Karyerasını Maldiv adalarının "TC Sport" klubunda davam etdirən azərbaycanlı qapıçı Elməddin Məmmədov Sportal.az saytına açıqlama verib.
Hazırda paytaxtımızda olan qapıçı Maldivə nə vaxt gedəcəyindən danışıb: "Əslində Bakıya 1 həftəlik gəlmişdim, pasportumu dəyişib yenidən Maldivə qayıdacaqdım. Sonradan xəbər etdilər ki, çempionat yarımçıq dayandırıldı, ölkədə qapanma başladı. Üç ay əvvəl gəlmişəm Bakıya, fərdi məşq edirəm. Sentyabrın sonu qayıdacam Maldivə. Bu yaxınlarda əlaqə saxladılar mənimlə, borcları qalmışdı, böyük hissəsini ödədilər. Komanda yoldaşlarımla, məşqçilərimlə danışıram. Müqaviləm ola-ola klubumdan ayrılmaq istəyirdim. Çünki Maldivin başqa klubuna keçmək haqda düşünürdüm. Amma icazə vermədilər. Ona görə də rəhbərliklə münasibətim o qədər də yaxşı deyil".
Maldivə getməmişdəm əvvəl də Moldova, Qırğızıstan, Gürcüstan və Maltada da legioner həyatı yaşamış Məmmədov hazırda məxsus olduğu kluba transferindən söz açıb. Bununla yanaşı Maldiv adalarında yaşamağın çətinliklərindən danışıb:
"Maldivə gedişim təsadüfən, gözləmədiyim anda alınmışdı. Əslində Maldivə getməsəydim klub tapa bilməyəcəkdim. Həm maddi, həm də qapıçı kimi, təcrübə anlamında mənə xeyir verdi. Şəraitin super olduğunu deməzdim. Dövlət futbola yeni-yeni sərmayə qoyur, yeni stadionlar inşa edilir. Yaşayış olan hər adada komanda olacaq. Hətta 3-cü və 4-cü divizion yaradılır. Hamı düşünə bilər ki, Maldiv adalarında oynamağımla bağlı bəxtim gətirib. Bura istirahət zonasıdı. Amma adada yaşamaq çox çətindi. Ailə və dostlardan uzaq olursan. Bir az da şəriət ölkəsi olduğu üçün digər legionerlərə orada yaşamaq daha çətindi. Amma Maldivdə təhlükəli heç nə yoxdu. Sadəcə motosikllər çoxdu, onlar adamı bezdirir. Çünki dar küçələrdə onları şütüməsi təhlükəlidi, başqa heç nə. Mən də məşqə gedib, evə gəlirəm. Arada-bir dostlarımla hansısa restorana gedirik, ailəmlə tez-tez danışıram, kinoya baxıram, yemək bişirirəm. Şükür Allaha hər şey yaxşıdı və hər şeydən razıyam".
saytlarin hazirlanmasi