"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin "Aberdin"lə oyunlardan əvvəl heyətini daha bir legionerlə gücləndirdi. Ağdam təmsilçisinin bu dəfəki transferi seneqallı İbrahima Vadji oldu. Ölkəsinin “Mbou Petite” klubundan ayrıldıqdan sonra Avropada legioner həyatı yaşamağa yollanan forvad 2015/2016 mövsümündə "Qaziantep BB"də oynamağa başlayıb. Vadji üçün Azərbaycan legioner həyatını yaşacağı üçüncü fərqli ölkə olacaq.
Türkiyə və Azərbaycandan savayı, seneqallı uzun müddət Norveçdə çıxış edib. Vadjinin indiyə qədər oynadığı komandalarda həm ulduzlar da olub, bizə tanış simalar da. Ancaq daha çox Azərbaycan futboluna tanış simalar olduğunu desək, yanılmarıq.
2015/2016 mövsümündən Türkiyə birinci divizionunda çıxış etməyə başlayan Vadji Qaziantep klubunda bizə tanış olan simalarla birlikdə çıxış edib. Onun komanda yoldaşları arasında Azərbaycan millisinin formasını geyinmiş Ufuk Budak və U-21 yığmamızda oynamış Umut Sönməzin adını görmək mümkündü. Bir mövsüm sonra isə “Qarabağ”ın yeni forvardı vaxtilə “Zirə”də adından söz etdirməyi bacarmış Nelson Bonilya ilə çiyin-çiyinə oynayıb. Elə həmin mövsüm onun komanda yoldaşlarından biri də sabiq “Qəbələ”li Ekiqo Ehiosun olub.
Vadjinin indiyə qədər birlikdə çıxış etdiyi əsas və yeganə ulduz futbolçu isə Erlinq Holanddır. Türkiyədən ayrıldıqdan sonra “Mölde”yə keçən 26 yaşlı hücumçu Holanda Norveç klubunun uğurları üçün çalışıb. Yeri gəlmişkən, həmin dönəmdə Vadji hazırda “Mançester Yunayted”in baş məşqçisi olan Ole Qunnar Sulşerin rəhbərliyi altında çıxış edib.