Bu yay "Keşlə"dən "Ankara Keçiörəngücü"nə keçən və ötən həftə Türkiyə birinci divizionunda debüt edən Vüsal Isgəndərli Sportal.az saytına açıqlama verib.
"Altınordu"ya qarşı matçda əsas heyətdə meydana çıxan Isgəndərli birinci diviziondakı debütündən söz açıb:
"Debütüm yaxşı alındı. Kaş qol da vurardım. Ancaq alınmadı, buna da şükür, xeyirlisi. İnanıram ki, burada çox yaxşı işlər görəcəm. Ölkəyə ən gec vaxtda qayıtmaq, xaricdə daha uğurlu olmaq istəyirəm".
Vüsal millidən komanda yoldaşı, "Bursaspor"a keçən Namik Ələskərov haqda danışıb. Onlar 11-ci turda üz-üzə gələcəklər. İsgəndərli həmin oyunun maraqlı alınacağını deyib:
"Namiq həm yaxşı dost, həm də yaxşı futbolçudu. Ona qarşı oynamaq çox maraqlıdı. Əminəm ki, "Keçiörəngücü" - "Bursaspor" matçına Azərbaycanda maraq çox olacaq. Allah qoysa, heyətdəki yerimizi möhkəmləndirib, həmin oyunda qarşı-qarşıya gəlib, 90 dəqiqə oynayarıq. Çox istəyərdim ki, həm özüm qol vurum, həm də Namiq. Amma qalib gələn "Keçiörəngücü" olsun.
Sonda isə Vüsal milli komandaya yenidən dəvət olunmaq istədiyini etiraf edib:
"Bütün fikrimi klubumdakı çıxışıma yönəltmişəm. Amma milli komandaya da dəvət almaq istəyirəm. Allah qoysa, növbəti toplanışa dəvət edilərəm. Çünki, bu toplanışa dəvət almaq mənim üçün çox önəmlidi".
saytlarin hazirlanmasi