"Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov Sportal.az saytına müsahibə verib.
- Hazırda nə işlə məşğul olursuz?
- PRO kateqoriyası kurslarımız davam edir. 3 modulu keçmişik. Hazırda ən çox təhlillər edirik. Avropa çempionatında olan bütün oyunları hərtərəfli təhlil etmişik. Ayın 29-u 4-cü modul başlayır. Bu modul sırf fiziki hazırlıqla bağlıdı. Onunla bərabər başqa tapşırıqlar da verilir. Biz heç vaxt boş qalmırıq. Boş olduğumuz zaman xüsusi tapşırıqlar verilir. Məsələn Çempionlar Liqasının hansısa oyununu təhlil etmək tapşırılır. Bizə qrafiklər verilir. O qrafikə uyğun olaraq məşqlərimiz izlənilir. Bütün kurs iştirakçılarının məşqləri yoxlanılır.
- Türkiyənin "Antalyaspor" klubuna getməyinizin səbəbi nə idi?
- Bir az vaxtım oldu, onda da kurs rəhbərlərindən icazə alıb "Antalyaspor"da Ərsun Yanalın məşqlərini gedib izlədim. Həmin vaxt "Antalyaspor" təlim-məşq toplanışında idi. 4 yoxlama oyunu keçirdilər. Bu oyunların hazırlığı, taktiki plan və oyunlarda bu taktiki planların həyata keçirilməsini izlədim. Bununla yanaşı Ərsun Yanalla xüsusi danışıqlarımız olurdu. Onunla fikir mübadiləsi aparırdım, o, öz təcrübəsindən mənə danışırdı. 10 gün komandanın içində yaşadım. Məşqlərdə bir yerdə olurduq, bir yerdə yemək yeyirdik. Oyundan əvvəl təhlillərdə, tapşırıqlarda iştirak edirdim.
- PRO kateqoriyasını nə vaxt alacaqsız?
- PRO kateqoriyasını almaq üçün 12 modul keçməliyik. Növbəti ilin may-iyun aylarında imtahanlar olacaq. Əslində hər zaman imtahandı. Bir modulu verə bilməsən, növbətiyə buraxılmırsan. Əsas imtahana buraxılmaq üçün 12 modulun hamısını yaxşı keçmək lazımdı.
- "Neftçi"dən ayrılandan sonra başqa klublardan təkliflər almısız?
- "Neftçi"dən ayrılandan 3 gün sonra İrandan təklif almışdım. Sadəcə həmin vaxt xarici məşqçi İran liqasında işləyə bilməzdi. Mənə təklif etdilər ki, səni idman direktoru kimi rəsmiləşdirək, amma ehtiyat oyunçular skamyasında durmayacaqsan. Təki gəl, bizimlə işlə. Mən buna razılıq vermədim.
- Niyə?
- Çünki, elə işləmək istəmirdim. Məşqçi hər zaman komandanın başında olmalıdı.
- Başqa təklif olub?
- Ondan sonra mənə İran liqasından rəsmi təklif gəlib. Həmin təklif hazırda mənim diqqətimdədi.
- Hansı komanda olduğunu bilmək olar?
- Komandanın adını açıqlamaq istəmirəm. 1-ci liqa komandası idi, Təbrizi təmsil edir. Təklif gələn zaman komanda 2-ci yerdə idi və əsas liqaya çıxmağa namizəd idi. Həmin komanda sonra 3-cü pilləyə düşdü və əsas liqaya çıxa bilmədi. Yenə də mənim gəlməyimi istəyirlər. Amma hədəfim PRO kateqoriyası alıb daha yüksək yerlərdə işləməkdi. Menecerin hazırda İran yüksək liqası komandaları ilə danışıq aparır. O, mənə dedi ki, yüksək liqa klublarından təklif almasaq, 1-ci liqada hansısa klubla müqavilə imzalayacağıq. Menecerdən xəbər gözləyirəm.
- Keçmiş komandanız olan "Neftçi"nin avrokuboklarda çıxışını necə dəyərləndirirsiz?
- "Neftçi" haqda çox danışmaq istəmirəm. Avrokuboklarda çıxış edən bütün komandalarımıza uğurlar arzulayıram. "Neftçi"nin rəqibi güclüdü. Ümid edirəm qələbə qazanıb Konfrans Liqasının qrup mərhələsinə düşərlər.
saytlarin hazirlanmasi