Ötən mösümü Bosniya və Herseqovinada “Jrinski Mostar” klubunda keçirmiş Miro Varvodiç Sportal.az saytına müsahibə verib. 1989-cu il təvəllüdlü qolkiper “Qarabağ”ın sabiq qapıçısıdı. 2012-2014-cü illərdə Ağdam klubunun əsas qapıçısı olmuş xorvat sonradan ölkəmizi tərk edərək Almaniyaya yollanaraq “Qreyter Fürt”lə anlaşmışdı. Saytımıza müsahibə verən təcrübəli kiper “Qarabağ”dakı vaxtlarını xatırlayıb.
- Ötən mövsüm “Jrinski Mostar”daydın. Yeni mövsüm üçün özünə yeni klub tapa bildin?
- Doğrudu, ötən mövsümü “Jrinski Mostar”da keçirdim. Amma bu klubla müqaviləm başa çatdıqdan sonra oradan ayrılmalı oldum. Çünki bu klubda maddi problemlər var idi. İndi özümə yeni klub axtarıram.
- Son vaxtlar “Qarabağ”ın oyunlarını izləmisən? Ən azından, avrokub görüşlərinə baxmısan?
- Əlbəttə ki, “Qarabağ”ı həmişə diqqətdə saxlayıram. Hərdən-bir komandanın oyunlarını TV-dən canlı da izləmişəm. "Qarabağ"ı görmək hər zaman xoşdu.
- “Qarabağ” Konfrans Liqasında AEL(Limassol) səddini keçərək pley-off mərhələsinə yüksələ bildi. Yəqin ki, bu nəticə sənin üçün gözlənilməz olmadı?
- Əlbəttə, bu “Qarabağ” tərəfdən yenilik deyil. Bunu yaxşı mənada deyirəm. Onlar yaxşı oynamağa davam edir, bu cür qələbələrə də layiqdilər. Ümid edirəm ki, onlar “Dinamo”(Zaqreb) kimi daha yüksək yerlərə gedib, daha uğurlu nəticələr qazanacaqlar. “Qarabağ” ötən mövsümdə də Avropa Liqasının qruplarında çox yaxşı oynadı. Onlar addım-addım uğura gedirlər, bu da bəyənilən məsələdi.
- Səncə, “Qarabağ” pley-off-da “Aberdin”ə qalib gəlib qrup mərhələsinə vəsiqə qazana biləcək?
- “Qarabağ”ın səviyyəsi var. Sadəcə “Aberdin”lə oyunlarda onlara bir az da şans lazım olacaq. Belə olacağı təqdirdə, “Qarabağ” “Aberdin” səddini keçib qruplara qalacaq.
- “Qarabağ”ın heyətində daha çox hansı oyunu xatırlayırsan? Avrokuboklarda və ya Azərbaycan çempionatı, fərqi yoxdu...
- Hansı oyunu deyim sizə? “Ayntraxt”a qarşı Frankfurtdakı oyunu daha çox xatırlayıram. Orada bir az da şansımız olsaydı, biz bunu bacaracaqdıq. Bəlkə də Reynaldo ilk dəqiqələrdən meydanda olsaydı, Frankfurtdakı oyunda fərqli tarix olacaqdı. Bu matçla bərabər xatirimdə çox oyun var.
- İki illik “Qarabağ” karyerasının ardından sonra Azərbaycanı tərk etdin. Maraqlıdı, nəyə görə uzun illər “Qarabağ”da qalmadın? Klub istəmədi, yoxsa özün getdin?
- Həmin vaxtı gənc qapıçı idim və karyeramı Avropada davam etdirmək istəyirdim. Avropada bir neçə il keçirdikdən sonra “Qarabağ”a qayıtmaq niyyətindəydim. Çünki “Qarabağ” böyük, əla klubdu. İnanın, bu klub daima mənim ürəyimdədi
- “Qarabağ”dan olan tanışlarınla indi də danışırsan?
- Əlbəttə ki, “Qarabağ”da hələ də dostlarım var və mən onlarla daima danışıram, söhbət edirəm.
- Bir ara “Zirə”yə keçəcəyin gözlənilirdi, Azərbaycana qayıtmağa yaxın idin. Nəyə görə bu baş tutmadı?
- Bəzi çətinliklər var idi, hansı ki, bu haqda danışmaq istəmirəm. Gəlin, bu sirr olaraq qalsın.
- Yeri gəlmişkən, ötən mövsüm “Qarabağ”ın uzun illər sonra çempionluğu “Neftçi”yə uduzması sənin üçün gözlənilməz idi?
- Bəzən futbolda şans da yanında olmalıdı. “Qarabağ” keyfiyyət və səviyyəcə “Neftçi”dən üstün komandadı. Ancaq nə etmək olar, bu futboldu? Bu mövsüm necə olacağını görəcəyik.