Azərbaycan Premyer Liqasının 1-ci turunun “Neftçi” – “Qəbələ” matçından sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öncə matçla bağlı bunları deyib:
“İnanıram ki, həm siz, həm biz çempionat üçün darıxmışdıq. Nə qədər məşq etsək də, gözəllik oyunlardadı. Düşünülmüş nə var idisə, komandam yerinə yetirməyə çalışırdı. Bilirdik ki, çətinlik olacaq. Çünki komanda formalaşmaqdadı. Yeni oyunçuların fəlsəfəmizə uyğunlaşmağı vaxt aparacaq. Komandaya inamım çoxdu, gələcək oyunlarda da çalışacağıq ki, məzmunlu oyun ilə həm sizləri, həm də azarkeşləri sevindirək.
- Nicat Mehbalıyev çıxışlarda inamsız idi. Bu seçim nədən qaynaqlanırdı?
- İnamsız deməzdim. Nicatın oyunundan razıyam. Çıxışlarda da yaxşıydı, müdafiəni idarə etməyində də Nicat hər şeyi etdi. Onun çıxışını normal qarşılayıram.
- Adətən matçdan əvvəl penaltini hansı futbolçunun yerinə yetirəcəyi təyin edilir. Amma Rövlan Muradov və Ülvi İsgəndərov topu bölüşdürə bilmirdi. Sonda isə bunu İsnik Alimi yerinə yetirdi. “Qəbələ”də penaltini kimin yerinə yetirəcəyi müəyyənləşdirilmir?
- Komanda yeni olduğundan bəzi komponentər var ki, onların üzərində işləyirik. Topu dartışmaqları müsbətdi, istək var idi ki, qol vurmaq istəyirdilər.
- Bu mövsüm rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
- Öncə komandanı formalaşdırmaqdı məqsəd. Ümumi götürəndə, hələ hücum xəttinə yeni oyunçu düşünürük. Hücumda sıxıntı var, gizlətməyəcəm. Maraqlandığımız da var, amma rəsmi razılıq əldə etməmişik.
- Ehtiyatda gənclər var. Onlara şans verəcəksiz?
- Bu ildən bizlədilər. Gələcək vəd edənlərdi. Bizim U-19 komandasının futbolçularıdı, qarşıdakı oyunlarda da onları meydanda görə bilərsiniz.
- Asif Məmmədovun oynamamağının səbəbi nədi?
- Asifin mikro zədəsi var idi. Ona görə də onu qorumağa çalışdıq.
- “Neftçi” sizi nə ilə təəccübləndirdi?
- Daha çox öz komandama nəzər yetirmişdim. İstəyirik ki, biz dominant oynayaq. Rəqibdən asılı olmayaraq bir nömrə ilə oynamağa çalışırıq. Təəccüblü heç nə yoxdu. “Neftçi”nin üstün və zəif cəhətlərini bilirdik. Oyunçularım onların zəif cəhətlərindən yararlanmağı bacardılar.
saytlarin hazirlanmasi