Slavik Alxasov: "Kapitanlığı mənə Ramin Quliyev verib" - MÜSAHİBƏ

10:50 - 17 Avqust 2021

"Sabah"ın kapitanı Slavik Alxasov Sportal.az saytına müsahibə verib. O, komandasının Premyer Liqadakı ilk oyunundan və 2021/2022 mövsümündəki məqsədlərdən danışıb:


- "Sabah" mövsümə məğlubiyyətlə start verdi. Səncə, nəyə görə uduzdunuz? Məğlubiyyət özünüz üçün gözlənilməz idi?
- Bu oyuna ciddi hazırlaşmışdıq, elə mövsümə də yaxşı hazırlıq keçmişik. İstəyirdik ki, mövsümə qələbə ilə başlayaq. Amma təəssüf ki alınmadı. Belə deyim ki, bəxtimiz gətirmədi, halbuki qol imkanlarımız da var idi, yaxşı oynadıq.


- Nəticəni ədalətli hesab edirsən? Sizdən fərqli olaraq "Səbail"in cəmi iki qol epizodu oldu, birindən yararlandılar..
- Futbolda bəzən belə də olur. Yaxşı oynayırsan, sonda uduzursan. "Səbail"in 1 qol epizodu var idi, o da qol oldu. Futbol belədir də, təəssüf ki, biz son nöqtəni qoya bilmədik. 

 

- Xuan Kamara, Coy Mikkels, Mixail Erqemlidze ilə hücum xətti özünü yaxşı tərəfdən göstərə bildi. Ümumiyyətlə, necə düşünürsən, yeni transferlər komandaya güc verəcək?
- Oyunçularımız həqiqətən də keyfiyyətlidi. Hələ 3 nəfər tam hazır deyil. Onlar da hazır olanda lap yaxşı olacağına inanıram.


- Hazırda kapitan sarğısı səndədi. Maraqlıdı, kollektiv səni kapitan seçdi, yoxsa baş məşqçi?
- Ramin Quliyev özü verib kapitan sarğısını mənə.

 

- "Sabah" bu mövsüm də avrokuboklara vəsiqə qazanmasa necə olacaq? 
- Bizim bu mövsümkü məqsədimiz medal qazanaraq avrokuboklara düşmək olacaq. Allah qoysa, bunu bacaracağıq. 


- Növbəti turdakı rəqibiniz "Sumqayıt" olacaq. Mövsümə qələbə ilə başlayan rəqibinizi səfərdə məğlub etmək mümkün olacaq?
- İndi rahat oyun yoxdu. Qarşıdakı tur bizi səfərdə ağır oyun gözləyir. "Sumqayıt" yaxşı komandadı. Çətin olacaq, amma biz Sumqayıta nəticə üçün gedirik.

 

- Bu mövsüm hansı komandanın çempionluğa iddialı hesab edirsən? Ötən mövsümdən daha maraqlı liqa olacaq?
- Hansı komandanın çempion, hansı komandanın sonuncu olacağı mövsüm sonunda biləcəyik. Məncə, bu mövsüm maraqlı olacaq. Azarkeşləri də az da olsa, stadionda görə biləcəyik. 

 

- Milli komandanın heyəti bir neçə gün sonra açıqlanacaq. Nəhayət ki, bu dəfə Canni De Byazinin siyahısına düşəcəyinə inanırsan? "Sabah"da kapitanlıq sarğısı daşımağın milliyə düşməyinə kömək ola bilər?
- Millidən həmişə dəvət gözləyirəm. Canni De Byazinin öz oyun üslubu, fəlsəfəsi var. Məni də milliyə dəvət etsə, çox sevinərəm. Gözləyək.

Xəbər xətti