“Qəbələ”nin braziliyalı yeni transferi Ruan Renato Sportal.az saytına müsahibə verib:
- Ötən həftə Azərbaycan Premyer Liqasında debüt etdin. Atmosfer, oyunun səviyyəsi necə idi?
- “Qəbələ”nin heyətində debüt etdiyimə görə şadam. Gözləntilər yüksək idi. Bu mənada, ölkə çempionuna qarşı oyunda yaxşı oyun nümayiş etdirib, səfərdə vacib xal qazandıq.
- “Neftçi”dən 1 xalı almağı bacardınız. Halbuki bu komanda son çempiondu. Həm matç, həm də “Neftçi” haqda hansı fikirdəsən?
- Komandamız çox yaxşı görünürdü. Hər zaman qələbə haqda düşünürük. Nəzərə alsaq ki, “Neftçi”yə qarşı oyun, bu mövsümün debüt oyunu idi, yaxşı oyun oynadığımızı düşünmək olar. Mövsümün gedişində komandamızın daha da inkişaf edəcəyini düşünürəm.
- Artıq çempionatın səviyyəsini də gördün. Necə düşünürsən, Azərbaycan çempionatında çətinlik çəkmədən oynaya biləcəksən?
- Komandaya gələndən məşqlərdə və ötən həftə oynadığımız oyundan gördüyüm odur ki, Azərbaycanda əla oyunçular var. Öz potensialıma inanıram, ümidvaram ki, əla mövsüm keçirib, tək fərdi yox, həm də “Qəbələ”də kollektiv şəkildə qarşımıza qoyulan məqsədimizə çatarıq.
- “Qəbələ”nin heyətilə tanışsan. Səncə, komanda hazırki heyətlə bu mövsüm hansı nəticəni göstərə biləcək?
- “Qəbələ”də keçirdiyim qısa müddətdə komanda haqda xoş təəssüratım var və yaxşı potensialımızın olduğunu düşünürəm. Bu da bizə 2021/2022 mövsümünü əla keçirməyə inam verir. Amma biz oyundan-oyuna artırmalı, həm fərdi, həm də kollektiv şəkildə inkişaf etməliyik.
- Növbəti turda “Keşlə” ilə oynayacaqsınız. Ev oyununda rəqibə qalib gələ biləcəksiz?
- Evdə hər zaman 3 xal qazanmalıyıq. “Keşlə”nin ciddi rəqib olduğunu da bilirik, onlara hörmətlə yanaşırıq. Amma öz tempimizi tutub, bu oyuna qələbə üçün çıxacağıq.
- Yeri gəlmişkən, Qəbələnin Bakıdan uzaq olsa da, yalnız oyunöncəsi ora gedirsiniz. Sənin üçün hər hansı problem yaratmırki?
- Bu problem olmayacaq. Hara gediriksə, gedək biz Qəbələni təmsil etməliyik. Öz azarkeşlərimiz qarşısında ilk qələbəmizi qazanacağımıza inanıram.
- Əvvəllər daha çox olsa da, indinin özündə də Azərbaycanda braziliyalı oyunçular çıxış edir. Onlardan hansını tanıyırsan və kiminlə münasibətin var?
- Azərbaycanda oynamış braziliyalılardan heç kimlə komanda yoldaşı olmamışam. İndi Rafael Alemao ilə münasibətim var. Amma onunla münasibətim çoxdan idi. “Neftçi”də oynamış Keysuke Honda ilə “Botofaqo”da birlikdə çıxış etmişik.
- Braziliya və Azərbaycan çempionlatını müqayisə etsək, ortaya böyük fərq çıxacaq?
- Məncə, burada məsələ fərdi olaraq futbolçularla bağlıdı. Braziliya futbol ölkəsidi, bütün uşaqlar futbolçu olmaq arzusundadı ki, ailələri də buna dəstək verib. Hələ ki, Azərbaycanda yeniyəm. Əminəm ki, burada çempionat daha yaxşı təşkil olunub. Braziliyada oyundan dərhal sonra yeni oyun gəlir və belədə, səviyyə aşağı düşür. Çünki istirahətə vaxt qalmır. Braziliya böyük ölkədi, rəqib meydanına yollanmaq üçün uzun yol qət etməlisən. Buna görə də məşq və istirahət üçün çox az vaxt olur.
- Əvvəllər Avropada legioner həyatı yaşamışdın. Avstriyaya yollanan vaxtı legioner həyatına daha hazır idin, yoxsa indi daha hazırsan legioner olmağa?
- İndi özümü daha hazır hiss edirəm. Avstriyaya yollandığım vaxtda problemlərim var idi. Mövsümün əvvəlində yaşadım həmin problemi və bu mənə mane oldu. Amma əminəm ki, “Qəbələ”də əla mövsüm keçirəcəm, baş məşqçinin, komanda yoldaşlarımın və azarkeşlərin etimadını qazanmağa çalışacam. Bu mövsümün “Qəbələ” tarixinə keçməsini istəyirəm. Bunu etmək üçün məşqçilər korpusu və oyunçu kollektivinə inanıram. Şənbə günü azarkeşlərimizin stadiona gələrək, bizə əla dəstək verəcəyinə inanıram. Söz verirəm ki, iradə və əzm çatışmazlığı olmayacaq.
saytlarin hazirlanmasi