"İlk turda qol vuracağımı düşünmürdüm" - "Qəbələ"nin yeni transferi

11:53 - 17 Avqust 2021

"Qəbələ"nin yeni transferi, Azərbaycan Premyer Liqasının ilk turunda "Neftçi" ilə matçda komandasının qollarından birini vuran İsnik Alimi Sportal.az saytına müsahibə verib:

 

- Çempionatın ilk oyununda "Qəbələ" bir xalı qazanmağa nail oldu, özü də son çempiona qarşı. Hesab 1:2 olanda da ən azından bir xal qazanacağınıza inanırdın?
- Matçın çox çətin keçdiyini deməliyəm. Həqiqətən də "Neftçi" güclü komandadı, çempiondu, keyfiyyətli və səviyyəli komandadı. Biz öz futbolumuzu və gücümüzü göstərə bildik. Çox yaxşı oynadıq. Qol vurmaq üçün çox epizod yaratdıq. Sonda isə ədalətli nəticə oldu. Hesab 1:2 olanda, məğlubiyyətə layiq olmadığımızı düşünürdüm. Çünki meydanda göstərdiyimiz futbolla daha çoxuna layiq idik. 

 

- Azərbaycan çempionu barədə ümumi fikrin necədi? "Neftçi"ni bəyəndin?
- Bayaq da dediyim kimi, "Neftçi" güclü və səviyyəli futbolçulara malik, səviyyəli komandadı. "Neftçi"ni tanıyırdım. Çünki Avropada da çıxış edirdilər. "Neftçi"ni bəyəndim, əla klubdu. 

 

- Qol hesabını elə ilk turdaca, penalti zərbəsini yerinə yetirərək açdın. Halbuki Rövlan Muradov və Ülvi Isgəndərov penaltini yerinə yetirmək istəyirdi..
- Qol vurduğuma görə şadam. Amma ilk turda qol vuracağımı düşünmürdüm. Vacib olan odur ki, komandama kömək edirəm. Vurduğum qol isə daha yaxşı işlər görməyim üçün özüməinamı daha da artırır.

 

- Növbəti turda evdə "Keşlə"yə qarşı oynayacaqsınız. Onları məğlub edə biləcəksiz?
- Bu gündən "Keşlə" oyunun hazırlıqlarına başlayacağıq. Həftəboyu yaxşı işləməliyik ki, oyundan-oyuna daha yaxşı duruma gələk. "Keşlə"yə qarşı matç asan olmayacaq, çətin görüş keçəcək. Lakin biz evdə oynayırıq. Yeni mövsüm öz azarkeşlərimiz qarşısında, doğma meydanda ilk qələbəmizi qazanmaq niyyətindəyik. 

 

- Azərbaycan çempionatında diqqətini çəkən, sənə maraqlə gələn nə oldu? Son olaraq Xorvatiyada oynamışdın. Azərbaycan çempionatı Xorvatiya liqasından çox geri qalır?
- Hər ikisi yaxşı liqadı, hər hansı biri arasında seçim etmək istəməzdim. Amma Azərbaycan çempionatının ilk turu belə, mənim xoşuma gəldi, oyunun səviyyəsi, ritmi, keyfiyyəti. Ümid edirəm ki, bu cür də davam edəcək. 

 

- "Qəbələ"də daim oynayacağın təqdirdə Şimali Makedoniya millisinə dəvət olunmaq şansın yarana bilər?
- Hazırda yalnız daha çox çalışıb, bütün gücümü "Qəbələ" üçün vermək haqda düşünürəm. İstəyirəm ki, oyunlarımızı qələbə ilə başa vuraraq, məqsədimizə çataq. Məni ilk düşündürən məsələ budu. Bundan sonra hər şey daha yaxşı olacaq.

Xəbər xətti