"Səbail"in yeni transferi, qanalı Camal Araqo Sportal.az saytına müsahibə verib. Ölkəmizə gəlməmişdən əvvəl, Kosovonun iddialı klubu "Drita"da oynamış müdafiəçi dünən "Sabah"la görüşdə Azərbaycan çempionatında debüt etdi. Araqo Azərbaycan çempionatındakı debütündən, buradakı məqsədlərindən söz açıb:
- “Səbail”lə müqavilə imzaladın və dünən Azərbaycan Premyer Liqasında debüt etdin. Bu komandaya keçidin necə alındı?
- Kosovoda oynadıqdan sonra dəyişikliyə ehtiyacım var idi. Ona görə də “Səbail”dən gələn təklifi qəbul etdim. Doğrudu, başqa təkliflər də almışdım. Amma dediyim kimi yeni çağırışa ehtiyac ar idi. Çünki mən yeni çağırışları, dəyişiklikləri sevirəm. “Səbail”lə birlikdə yaxşı mübarizə aparmaq istəyirəm ki, komandanın nəticəsi ötən mövsümlə müqayisədə daha yaxşı olsun.
- Dünənki matçla bağlı düşüncələrin necədi? Azərbaycan çempionatının atmosferi haqda hansı fikirdəsən?
- Yaxşı oyun alındı, vacib qələbə qazandıq. Məncə, heç də pis liqa deyil. Hələ qarşıda çox komanda görəcəm. Dünənki oyundakı kimi daha çox futboldan zövq almağa, komandama kömək etməyə çalışacam.
- Maraqlıdı, öncədən Azərbaycan futbolu, “Səbail” haqda hansı məlumata sahib idin?
- Mənim həmvətənim olan Maykl Esyenin “Səbail”də oynadığını bilirdim. O, böyük əfsanədi. Onun əvvəllər ölkənizdə oynaması, “Səbail” və Azərbaycan futboluna olan marağımı daha da artırdı.
- “Drita”nın heyətində bu mövsüm avrokuboklarda “Feyenoord”a qarşı meydana çıxmışdın. Rotterdam klubuna qarş matçlarda oynayanda “Səbail”ə gələcəyin haqda düşünürdün?
- “Səbail”in təklifi barədə məlumatlı olsam da, amma peşəkar kimi mən həmin vaxtı klubumun oyunlarına köklənmişdim. Mən oyunlar bitdikdən sonra başqa şeyləri düşünürəm. “Feyenoord”la oyunlar gedə-gedə “Səbail” haqda düşünmürdüm.
- Ümumiyyətlə, bu komandada əsas məqsədin nədən ibarət olacaq?
- Bayaq dediyim kimi çağırışları sevirəm. Bu mövsüm Azərbaycan futbolunda “Səbail”in heyətində yaxşı oynayaraq, ötən mövsümlə müqayisədə daha yaxşı nəticə qazanmaq istəyirəm.
- Komanda paytaxtda məskunlaşır. Bakını yəqin ki, artıq gəzmisən. Bu şəhərdə darıxmayacaqsanki?
- Bəli, əvvəllər də Bakı haqda oxuşumdum, videolara baxmışdım. Gözəl şəkillər görmüşdüm. Şəhəri hiss etmək üçün çox da gözləyə bilmədim. Burada çox gözəl atmosfer gördüm, həqiqətən də şəhərdən zövq alacam.
- Azərbaycana Kosovodan gəlmisən. Bəlkə də tezdi, amma maraqlıdı bu iki ölkənin futbolunu necə müqayisə edərdin?
- Kosovo çox kiçik ölkədi, cəmi 2 milyon insan yaşayır orada. Yaxşı insanlardı kosovolular. Ölkə kimi inkişafdadı. Orada özümü xoşbəxt hiss edirdim. Azərbaycan isə ərazisinə və əhalisinə görə Kosovodan böyükdü. Ümidvaram ki, burada daha çox zövq alacam. Mən müsəlmanam və müsəlman ölkəsində oynamağa gəlmişəm.