədər düzəltməyə çalışsa da, Mbocun “yuxulaması” qapımıza qolla nəticələndi. Həmin anda İki əli ilə başını tutan Emin Mahmudova baxanda, həm onun, həm də azarkeşlərin hansı vəziyyətdə olduğunu anlamaq çətin deyildi. İnsaf naminə bir neçə qurtarış edən Aqil də, var gücünü qoyan Emin də əlindən gələni etməyə çalışdı, amma mərhələ keçmək alınmadı. Oyunu təhlil eləsək, “Neftçi”nin pis oynadığını demək düzgün olmaz. Sadəcə bu qədər inamsız görünən, bəzən hətta adi epizodlarda səhvlərə yol verən “Olimpiakos”u keçməyin mümkün olduğunu düşünəndə, məğlubiyyət bir qədər məyusluq gətirir. Yunanların oyununa qısaca toxunsaq, 18 yaşlı qapıçının inamsız vuruşları, Kundenin döyüşkənliyi, 37 yaşlı Valbuenanın yüksək ustalığını vurğulamaq olar. Amma 120 milyonluq büdcəyə malik “Olimpiakos” növbəti mərhələdə də belə candərdi oynasa, çətin ki “Ludoqorets”i keçə bilsin. 


Oyunsonrası mətbuat konfransında həmişəki kimi emosional nitq tərzinə sadiq qalan Samir Abasov bir cümləylə bütün mənzərəni dolğun təsvir elədi: “Tapança, tüfənglə tank qabağına çıxmaq olmaz”! 


Qarşıda bizi HİK gözləyir. Rəqib “dişimizə” görədir. Finlandiya klubunu mübarizədən kənarlaşdırsaq, “Neftçi” ən azından Konfrans Liqasında qrup mərhələsi oynayacaq. ÇL bitdi, amma “Neftçi”nin avrokubok macərası davam edir!


Emin Abbasov 

 

Xəbər xətti