"Keşlə-2"nin baş məşqçisi Rüstəm Əliyev Sportal.az saytına müsahibə verib.
- Yeni mövsümün hazırlığı necə gedir?
- İyulun 13-cü hazırlığa başlamışıq. Hazırlıq prosesi istədiyimiz qaydada gedir. Hər həftənin 5-ci günü yoxlama oyunu keçiririk. Şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyinə görə, komandaya istirahət veririk.
- Bakıdan kənarda təlim-məşq toplanışı keçmək planınız var?
- Xeyr, planımızda yoxdu. Əslində rayonlara gedə bilərik. Amma yoxlama oyunları ilə əlaqədar paytaxtı tərk edə bilmirik. Komandalar hamısı Bakıdadı. Ona görə də hazırda rayona təlim-məşq toplanışına getməyi məqsədəuyğun hesab etmirəm.
- Neçə yoxlama oyunu keçirəcəksiz?
- 4 oyun keçirmişik, 3-ü qalıb.
- Növbəti rəqibləriniz bəllidi?
- Bəli. Ayın 20-si "Zirə-2", 27-si "Sabah-2", sentyabrın 3-ü isə "Qarabağ-2" ilə qarşılaşacağıq.
- Mövsüm bitəndən sonra əsas komandaya neçə oyunçu verdiz?
- İki futbolçumuz əsas komandaya cəlb olunub. Sol cinah müdafiəçisi Sərcan Omarovla dayaq yarımmüdafiəçisi Samir Abdullayev hazırda əsas komandanın heyətindədi.
- Son mövsümlə müqayisədə komandada hansı dəyişikliklər var?
- Demək olar ki, komandanın 70 faizi gedib. Daim əsas komandanın baş məşqçisi ilə əlaqədəyik. Perspektivli futbolçular olanda bir-birimizə məlumat veririk. Əsasən yaşlı oyunçularla vidalaşdıq ki, heyətə akademiyamızın yetirmələrini cəlb edək. Hazırda komandaya akademiyadan 5 futbolçu götürmüşük. Onlar da aşağı yaş qrupları üzrə milli komandaların üzvləridi.
- Yeni mövsümdə hədəfiniz nədi?
- Hər bir məşqçinin arzusu nəticədi. Heç kəs deməz ki, nəticə istəmirəm. "İnter"in vaxtında əvəzedici heyətlər arasında iki dəfə Azərbaycan çempionu olmuşam. Mənim məqsədim yaxşı nəticə əldə etməkdi. Yaxşı nəticə futbolçunun inkişafı üçün önəmlidi. Digər vacib məqsədimiz isə əsas komandaya futbolçu yetişdirməkdi.
- "Keşlə"nin akademiyasında məşqçilərin maaşı azaldılıb. Bu sizə də təsir edib?
- Xeyr. Bizim maaşda heç bir dəyişiklik olmayıb. İyul ayında məşqlərə başlamışıq, həmin vaxt da bizimlə müqavilə imzalanıb.