Azərbaycan çempionatında 2021/2022 mövsümünə qədər az qanalı oynamamışdı. İndiyə qədər çempionatımızda 8 qanalı çıxış etmişdisə, dünən onların sayı 9-a yüksəldi. Belə ki, “Səbail”in yeni transferi Camal Araqo “Sabah”la matçda meydana çıxaraq çempionatımızdakı qanalıların sayını 9-a çatdırmış oldu.
Sportal.az indiyə qədər Azərbaycan Premyer Liqasında çıxış etmiş qanalı futbolçuları sizə təqdim edir. Maraqlı məqamı da xatırladaq ki, Azərbaycan çempionatında ən çox qanalı futbolçulara ehtiyac duymuş komanda “Səbail”di. Araqonun da gəlişi ilə bu komandada qanalı sayı 2-ə yüksəlmiş oldu. Azərbaycan çempionatında qanalılara qapı açan ilk komanda isə “Xəzər Lənkəran”dı. Belə ki, klub vaxtilə əslən Qanadan olan Edmondt Ntimoa və Kinqsli Atakoranı ölkəmizə gətirmişdi.
Kvame Karikari – “Neftçi”
Qananın U-20 yığmasının sabiq hücumçusu “Neftçi”yə böyük ümidlərlə gətirilmişdi. Roberto Bordinin vaxtında komandaya cəlb edilmiş hücumçudan çox şey gözlənilsə də, o, özünü yaxşı tərəfdən göstərə bilməmişdi. Yalnız “Qəbələ” və “Qarabağ”la görüşlərdə fərqlənən 29 yaşlı hücumçu bir ara “Al Uroba”ya icarəyə verilmiş, müqaviləsinə xitam verildikdən sonra isə “Dinamo”ya (Tbilisi) keçmişdi. Bir neçə gün əvvəl isə qanalı Taylandın “Naxon Ratçaşima” klubu ilə anlaşıb.
Ovusu Kvabena – “Qarabağ”
“Qarabağ” da Ovusunu böyük ümidlərlə komandaya dəvət etmişdi. Ara-sıra qollar vursa da, tam olaraq özünü sübut edə bilməyən vinger yay “transfer pəncərəsi” zamanı Türkiyə birinci liqa təmsilçisi “Ankaragücü”nə icarəyə verilib. O, Qananın əsas millisində də debüt etməyə vaxt tapıb.
Maykl Esyen – “Səbail”
Maykl Azərbaycan çempionatında çıxış etmiş ən tanınmış futbolçudu desək, yanılmarıq. “Çelsi”nin heyətində İngiltərə çempionluğu, Çempionlar Liqasını başı üzərinə qaldıran Esyen 2019-cu ilin mart ayından “Səbail”də çıxış etməyə başlamışdı. O, ötən mövsüm Danimarkanın “Norşelland” klubunda köməkçi məşqçi kimi çalışıb.
Riçard Qadze- “Zirə”
İlk dəfə 2017/2018 mövsümündə “Zirə”nin heyətində debüt edən forvard mövsüm sonunda Rumıniyaya yollanaraq, “Voluntari”ylə müqavilə imzalamışdı. Lakin 2019-cu ildə hücumçu yenidən sabiq klubuna qayıdaraq Azərbaycanda çıxış etmək qərarı vermişdi. Bu dəfəki oyunu isə ilk dəfəki kimi effektiv olmamışdı. Ötən mövsümü “Şerif”də heç də pis keçirməyən Qadzenin bu yay yenidən Azərbaycana qayıdışı gündəmdə olsa da, qanalı İsrailin “Bney Saxin” klubu ilə müqavilə imzalamışdı.
Seydu Salifu – “Turan”
Qanada dünyaya göz açan Salifunun Avropadakı ilk klubu məhz “Turan” olmuşdu. “Legon”dan ayrılıb Tovuz klubuna keçən qanalının Azərbaycan karyerası o qədər də uğurlu alınmamışdı. Ölkəmizdən ayrıldıqdan sonra daha yaxşı klublarda çıxış etmiş 27 yaşlı futbolçu “Adana Dəmirspor”, “Ümraniyəspor”, “Klub African” komandalarında çıxış etmişdi. Hazırda ölkəsində “Kinq Faysal” klubunda oynamış qanalını Azərbaycan çempionatının ən uğursuz transferlərindən hesab etmək olar.
Fransis Bossman – “Rəvan”
İndiyə qədər Azərbaycan çempionatında çıxış etmiş qanalılar arasında öz millisinin formasını geyinmiş futbolçular o qədər də çox deyil. Yalnız Maykl Esyen, Ovusu Kvabena əsas millidə oynamağa nail olub. Onlarla yanaşı “Rəvan”ın futbolçusu Fransis Bossman da milli forması geyinmiş oyunçulardandı. 2003-cü ildə Qana yığmasına dəvət almış Bossman “Rəvan”dakı oyunu o qədər də diqqətçəkən olmamışdı. Karyerasının böyük hissəsini Serbiyada keçirən Fransis futbolçu karyerasını başa vurub.