I Divizionda mübarizə aparan "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Rafael Əmirbəyov Sportal.az saytına müsahibə verib:
- Komandanızın yeni mövsümə hazırlığı necə gedir?
- Məşqlərimiz iyun ayının 20-dən başlayıb. Məqsədimiz bəzi tanımadığımız futbolçuları daha yaxından tanımaq, seleksiya aparmaq idi. Bu məşqlər iyun ayının sonuna kimi davam etdi. Sonra isə 6 iyul tarixindən tam kollektivlə məşqlərə başladıq. İndi də hazırlığımız davam edir.
- Ötən mövsümlə müqayisədə heyətinizdə hansı dəyişikliklər var?
- Heyətimiz hələ tam deyil. Bəzi mövqelər var ki, gücləndirməliyik. Keçən illə müqayisədə bəzi oyunçularla yollarımızı ayırdıq, bir neçə yeni futbolçu dəvət etdik. Ötən mövsümlə müqayisədə büdcəmizdə dəyişiklik var. Büdcəyə uyğun hərəkət etməyə məcburuq.
- Son mövsümü 8-ci pillədə başa vurduz. Növbəti mövsüm üçün hədəfiniz nədi?
- Əgər büdcəmizdə azalma olmasaydı, daha yuxarı yerlər uğrunda mübarizə aparardıq. Amma biz özümüz də iddialı məşqçilərik. Ən azı döyüşkən, möhkəm, saf komanda yaratmaq istəyirik. Gənc oyunçuları yetişdirmək, milli komandalarımıza lazımi səviyyədə dəstək olmaq istəyirik.
- Klub rəhbərliyi baş məşqçi olaraq qarşınıza hansı məqsədi qoyub?
- Rəhbərlik bizim qarşımıza yaxşı nizam-intizamlı, döyüşkən komanda yartamaq və milli komandalar üçün oyunçular yetişdirmək məqsədi qoyub.
saytlarin hazirlanmasi