Konfrans Liqasının üçüncü təsnifat mərhələsində keçirilən “Qarabağ” – AEL (Limassol) matçından sonra mətbuat konfransı təşkil edilib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqisi Qurban Qurbanov öncə matçla bağlı bunları deyib:
“Futbolçularımı qələbə münasibətilə təbrik edirəm, azarkeşlərə də təşəkkür edirəm. Son vaxtlar stadionda belə atmosfer, futbol həyəcanı yox idi. Həqiqətən darıxmışdıq. Bu qələbə çox vacib idi. Yaxşı komandaya qarşı oynayırdıq, yaxşı məşqçiləri var idi, kollektivi yaxşı idi. Larnakadakı səhvləri, diqqətsizliyi cavab oyununda etmədik. Rəqib oradakı düşünülmüz hücumlarına imkan vermədik. Asan deyildi bizim üçün. Onlar bizə ciddi yanaşırdı. Meydançada istədiyimiz kimi deyildi. Dünən futbolçulara demişdim ki, şərtlər hər iki komanda üçün eynidi. Diqqətli oynadıq , ikinci hissə bəlkə baxımlı olmadı. Amma futbolçularımın meydandakı davranışı, döyüşməsindən razı qaldım. Az vaxt sonra digər rəqibə qarşı hazırlaşmalıyıq. Üç gün sonra çempionat oyunumuz var. Futbolçularımın inkişaf etməsi üçün vacib oyun idi. Səfərdə də burada sonda qol vurduq. Bu onu göstərdi ki, futbol sona qədər oynamaq lazımdı.
- Stadionun ot örtüyünü nəzərə alsaq, dəyişəcəksiz ev oyununun məkanını?
- Vaxtımız çox azdı, istəsək də alınmaya bilər. İş günləri də deyil, çünki nümayəndə gəlib stadiona baxmalı, digər stadionu da görməlidi. Bakıda normal meydança çətidi. “Azərsun Arena” yaxşıdı, sadəcə gərək digər oyunları da orada oynayaq. Yəqin ki, Tofiq Bəhramovda oynayacağıq.
-Filip Ozobiçin oyunun alınmaması haqda fikriniz necədi?
- Birinci oyundan əvvəl də Duşan Kerkez Ozobiç haqda yüksək fikirlər bildirmişdi. Hiss olunurdu ki, ona qarşı oynayırlar. Amma o, ilk yarıda pis oynamadı. Filip texnikalı oyunçudu. Sadəcə belə meydançada daha çox güc sərf edirlər, ola bilər yoruldu. Həm də onun ayağında zədə olmuşdu, narahatçılığı var idi. Elə olur ki, oyunçu əvəzetmədən uğurlu girir, eləsi də olur alınmır.
- Qələbənin mənəvi tərəfdən necə hiss idi?
- Həm belə, həm də elə yaxşıdı, qələbə vacib idi. İdman prisiplərinə daha çox önəm verməliyik. Sadəcə bəzən oyunətrafı söhbətlərin daha maraqlı olması, oyunun daha çox müzakirə edilməsi üçün mənəvi tərəfi də olur.
- Kiprdə sizə qarşı təxribat olmuşdu. AEL-ə qarşı içinizdə qıcıq var idi?
- Məndə belə hallar olub. Bundan da sərt reaksiyalar vermişəm. İçimdə qalib gəlmək istəyi çox idi. Buna baxmayaraq mən həmişə rəqibə hörmətlə yanaşmışam. Daha çox da azarkeşərin hərəkətinə görə, rəqibin özünə görə. Oradakı oyundan əvvəl də demişdim ki, bu komandaya qarşı oynamaq mənim üçün maraqlıdı. Azarkeş təxribatı həmişə olub, olacaq. Ələlxüsus də bizə qarşı.
- Azərbaycansayağı künc zərbələrini çoxdandır yerinə yetirmirsiniz. Nəyə görə?
- Əslində bunu çox etmişik. Bunu rəqibə görə edirik. Fərqli ev tapşırıqları var idi. Hər rəqib standart vəziyyətlərdə fərqli düzülüşdə olur. Bəlkə daha vacib oyunda istirafdə edəcəyik.
- Üçüncü dəfə transfer etdiyiniz Riçard Almeyda mərkəzdəki yükü daşımağa hazırdır?
- Gəldiyi vaxtdan çox dəyişiklik olub. Onun gedişindən sonra komandada bəzi dəyişikliklər oldu. Oyunçuların bir-birini anlaması, hiss etməsi ilk vaxtlar asan olmaya bilər. Amma onun təcrübəsi bizim üçün çox vacibdir. Onun 45 və ya 90 dəqiqə oynamasının fərqi yoxdur. İnanmalıyam ki, sonradan meydana buraxdığım oyunçudan arxayın olum. Almeydaya da arxayınam. Bu rotasiyalar digər futbolçuların zədələnməsinin, yorulmasının da qarşısını ala biləcək. Elə futbolçu var ki, onun 3 oyunluq faydası bəzilıərinin 15 oyunluq faydasından daha çoxdur. Riçardda əvvəlki oyununu sərgiləmək potensialı var.
- Həm çempionatda, həm də avrokuboklarda mübarizə aparmaq sizə çətin olmayacaq?
- Olacaq. Bundan sonra daha çox hiss olunacaq. Həm zədəli, həm formada olmayan oyunçular var. Qarşıda millinin matçları da var. İstər-istəməz ağır olacaq. Amma istərdim ki, bunun qarşısının alınması üçün çox oyunçumuz olsun
- Axtardığınız hücumçunu artıq tapa bilmisiniz?
- Mütləq hücumçu gətirməyi düşünürəm. Mənim üçün eyni səviyyəli oyunçuların çox olması vacibdir. Bir neçə oyunçu gətirməyi düşünürük. Yarımmüdafiəçi, ola bilər müdafiəçi aldıq.
- Meydanda dinamik mübarizə var idi. Bu əzmkarlıqda Kipr hadisələrinin rolu var idi?
- Bəzən belə oyunlar prinsipiallıq baxımından futbolçuların daha əzmkar olmasına yol açır. Son vaxtlar əzmkarlıq baxımından futbolçulardan razıyam. Çətin anlarda özlərini idarə edə bilirlər və mübarizədən çəkinmirlər. Mübariz olmasan, uğur qazana bilmərsən. Xüsusən də, şanlı qalibiyyətimizdən, torpaqlarımızı işğaldan azad etdikdən sonra başqa yolumuz yoxdur. Futbolçular bundan sonra daha da döyüşçü ruhda mübarizə aparacaqlar.
- Hakimin əlavə etdiyi dəqiqələrdə sizi əsəbi gördük. Komandanı irəli atılmağa səsləyirdiz?
- Doğrudur. Rəqib uzun toplarla oynamağı xoşlayırdı. İmkan vermək istəmirdik ki, uzun ötürmələrlə topu qapımız qarşısına göndərsinlər. Sonlarda özüm də aqressiv oldum ki, futbolçuları irəlidə görüm.
- Böyük ehtimalla növbəti rəqib "Aberdin" olacaq. Bu komanda barədə nə düşünürsüz?
- Hələ onların oyununa baxmamışam. Öncədən həmişə qarşımızdakı oyunu düşünmək istəmişəm. Bundan sonra növbəti rəqib barədə fikirləşəcəyik.
- "Neftçi" də bu gün HİK-ə məğlub olaraq, Konfrans Liqasına düşdü. Onların bu turnirdə şansını necə qiymətləndirirsiz?
- Çox yaxşı olardı ki, hər iki komanda qrupa düşsün. Belə oyunlar həm biz məşqçilərə, həm də futbolçulara böyük təcrübə qatır. Bizim bilmədiklərimiz bildiklərimizdən daha çoxdur. Nə qədər fərqli komandalara qarşı oynasaq, daha da inkişaf edərik. "Neftçi"yə inanıram. Onlara, Samir Abasova uğurlar arzulayıram. İnanıram ki, "Neftçi" pley-off səddini də keçəcək.