Azərbaycanlı futbol veteranı Aslan Kərimov Sportal.az saytına müsahibə verib. Futbolçu karyerası ərzində “Neftçi” və “Qarabağ” klublarında oynamış Kərimov həm paytaxt təmsilçisinin, həm də Ağdam klubunun avrokuboklardakı şanslarını dəyərləndirib:
- “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində həm Yunanıstanda, həm də Bakıda “Olimpiakos”a uduzdu. Dünənki matçla bağlı düşüncələriniz necədi ?
- Məğlubiyyətə əsas səbəb haqda danışsaq, bir söz demək çətin olardı. Ümumilikdə danışsaq, “Neftçi” “Olimpiakos”a ustalıq səviyyəsinə görə uduzdu. Yunanlar, "Neftçi"ni bəzi mövqelər var idi ki, həmin mövqedə üstələdi. Bu da məğlubiyyətə əsas səbəblərdən idi.
- "Neftçi"də əsas çatışmazlıq nə idi? Ki, məhz həmin çatışmazlıq “Olimpiakos” səddini keçməsinə mane oldu?
- Pireydəki oyunda qırmızı vərəqə cütün taleyinə təsir edən faktorlardan oldu. "Neftçi" rəqibə qırmızı vərəqə aldırdıqdan sonra, özləri də qırmızı vərəqə almasaydı, qol vurub oradan daha yaxşı nəticə ilə dönəsi olsaydı, hər şey fərqli görünə bilərdi. İkinci səbəb isə, komandanın sivri ucda dişsiz görünməsiydi. Ki, bu da komandanın qol vurmaq imkanlarını aşağı salırdı. Əslində isə “Neftçi” lazım olan anlarda dominantlıq edə bilirdi. Sadəcə dediyim kimi, sivri ucda forvardın olmaması, “Neftçi”nin qol vura bilməməsinə gətirib çıxardı. Bu cür oyunlarda qol vura bilmirsənsə, mərhələ keçmək şansın da olmur.
- Mövqelər üzrə götürsək, “Neftçi”nin ən axsayan mövqeyi hansıdı?
- Fərdi səhvləri kənara qoyuram, amma məsələn, müdafiədə yetərincə oyunçu var. Yarımmüdafiə xəttində də həmçinin. Elə onlar da özlərini göstərə bildi. Ancaq tipik forvardın olmamasına görə, “Neftçi”nin hücum xəttini ən zəif mövqe hesab etmək olar.
- “Neftçi” bu cür heyət və oyunla Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Helsinki”ni keçə biləcək?
- Yalan deməyim, “Helsinki”nin oyununa baxmamışam. Amma onlar bu səviyyəyə gəlibsə, Finlandiya çempionu olubsa, demək ki, nəyəsə qadirdilər. “Helsinki”ni keçmək üçün bu heyət yetərli olacaq, ya yox onu bilmirəm. Amma avrokuboklarda iştirak etsələr də, etməsələr də daxili çempionatda “Qarabağ”la mübarizə üçün “Neftçi”nin 100 faiz hücumçuya ehtiyacı var. Həmin transferi reallaşdıra biləcəklər ya, yox bir söz deyə bilmirəm. Kənardan baxan biri kimi deyə bilərəm ki, komandanın hücum mövqeyi axsayır.
- “Qarabağ” bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Aşdod” önünə çıxacaq. Evdə göstərdiyi oyun Ağdam təmsilçisinin mərhələni keçəcəyinə ümid verir?
- “Qarabağ” Bakıda o qədər də gözəgəlimli oyun nümayiş etdirmədi. Bunun da səbəbləri var idi. “Aşdod” arxada oturmuşdu. Onlar daxili çempionatda da qısa zamanda üçüncü pilləni tutmağı bacarıblar. Elə müdafiədə oturmaqla bunu həyata keçiriblər. Həmin müdafiə futbolunu Bakıda da göstərdilər. Üstəlik, meydançanın durumu bərbad gündə idi. Bərbad meydançada nəsə yaratmaq daha çətindki, nəinki müdafiə olunmaq. Ona görə də “Qarabağ”ın qol vurmaq şansları sıfıra endi. Ancaq cavab matçında yəqin ki, “Aşdod” Bakıdakı qədər müdafiədə oturmayacaq, daha açıq futbol oynayacaq. Çünki evdə oynayırsansa, bir az hücumameyilli oynamalısan. Bu cür oynayası olsalar, “Qarabağ” üçün mərhələni keçmək daha asan olar. “Qarabağ” üçün İsraildəki oyun Bakıdakından daha asan keçməlidi. Düşünürəm ki, Qurban Qurbanovun komandası mərhələni keçəcək.
- Hazırda 4 təmsilçimiz avrokuboklarda iştirak edir. Hansı klubumuzun qruplara vəsiqə qazanacağını düşünürsnüsüz? Yoxsa, bu mövsüm qrup mərhələsində təmsilçimizin olmaması təhlükəsi yüksəkdi?
- 4 komandamızın potensialını nəzərə alası olsaq, "Qarabağ" və "Neftçi"nin digər komandalarımızla müqayisədə qrupa düşmək şansı daha yüksəkdi. Bura maddi məsələ, təcrübə və oyunçu keyfiyyəti daxildi. “Qarabağ” bunun öhdəsindən gələ biləcək. “Neftçi” də “Helsinki”ni keçəsi olsa, ən azından Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. “Neftçi” də onları keçmək iqtidarındadı. “Keşlə”? Bu komanda üçün "Soçi"dən 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağın asan olmayacağını düşünmək üçün futbol mütəxəssisi olmağa ehtiyac yoxdu. Bu baxımdan, “Keşlə”nin “Soçi”ni keçməsi, qruplara düşməsi real görünmür. “Sumqayıt”a gəlincə, “Çukariçki” səddini keçdikdən sonra daha güclü rəqiblə qarşılaşacaq. Bu baxımdan onların da qruplara düşmək şansı azdı.