Sabiq "Xəzər Lənkəran"lı: "Meydana daxil olanda 0:6 hesabı ilə uduzurduq, məni nəyə görə oyuna buraxdıqlarını bilmirəm" - MÜSAHİBƏ

16:45 - 18 Avqust 2021

Sabah "Makkabi"(Hayfa) növbəti dəfə avrokuboklarda Azərbaycanda meydana çıxacaq. İsraillilər son dəfə 2013-cü ildə "Xəzər Lənkəran"la matça meydana çıxmış və Lənkərandan 8:0 hesablı qələbə ilə ayrılmışdı. Həmin oyunun iştirakçılarından olan "Xəzər Lənkəran"n sabiq üzvü Alvaro Silva Sportal.az saytına müsahibə verib. İspanəsilli filippinli futbolçu həm həmin görüşü xatırlayıb, həm də "Neftçi"nin "Makkabi"yə qarşı sabah keçirəcəyi oyundan danışıb:

- Son dəfə Taylandda "Pathum" klubundaydın. Karyeranı başa vurdun, yoxsa hələ tezdi?
- Hələ ki, qərarımı verməmişəm. Bilmirəm karyeramı bitirəcəm yoxsa, yox. Karyeramı başa vursam da, növbəti işim də, məşğuliyyətim də futbolla bağlı olacaq.

- Azərbaycan çempionatı sənin üçün maraqlı gəlir, yoxsa heç baxmırsan?
- Azərbaycan çempionatını daima izləyirəm. Çünki oynadığım liqalarla maraqlanmağı sevirəm. "Neftçi" və "Qarabağ" digər komandalardan fərqlənir. 

- "Xəzər Lənkəran" karyeranı necə xatırlayırsan? Ispaniyadan, "Xerez" kimi komandadan "Xəzər Lənkəran"a gəlmişdin...
- "Xəzər Lənkəran"la bağlı yaxşı xatirələrim var. Daima ağlıma kubokun final matçı gəlir. Hansı ki, finalda penaltilərlə "Neftçi"yə uduzmuşduq. "Neftçi"ni superkunokun finalında udduğumuz görüşü də yaxşı xatırlayıram.


- "Xəzər Lənkəran" tarixinin ən acı məğlubiyyətlərindən biri "Makkabi"yə qarşı olub. 0:8 hesabı ilə uduzduğunuz oyunu necə xatırlayırsan?
- Əslində həmin həftə mənim üçün çox önəmli həftə idi. Çünki həmin həftə oğlum dünyaya gəlmişdi. Yadımdadı, İspaniyadaydım, "Makkabi" ilə oyun günü, səhər Lənkərana qayıtmışdım. Meydana ikinci yarıda daxil olmuşdum. Hansı ki, 0:6 hesabı ilə uduzurduq. Amma nəyə görə məni meydana buraxdıqlarını bilmirəm. Həqiqətən də utanacağım hesab idi. Çünki peşəkar futbolçu karyeram ərzində bu cür hesab olmamışdı.

- Matçdan sonra Con Toşakın getməsi üçün futbolçuların bilərəkdən oynamadığı, qəsdən uduzmaq istədiyini deyənlər az deyildi. Belə bir şey var idi?
- Toşakın getməsi üçün qəsdən uduzulmuşdu? Xeyr, bunun doğru olduğunu düşünmürəm. Çünki matçın ilk dəqiqələrini xatırlayıram, bizim qol vurmaq üçün yaxşı imkanlarımız olmuşdu. Sadəcə "Makkabi" ilk qolu vurandan sonra komandamız "dağıldı".

- Hazırda "Xəzər Lənkəran" çempionatlarda iştirak etmir. Səncə, onların fəaliyyətini  dayandırmasına nələr səbəb oldu?
- "Xəzər Lənkəran"ın başına belə hadisə gəlməsi üzücüdü. Klub sahiblərinin komandanı tərk etməklərini, baş verənləri heç vaxt başa düşmədim. Düşünürəm ki, bu maliyyə problemlərindən qaynaqlanırdı, amma bir çox komandanın etdiyi kimi daha aşağı büdcə ilə davam etmək üçün nəsə edə bilərdilər. İşlərin yaxşı getmədiyi isə aydın idi.

- Sabah "Makkabi" yenidən ölkəmizdə meydana çıxacaq, bu dəfə vaxtilə "Xəzər Lənkəran"ın əzəli rəqibi olan "Neftçi"yə qarşı oynayacaq. Səncə, bu oyun necə olacaq?
- "Neftçi"nin təcrübəli oyunçulardan ibarət yaxşı komandası var. Amma dəqiq olan odur ki, "Neftçi" 2-3 yeni oyunçu dəvət etməlidi. Ki, keyfiyyəti yüksəltsinlər, "Neftçi"nin qələbə üçün variantı çox olsun.

Xəbər xətti