"Hücumda bir futbolçunun ümidinə qalmısansa, bu, məşqçilər korpusunun səhlənkarlığıdı" MÜSAHİBƏ

12:08 - 19 Avqust 2021

"Neftçi"nin keçmiş baş məşqçisi Tərlan Əhmədov Sportal.az saytına müsahibə verib:

 

"Neftçi" Konfrans Liqasının pley-off mərhələsində "Makkabi" ilə qarşılaşacaq. Bu oyundan hansı nəticəni gözləyirsiz?

- Hamı kimi biz də istəyirik ki, komandamız qrup mərhələsinə vəsiqə qazansın. Amma "Neftçi"nin bu vaxta kimi göstərdiyi oyunlar deyir ki, böyük nəticə gözləmək bir az çətindi. Hər zaman demişəm, "Neftçi"nin müdafiəsi bərbad haldadı. Komandanın hücum xəttində də problem var. Orta xətt isə demək olar ki, qaydasındadı. "Neftçi"nin həm avrokuboklarda, həm də "Qəbələ" ilə çempionat oyununda gördük ki, müdafiədə həddən artıq problem var. Bu da komandanın oyununa təsir edir. Müdafiədəki boşluqlar hücumda da olan problemləri qabarıq şəkildə göstərir. Müdafiə nə qədər etibarlı olsa, komandanın oyununda da o qədər irəliləyiş olur. 

 

- "Neftçi"nin yeni transferlərini necə dəyərləndirirsiz?

- Yeni transferlər hələ komandanın oyununa tam uyğunlaşa bilmirlər. "Neftçi" bircə Tiflis "Dinamo"suna qalib gəlib. "Olimpiakos"a da, HİK-ə də məğlub olub. Çempionatın ilk oyununda da büdcə baxımından yerlə göy qədər fərq olan "Qəbələ" ilə heç-heçə etdilər. Yeni oyunçular komandanın oyun sisteminə, taktikasına uyğunlaşmayıblar. Hər halda Sezar Meza Kolli Azərbaycan futbolunun mətbəxinə tam bələddi. Oyun qurmaq bacarığı var, topla yaxşı davranır. Oyunun taleyini təkbaşına həll etmək keyfiyyəti var. Amma hələ onun performansını "Neftçi"də görməmişik. Bəlkə də taktiki cəhətdən nəsə düz getmir. Bu, mənim subyektiv fikrimdi. Yeni gələn futbolçuların komandaya heç bir xeyri dəyməyib.


- Samir Abasov HİK-lə oyundan sonra bildirdi ki, Namik Ələskərovun gedişi bizə çox pis təsir etdi. Sizin bu fikrə münasibətiniz necədi?

- Əgər "Neftçi" kimi klub bir oyunçunun ümidinə qalırsa, bu, özü böyük problemdi. Ötən mövsümün gedişatında bilirdik ki, komandanın hücum xətti güclənməlidi. Əhməd Əhmədovu transfer etmişdilər, o da komandaya uyğunlaşa bilmədi. Hamı düşünürdü ki, "Neftçi" çempion olandan sonra bu problemlər aradan qaldırılacaq. Təəssüf ki, bu problem öz həllini tapmadı. Düzdü, futbolçu tapmaq çətindi. Amma inanmıram ki, çempion olan komanda normal məbləğə yaxşı oyunçu gətirə bilməsin. Samir Abasov hər dəfə müsahibələrində deyirdi ki, hücumçumuz yoxdu. Bəlkə də Namikə o təsir edib. Namik Ələskərovun gedişi Azərbaycan futbolunun xeyrinədi. "Neftçi" qapıçı transfer edə bilmirsə, müdafiəni gücləndirə bilmirsə, hücumçu tapa bilmirsə, buna görə bir oyunçunu günahlandırmaq düzgün deyil. Namik "Olimpiakos"la oyunda ağır zədə almışdı. Bu zədə uzunmüddətli olsaydı, onda necə olacaqdı? Ehtiyatda ikinci hücumçu olmalıdı. Hər mövqedə bir neçə futbolçu olmalıdı. Hücumda bir futbolçunun ümidinə qalmısansa, bu, məşqçilər korpusunun səhlənkarlığı və düşünülməmiş addımıdı.


-"Neftçi" "Makkabi" səddini keçə bilər?

- Hər şey komandanın oyunundan asılıdı. Biz bilirik ki, "Makkabi" yaxşı komandadı. Amma heç kəs deyə bilməz ki, "Neftçi" bu oyunda məğlub olacaq. Hər şey komandanın öz əlindədi. Şanslar bərabərdi. HİK-lə oyunda da şansları bərabər görürdük. Əvvəlki matçlarda buraxılan səhvlər yenə təkrarlanacaqsa, yaxşı nəticə gözləməyə dəyməz. Oynayıb mərhələ adlamaq olar. Bunun üçün istək, motivasiya lazımdı.


- "Qarabağ"ın "Aberdin"lə oyunundan nə gözləyirsiz?

- Hər iki klubumuzdan gözləntimiz qrup mərhələsinə çıxmaqdı. Amma asan oyun olmayacaq. Biz bilirik ki, "Aberdin" atletik futbola üstünlük verir. İkinci mərtəbədə, standart vəziyyətlərdə yaxşıdılar. Biz "Qarabağ"ın da oyun fəlsəfəsini bilirik. Daha çox topla oynamağı xoşlayırlar. Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün bərbad halda olması "Qarabağ" üçün problem yaradacaq. Amma oyun baxımından götürsək, komandanın oturuşmuş heyətinə baxanda Ağdam təmsilçisi qalib gəlmək gücünə malikdi. "Qarabağ"ın Avropa təcrübəsi daha çoxdu. Təmsilçimiz o təcrübədən istifadə edib nəyəsə nail olmaq gücünə sahibdi.

Xəbər xətti