17 yaşlılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Sportaal.az sayına müsahibə verib:
- Millinin təlim-məşq toplanışı necə gedir?
- Ayın 10-u hazırlığa başlamışıq. 16-na kimi məşqlərimiz Bakıda olacaq. 16-si Bosniya və Herseqovinaya gedəcəyik. Orada Bosniya və Herseqovina ilə ayın 17-si və 19-u iki yoxlama oyunu keçirəcəyik. 21-i isə Bakıya qayıdacağıq.
- Futbolçuların durumu nə yerdədi?
- Bir il yarımdan çoxdu ki, çempionatlar dayanıb. Klublar da məşqlərə bu ayın əvvəli başlayıb. Ötən ayın 20-dən 31-dək toplanışımız oldu. Futbolçuları klubdan yox, birbaşa evdən dəvət eləmişdik. Toplanış bitəndən sonra da onlar evlərinə qayıtdılar. Çünki klublar məşq etmirdilər. Həqiqətən də sıxıntılarımız var. Futbolçular milliyə sıfırdan gəlirlər, fiziki durumları çox aşağı səviyyədə olur. Ondan da əlavə uzun müddətdi liqalar olmadığı üçün uşaqların praktiki durumunda da problemlər var. Avropa çempionatınının seçmə mərhələsinə getməyimizə də az vaxt qalıb. Belçikada oyunlarımız oktayabr ayının əvvəli başlayacaq. Uzun müddətdir oyun keçirmədiyimiz üçün sıxıntılar var. Amma bu, bəhanə deyil. Toplanışları sıx-sıx edirik ki, futbolçulardan istədiyimiz şeyləri ala bilək.
- Avropa çempionatının seçmə mərhələsindəki rəqiblər haqda nə deyə bilərsiz?
-Oktyabrın 6-sı Norveç, 9-u Belçika, 12-si də Lüksemburqla qarşılaşacağıq. Rəqiblər hamısı yaxşı komandalardı, futbol baxımından inkişaf etmiş ölkələrdi. Ama biz ora gəzməyə getmirik. İstədiyimiz nəticəni əldə etmək üçün bacardığımız qədər mübarizə aparacağıq.
- Şansınızı necə dəyərləndirirsiz?
- Rəqiblərin hamısının oyunları tapa bilməmişik. Belçikanın iki oyununa baxmışıq. Norveç və Lüksemburq oyun oynamadığı üçün tapa bilməmişik. Komandalar haqda məlumatımız yoxdu. Olmasa belə, bu komandaların hansı keyfiyyətlərə malik olduğunu hamı yaxşı bilir. Biz də yaxşı nəticə ilə qayıtmaq üçün çalışırıq.